SiyasətEnerjiMövqeBloq
İqtisadiyyatElm və TəhsilMədəniyyət"Rəsm"i mövqe
Bloq
noyabr20
Avropa İttifaqı-Azərbaycan: Regional, yoxsa fərdi yanaşma? 20 Noyabr 2013 | 17:13
A
A
print
Baxılıb: 766

Avropa Qonşuluq Siyasəti və Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində əməkdaşlıq daha çox ikitərəfli qaydada aparılır və bu, tərəfdaş ölkələrlə qəbul olunmuş fəaliyyət planları əsasında həyata keçirilir. Lakin Avropa Qonşuluq və Tərəfdaşlıq Alətinin Şərq regionu üçün nəzərdə tutulmuş proqramında deyildiyi kimi, bəzi məqsədlərə çatmaqdan ötrü region miqyasında əməkdaşlıq və dəstək vacibdir. Proqramda o da qeyd olunur ki, transmilli nəqliyyat dəhlizlərinin, su hövzələrinin idarə edilməsində, kriminal fenomenlərlə mübarizədə uyğunluq, aşkarlıq və effektivliyi təmin etmək üçün regional əməkdaşlığa ehtiyac var[1].   

Avropa İttifaqı - Azərbaycan münasibətlərinin əsasında duran ilk başlıca sənəd, Tərəfdaşlıq və Əməkdaşlıq Müqaviləsi xarakter etibarı ilə ikitərəflidir. Lakin eyni tipli müqavilələrin imzalandığı ölkələrin coğrafiyasına diqqət yetirdikdə, burada da regional yanaşmanın tətbiq olunduğu qənaətinə gəlmək olar. İlk təşəbbüslər və layihələr də (TACİS, İNOGATE) regional xarakter daşıyırdı. Avropa Parlamenti hesab edir ki, ticarət siyasi sabitliyi, insan hüquqlarını, davamlı inkişafı və tərəqqini təmin etməyə çalışan Aİ-nın qlobal siyasətinin əsas dirəklərindəndir və Avropanın Cənubi Qafqazdakı regional strategiyasında ticarət sazişləri əsasən regional yanaşma çərçivəsində müzakirə edilməlidir.[2]

Avropa İttifaqının özünəməxsus region quruculuğu xüsusiyyəti var. Ümumilikdə, Avropanın periferiyasında “regional əməkdaşlıq əsasən kənardan müəyyən olunan, Avropa İttifaqı tərəfindən idarə edilən və digər iştirakçılar tərəfindən az mənimsənilən bir prosesdir[3]”. Cənubi Qafqazla yanaşı, Qərbi Balkanlar, Aralıq hövzəsi və başqa bölgələrə aid olan ölkələr Avropa İttifaqının yanaşmasında region kimi səciyyələnirlər. Bu effektiv olduğu qədər də, məhdudiyyətləri olan siyasətdir. Regional yanaşma həm də region ölkələrində layihələrə qarşı yadlıq yaradır və onlar Aİ-nın birtərəfli təşəbbüsü kimi görünür.

Cənubi Qafqaza gəlincə isə, onun bir region kimi səciyyələndirilməsi birmənalı qarşılanmır. Subregion kimi onun regional subsistemə çevrilməsi üçün tələb olunan şərtlər bu günə görə real deyil. Sosial uyğunluq, iqtisadi uyğunluq, qarşılıqlı asılılıq, kommunikasiya kimi şərtlərin olmaması Cənubi Qafqaz ölkələrinin yalnız coğrafi yaxınlıq baxımından region olduğundan xəbər verir[4]. Odur ki, Azərbaycanın Avropaya inteqrasiya sürətinin Gürcüstan və Ermənistanla eyni olmayacağı da ağlabatandır. Bununla belə, əgər söhbət kommunikasiya və nəqliyyat infrastrukturunun inkişafından, ətraf mühitin qorunmasından, terrorizmlə mübarizəyə yardımdan gedirsə, coğrafi yaxınlıq əsas meyar olaraq götürülə bilər[5].

Bundan əlavə, Aİ münaqişə vəziyyətində olan iki ölkə arasında siyasi assimetriyadan yayınmaq üçün Azərbaycan və Ermənistanla eyni münasibət qurmağa can atır, müqavilə və fəaliyyət planlarının imzalanmasını eyni vaxta salır. Hətta Aİ nümayəndəlikləri belə Bakı ilə İrəvanda eyni vaxtda açılmışdır.

