SiyasətEnerjiMövqeBloq
İqtisadiyyatElm və TəhsilMədəniyyət"Rəsm"i mövqe
Bloq
noyabr13
Avropa İttifaqının təhlükəsizlik konsepsiyasında Cənubi Qafqazın yeri 13 Noyabr 2013 | 18:53
A
A
print
Baxılıb: 1207

Giriş

Dəyişən dünyada təhlükəsizlik konsepsiyası da yeni şəkil alır. Kopenhagen məktəbi, xüsusilə, Barri Buzan bu konsepsiyanı genişləndirərək onu siyasi, iqtisadi, ictimai və ətraf mühit qollarına ayırmışdır[1]. Buzanın fikrincə, fövqəlmilli qurumlar digər maraqların keşiyində durmaqla yanaşı, həm də “təhlükəsizlik kompleksi”ni təşkil edirlər. Bu, milli təhlükəsizlik məsələlərinin bir-biri ilə sıx bağlı olan ölkələr qrupunu təsvir etmək üçün nəzərdə tutulmuş bir anlayışdır. Bu bağlılıq o qədər əhəmiyyətlidir ki, təhlükəsizlik məsələləri ayrı-ayrılıqda nə təhlil, nə də həll oluna bilməz[2]. Milli təhlükəsizlik məsələləri Avropa İttifaqına ötürülmüş siyasət sahələrinə daxil olmasa da, yuxarıda deyilənləri nəzərə alıb, yaxın qonşuluqla sıx əməkdaşlıq cəhdlərində təhlükəsizlik maraqlarını aşkar etmək mümkündür. Cənubi Qafqazla bağlı ağıla gələn ilk faktor enerji təhlükəsizliyi olsa da, digər təhlükəsizlik məsələlərinin də rolu az deyil.

Coğrafi yaxınlıqdan doğan narahatlıq

Son genişlənmələrin nəticəsində İttifaqın sərhədləri keçmiş kommunist blokunun qeyri-sabit zonalarına toxunmağa başladı. Bu səbəbdən də, İttifaq öz əhatəsinin təhlükəsizliyi barəsində daha çox düşünür. Avropa Təhlükəsizlik Strategiyasında açıq şəkildə bildirilir ki, “Avropanın hüdudlarında zorakı münaqişələrə cəlb olunmuş qonşular, mütəşəkkil cinayətkarlığın yayıldığı zəif dövlətlər, cəmiyyətlər və ya hədsiz demoqrafik artım onun özü üçün də problem hesab olunur[3]”. Odur ki, Aİ nəinki öz daxilində, həm də öz ətrafında təhlükəsiz məkan yaratmağa çalışır. 2002-ci Kopenhagen Şurası Avropa İttifaqının 2004-cü il üçün nəzərdə tutulmuş genişlənmə ilə bağlı yekun bəyanatında bildirmişdi: “Genişlənmə Avropa inteqrasiyasına yeni dinamika verəcək. Bu, qonşu ölkələrlə əlaqələrin ortaq siyasi və iqtisadi dəyərlər üzərində genişləndirilməsi üçün önəmli imkandır. İttifaq Avropada yeni demarkasiya xətlərinin yaranmasının qarşısını almaqda və İttifaqın yeni sərhədləri daxilində, eləcə də ondan kənarda stabillik və tərəqqiyə nail olmaqda qərarlıdır[4]”.

İnstitutlaşmış Avropanın sərhədləri xaricində stabillik yaratmaq cəhdinin bariz nümunəsi Qonşuluq Siyasətidir. Qonşuluq Siyasətinə cəlb olunmuş ölkələrin düzülüşünə nəzər yetirərkən onların Aİ ətrafında xarici aypara təşkil etdikləri aydın görünür. Geosiyasi nöqteyi-nəzərdən İttifaqın şərqi, o cümlədən də Cənubi Qafqaz onun üçün “həyati əhəmiyyət kəsb edən zona”dır (coğrafi və normativ tərəfləri olan “həyati əhəmiyyət kəsb edən zona” anlayışı “həyati maraqlar zonası” konsepsiyası ilə qarışdırılmamalıdır[5]). Təsadüfi deyil ki, bu regionun ölkələri ilə bağlanmış assosiasiya müqavilələrinin fəsilləri arasında enerji, ətraf mühit, iqtisadi və demoqrafik təhlükəsizliyə aid maddələrə rast gəlinir.