Ölkələr özləri də ikitərəfli münasibətlərin genişlənməsinə üstünlük verirlər. Onsuz da, zaman keçdikcə hər bir ölkənin bacarığı və üstün tutduğu formulaya əsasən münasibətlər də şaxələnir və fərdi xarakter alır. Buna uyğun olaraq, 2011-ci ilin sentyabrında keçirilən Şərq Tərəfdaşlığı zirvə görüşünün ardından qəbul olunmuş yol xəritəsi yeni prinsiplər müəyyənləşdirdi: ümumi razılaşdırma, fərqləndirmə və şərtləndirmə[6]. Tərəfdaş ölkələrdə fərdi yanaşmanın daha bir prinsipi, “çoxa görə çox” prinsipidir. Ölkələr göstərdiyi cəhdlərin əhəmiyyətindən asılı olaraq, Aİ-dan, Avropa İnvestisiya Bankından və digər beynəlxalq maliyyə qurumlarından daha çox dəstək alacaqlar.

Azərbaycan rəsmilərinin fikrincə, artıq Avropa Azərbaycana köhnə qaydada deyil, “strateji tərəfdaş” gözü ilə baxmalıdır[7]. Təbii ki, geostrateji mövqeyinə və iqtisadi şərtlərinin özünəməxsusluğuna görə Azərbaycan Şərq Tərəfdaşlığına daxil olan digər ölkələrdən fərqlənir. Odur ki, Avropadan fərqli yanaşma gözləmək haqlı görünə bilər. Bundan əlavə, region ölkələrindən fərqli olaraq, Azərbaycanın Aİ-dan gözləntiləri də başqadır: Azərbaycan xarici siyasətini müstəsna olaraq Qərb istiqamətində qurmayıb və iqtisadi inkişafına daha sərbəst şəkildə nail ola bilir. İkitərəfli münasibətlərin hansı məcrada inkişaf edəcəyi və hansı status alacağı isə Vilnüs sammitinin nəticələrindən, eləcə də enerji nəqliyyatı layihələri ilə bağlı danışıqlardan asılı olacaq.

Yalçın Məmmədov

 


[1] Avropa Qonşuluq və Tərəfdaşlıq Aləti, Şərq regionu üçün nəzərdə tutulmuş proqram, 2007-2013-cü il strategiya sənədi, http://ec.europa.eu/world/enp/pdf/country/enpi_eastern_rsp_fr.pdf

[2] Avropa İttifaqının Cənubi Qafqaz strategiyasının zəruriliyi haqda Avropa Parlamentinin Qətnaməsi (2009/2216(INI)) (2011/C 161 E/20)

[3] Othon Anastasakis, «Balkan Regional Cooperation: The limits of a regionalism Imposed from outside» in “Regional Cooperation in South East Europe and Beyond” Wolfgang Petritsch, Cristophe Solioz, Nomos, 2008, s.35

[4] Cf. Kavus Abuşov, “Regionalism in the South Caucasus from a theoretical perspective: is the South Caucasus a region?”, Caucasus İnternational, 2011 payız, Vol.1, N2

[5] Cf. Licínia Simão, “Region-building in the eastern neighbourhood: assessing EU regional policies in the South Caucasus”, East European Politics  Vol. 29, Iss. 3, 2013

[6] “Şərq Tərəfdaşlığı: 2013-cü ilin payız zirvə görüşü üçün yol xəritəsi”, Avropa Komissiyası: Avropa Parlamentinə, Şuraya, Avropa İqtisadi və Sosial Komitəsinə və Regionlar Komitəsinə birgə kommunikasiya, 15.5.2012

[7] http://www.bbc.co.uk/azeri/azerbaijan/2013/10/131024_eastern_partnership_azerbaijan.shtml

ŞƏRHLƏR
Yalçın Məmmədov PhD, Université Libre de Bruxelles Müəllifin profili
DİGƏR YAZILARI
18/11 19:59Fransa-Rusiya: hərbi gəmilərin taleyi necə olsun?12/11 16:28Rusiyaya qarşı sanksiyalar nə qədər effektivdir ?12/09 07:02NATO sammitinə sözardı : Ukrayna üzvlük yolunda22/06 05:03Merkel və Kemeron : nə bir yerdə, nə də ayrı29/05 20:37Avropa seçkilərinə sözardı07/05 14:57Üzrü günahından betər Rusiya15/03 11:25Ukrayna böhranı beynəlxalq nizamı necə poza bilər?03/02 15:38Avropa İttifaqının yeni sınağı: separatçılıq
DİGƏR BLOQQERLƏR
Yalçın MəmmədovPhD, Université Libre de Bruxelles
Faiq AbbasovPhD, University of Sheffield
Elvin QüdrətovPhD, Université de Lorraine
Orxan SəttarovPhD, Freie Universität Berlin
Mohamed SamehAralıq dənizi və Avropa Qonşuluğu institutunun və Brüsseldəki Avro-Ərəb forumunun tətqiqatçısı
Tərlan MəsmalıUniversität des Saarlandes