Cənubi Qafqazın nəzəri rolu

Bəzi müəlliflərin fikrincə, Avropa İttifaqının qonşuları, o cümlədən də Cənubi Qafqaz qeyri-stabil dünya ilə Avropa arasında sanitar kordon rolunu oynamalıdır. Onlardan gözlənilən şey “İttifaqla əməkdaşlıq edərək hər növ qeyri-qanuni miqrasiyanın və dövriyyənin filtrasiyasında, həmçinin məhdudlaşdırılmasında iştirak etməkdir”[6]. Avropalılar anlayırlar ki, periferiyanın stabilliyini və iqtisadi inkişafını təmin etmədən axınlara nəzarət etmək hədsiz dərəcədə çətindir. Qeyri-qanuni immiqrasiya ilə öz paytaxtında oturaraq mübarizə aparmaq bahalı və səmərəsizdir. Odur ki, Aİ-nın üzv dövlətləri üçüncü dünya ölkələrinin hesabına öz kollektiv məsuliyyətlərindən qismən də olsa, yaxa qurtarmağa çalışır[7].

Cənubi Qafqaz əsas miqrasiya xətlərinin üzərində yerləşməsə belə, Ermənistan və Gürcüstandan Avropaya üz tutanların sayı durmadan artır[8]. Bundan əlavə, narkotik qaçaqmalçılığı ilə mübarizə Cənubi Qafqaza bufer zonası kimi baxmağa sövq edir. Təbii ki, dondurulmuş münaqişələr və separatist rejimlərin olduğu bu regionda narkotik qaçaqmalçılığı da dövlət nəzarətindən yan keçə bilir[9]. Bütün bunlara baxmayaraq, Cənubi Qafqaz Avropa nöqteyi-nəzərindən “kosmosu xaosdan ayıran demarkasiya xətti”nin üzərində yerləşir[10].

Avropa İttifaqının şərq cinahındakı xarici siyasətinə digər bir baxış isə “dostlar çevrəsi” konsepsiyası ilə bağlıdır. Terminin özü hər şeyi izah edir. Bəzi müəlliflərin fikrincə, “Aİ yeni demarkasiya xətlərinin yaradılması əvəzinə, əhatəsindəki dost ölkələrlə dərin inteqrasiya siyasəti aparsa, bu addım tərəfdaşlığa və inkişafa aparan siyasi, iqtisadi və mədəni dinamikaları sürətləndirər. Odur ki, növbəti onillikdə Aİ Qonşuluq Siyasəti çərçivəsində əməkdaşlıq və tərəqqi zonasının yaradılmasına çalışmalıdır – bu zona Rusiyadan Mərakeşə qədər olan dostlar çevrəsidir[11]”. Bu konsepsiyanın ən zəif tərəfi ondan ibarətdir ki, “dostlar çevrəsi”ni təşkil edən ölkərin də bir-birilərinə qarşı dost mövqedə olmasını təmin etmək vacib olduğu qədər mürəkkəbdir. 

Yaxın qonşuluğun təhlükəsizlik baxımından oynadığı rolu bir də “konsentrik dairələr” sxemi ilə izah etmək cəhdləri var. Bu sxemin mahiyyəti Aİ-nın nüvəsindən tutmuş onun qonşularınadək müxtəlif inteqrasiya dərəcələri olan ölkə qruplarını fərqləndirməkdən ibarətdir.

Klassik yanaşma, fərqli metod

Avropa İttifaqı təhlükəsizlik baxımından Cənubi Qafqaza maraq göstərən yeganə güc mərkəzi deyil. Lakin o, “məcburetmə qüvvəsi” tətbiq edən ənənəvi böyük güclərdən fərqli olaraq, “əməkdaşlıq qüvvəsi”nin istifadəsinə üstünlük verir. Bu fenomen belə izah olunur ki, bir tərəfdən ona əlində olan vasitələri bunun əksini etməyə imkan vermir, digər tərəfdən isə quruluş etibarı ilə o, inteqrasiya modelidir. Robert Kaqanın bənzətməsinə görə, amerikalılar Marsdan, avropalılar isə Veneradan gəlib. Bu, beynəlxalq arenada avropalıların daha sülhməramlı baxışları ilə bağlıdır[12]. Qonşuluq siyasəti və onun şərq qolu olan Şərq Tərəfdaşlığı Avropanın “əməkdaşlıq qüvvəsi”nin bariz nümunəsidir. Bu təşəbbüslər həm də Avropanın xoşməramlı Monro Doktrinası da adlandırılır[13]. Amerika və Avropa strategiyalarının müqayisəli təhlili zamanı iki şeyi nəzərdən qaçırmaq lazım deyil: “bir tərəfdən Vaşinqtonun ekspertlərinin əsas fəaliyyəti müttəfiq oxları və dayaq nöqtələri üzərində qurulub və bu, regional ittifaqların qurulmasına hesablanmayıb, digər tərəfdən isə ABŞ Avropadan fərqli olaraq, siyasi ahəngliyi olmayan çoxsaylı qısamüddətli təşəbbüslərlə fəaliyyət göstərir[14]”. Avropa İttifaqının məşhur “regional yanaşması”nın məqsədi isə qonşu regionların bərabər səviyyəli inkişafını təmin etməyə nail olmaqdır. Bu yanaşmaya Avropa Təhlükəsizlik Strategiyasında da rast gəlinir.

Nəticə

Cənubi Qafqazın Avropanın təhlükəsizlik sistemində əhəmiyyəti onun coğrafi mövqeyi ilə sıx şəkildə əlaqəlidir. Cənubi Qafqazın bu sistemdə iştirakı müxtəlif sxemlər altında nəzərdən keçirilsə də, sxemlərin hər birinin effektivliyi qarşılıqlı əməkdaşlıqdan asılıdır.

Yalçın Məmmədov

 


[1] Gareth M. Winrow, “Energy Security in the Black Sea – Caspian Region”, Perceptions, Center for Strategic Researches, Ministry of Foreign Affairs of the Republic of Turkey, Payız 2005, s. 87

[2] Thierry Balzacq , « La politique européenne de voisinage, un complexe de sécurité à géométrie variable», Cultures & Conflits, 66, yay 2007  

[3] « Daha yaxşı dünyada təhlükəsiz Avropa : Avropa Təhlükəsizlik Strategyası » Brüssel, 12 dekabr 2003, http://www.consilium.europa.eu/uedocs/cmsUpload/031208ESSIIFR.pdf ; s.7 (baxılıb 5.11.2013)

[4] Sədrliyin yekun sənədi, Kopenhagen, 12-13 dekabr 2002, 15917/02, 22ci paraqraf. http://www.ue.espacejudiciaire.net/docs/986.PDF (baxılıb 5.11.2013)

[5] Michael Emerson, “The wider Europe as the European Union’s friendly Monroe Doctrine EU Neighborhood Policy”, CEPS Policy Brief  N. 27, Oktyabr 2002, s.2

[6] Warwick Armstrong, « Borders in an unequal world », in Warwick Armstrong and James Anderson (eds.), Geopolitics of European Union Enlargement: The Fortress Empire, Routledge, 2007, s. 3

[7] Jelle Van Buuren, « Quand l’Union Européenne s’entoure d’un cordon sanitaire », Le Monde Diplomatique, yanvar 1999, http://www.monde-diplomatique.fr/1999/01/VAN_BUUREN/11579 (baxılıb 10.11.2013)

[8] Asylum Levels and Trends in Industrialized Countries 2012, Statistical overview of asylum applications lodged in Europe and selected non European countries, UNHCR, 2012, http://www.unhcr.org/5149b81e9.html (baxılıb 06.11.2013)

[9] Philippe Chassagne, “Un Carrefour des drogues”, Questions Internationales, N. 37, may-iyun 2009, s.81

[10] Sharon Pardo cf : Pertti Joenniemi, “Carving Out a ‘Ring of Friends’: The Impact of the ENP on the Shape of Europe”, in Warwick Armstrong and James Anderson (eds.), Geopolitics of European Union Enlargement: The Fortress Empire, Routledge, 2007, s. 144

[11] Sharon Pardo, “Europe of many circles: European Neighbourhood Policy” Geopolitics, 9 (3), s.732, (müəllif istinad edir: Xenakis və Chryssochoou; Maresceau və Lannon)

[12]  Robert Kagan, « La Puissance et la faiblesse. Les États-Unis et l’Europe dans le nouvel ordre mondial », Paris, Plon, 2003, s.10 (Con Qreyin psixoloji metaforuna əsaslanan bu bənzətmə Marsın müharibə allahı, Veneranın isə sevgi ilahəsi olmasına işarə vurur)

[13] Michael Emerson, op.cit

[14] Guillaume de Rougé, « Perspectives d’une Politique Etrangère de Sécurité Commune au Sud-Caucase », Dialogues Européens, N. 6, 2006, s.3

ŞƏRHLƏR
Yalçın Məmmədov PhD, Université Libre de Bruxelles Müəllifin profili
DİGƏR YAZILARI
18/11 19:59Fransa-Rusiya: hərbi gəmilərin taleyi necə olsun?12/11 16:28Rusiyaya qarşı sanksiyalar nə qədər effektivdir ?12/09 07:02NATO sammitinə sözardı : Ukrayna üzvlük yolunda22/06 05:03Merkel və Kemeron : nə bir yerdə, nə də ayrı29/05 20:37Avropa seçkilərinə sözardı07/05 14:57Üzrü günahından betər Rusiya15/03 11:25Ukrayna böhranı beynəlxalq nizamı necə poza bilər?03/02 15:38Avropa İttifaqının yeni sınağı: separatçılıq
DİGƏR BLOQQERLƏR
Yalçın MəmmədovPhD, Université Libre de Bruxelles
Faiq AbbasovPhD, University of Sheffield
Elvin QüdrətovPhD, Université de Lorraine
Orxan SəttarovPhD, Freie Universität Berlin
Mohamed SamehAralıq dənizi və Avropa Qonşuluğu institutunun və Brüsseldəki Avro-Ərəb forumunun tətqiqatçısı
Tərlan MəsmalıUniversität des Saarlandes