SiyasətEnerjiMövqeBloq
İqtisadiyyatElm və TəhsilMədəniyyət"Rəsm"i mövqe
Bloq
noyabr26
Ukrayna-Avropa İttifaqı-Rusiya: üçtərəfli oyunun qalibləri və məğlubları 26 Noyabr 2013 | 15:56
A
A
print
Baxılıb: 876

Ukraynanın son anda Avropa İttifaqına (Aİ) arxa çevirməsi nə qədər gözlənilməz olsa da, səbəbləri anlaşılandır. Qaranlıq qalan isə Aİ-Ukrayna münasibətlərinin gələcək perspektivləridir. 

Rusiyanın xarakter göstərərək oyunu sonadək oynaması sonuncu dəqiqədə hesabı öz xeyrinə dəyişməsi ilə nəticələndi. Bunun izahı Ukraynanın Rusiya üçün müstəsna əhəmiyyətli ölkə olmasındadır. Rusiyanın Ukraynada güclü iqtisadi maraqları olmaqla yanaşı, həm də tarixi-simvolik maraqları da var. İlk slavyan dövləti olan Kiyev Rus dövləti Ukrayna ərazisində yaranıb, odur ki, onun Qərbin “qucağı”na atılması Rus imperialist kimliyi üçün ağır zərbə olardı. İqtisadi maraqlara gəlincə, Ukrayna 45 milyon insanlıq bir bazarı təmsil edir, böyük sənaye məkanıdır və dünyanın ən geniş münbit torpaqlarından birinə sahibdir. O, planlaşdırılan böyük Gömrük İttifaqının əsas elementlərindən biri ola bilər. Təbii ki, həqiqi Gömrük İttifaqının yaranması üçün tələb olunan bazar həm iqtisadi, həm də insan resursları baxımından Rusiya, Belarus və Qazaxıstanla məhdudlaşa bilməz. Odur ki, Rusiya ideoloqları SSRİ 2.0-ı Ukraynasız təsəvvür etmirlər.

Bundan əlavə, Kiyevin də Rusiyadakı maraqları böyükdür. Ukrayna iqtisadiyyatı son zamanlar geriləməkdədir. 2013-cü ilin iyul-sentyabr aylarında ölkənin ÜDM-unda 1.5 faiz geriləmə müşahidə olunub. Bu ilin sonunadək Beynəlxalq Valyuta Fonduna Ukrayna tərəfindən 6 milyard avro kredit qaytarılmalıdır. Rusiya bazarı isə Ukrayna ixracatının 25 faizini təşkil edir. Rusiya ixracata maneələr yaratmaqda davam etsə, büdcə kəsri 8 faizədək arta bilər. Ukraynaya təzyiq etmək üçün Rusiya gömrüyündə yoxlamalar intensivləşdirilib. Bir neçə ildir qaz tariflərinin artırılmasından tutmuş, “Roşen” şokoladlarının idxalına qoyulan qadağalaradək iqtisadi təzyiq metodları Ukrayna iqtisadiyyatına ağır zərbə vurub. 

Aİ ilə bağlanmalı olan Assosiasiya Müqaviləsi isə Ukrayna iqtisadiyyatına birbaşa yardımı nəzərdə tutmur. Ukraynanın baş naziri Nikolay Azarov bəyan edib ki, Assosiasiya Müqaviləsi çərçivəsində Ukrayna qaydalarının Aİ qaydalarına uyğunlaşdırılması növbəti on ildə Ukraynaya 165 milyard avroya başa gələ bilərdi. Bunun əvəzində isə Rusiya qaz idxalı üçün rəsmi Kiyevə güzəştli tarif və kreditlər təklif edir. 

Nəticədə, oyundan məğlub ayrılan tərəf Aİ-dır. Ukraynanın nə qədər itirdiyi zamanla ölçüləcək. Bununla belə, onun Gömrük İttifaqına qoşulması aktual deyil. Assosiasiya Müqaviləsinin üzərindən tam xətt çəkildiyini də demək olmaz. Güman etmək olar ki, Ukrayna tələsmir və öz əhəmiyyətini anlayaraq daha yaxşı şərtlər təklif edən tərəfdaşını gözləyir (bir vaxtlar Andrey Şevçenkonun böyük klublara rədd cavabı verdiyi kimi). Şübhəsiz ki, Rusiya Ukraynanın yenidən Avropa arzusuna düşməsinin qarşısını almaq üçün Ukraynanı bolluca mükafatlandırmalı olacaq.

Təbii ki, nə Ukraynaya, nə də digər oyunçulara bu kontekstdə yekcins subyektlər kimi baxmaq doğru olmazdı. Aİ və Rusiyada olduğu kimi, Ukraynada da müxtəlif daxili elementlərin müxtəlif maraqları var. İqtisadi fəaliyyət sahələrinin əhəmiyyətli qismi Rusiya ilə daha geniş ticarət imkanlarının tərəfdarıdır. Avropa bazarına yol tapmaq üçün tələb olunan zaman kəsiyində bəzi təchizatçılar ciddi maliyyə problemləri ilə üzləşə bilərlər.   

Yaxın gələcəkdə ehtimal olunan ssenarilər Moskva və Brüssel arasında qarşılıqlı günahlandırma ritorikasının güclənməsi, eləcə də, Moskvanın Ukrayna üzərində təsirinin getdikcə artması və inhisar halına gəlməsi ola bilər. Çox güman ki, Qərb 2015-ci il seçkilərində Yanukoviçi dəstəkləməyəcək. Bu da, Ukraynada avtoritar meyillərin güclənməsinə gətirib çıxara bilər. Halbuki, Aİ ilə ticarət əlaqələrinin genişlənməsi Ukraynada korrupsiya ilə mübarizənin effektivliyini artıra, vətəndaş cəmiyyətinin güclənməsinə səbəb ola bilərdi. Ukrayna cəmiyyətinin hakimiyyətin atdığı addıma reaksiyası göstərdi ki, ukraynalıların Aİ-na rəğbəti böyükdür. Amma son genişlənmələrdən yorulan Aİ Ukraynaya üzvlük vəd etmir. Avropa Komissiyasının sabiq prezidenti Romano Prodinin bir vaxtlar dediyi kimi  Aİ “institutlardan başqa hər şey” vəd edir. 

Yalçın Məmmədov

ŞƏRHLƏR
MÖVZU İLƏ BAĞLI XƏBƏRLƏR
Yalçın Məmmədov PhD, Université Libre de Bruxelles Müəllifin profili
DİGƏR YAZILARI
18/11 19:59Fransa-Rusiya: hərbi gəmilərin taleyi necə olsun?12/11 16:28Rusiyaya qarşı sanksiyalar nə qədər effektivdir ?12/09 07:02NATO sammitinə sözardı : Ukrayna üzvlük yolunda22/06 05:03Merkel və Kemeron : nə bir yerdə, nə də ayrı29/05 20:37Avropa seçkilərinə sözardı07/05 14:57Üzrü günahından betər Rusiya15/03 11:25Ukrayna böhranı beynəlxalq nizamı necə poza bilər?03/02 15:38Avropa İttifaqının yeni sınağı: separatçılıq
DİGƏR BLOQQERLƏR
Yalçın MəmmədovPhD, Université Libre de Bruxelles
Faiq AbbasovPhD, University of Sheffield
Elvin QüdrətovPhD, Université de Lorraine
Orxan SəttarovPhD, Freie Universität Berlin
Mohamed SamehAralıq dənizi və Avropa Qonşuluğu institutunun və Brüsseldəki Avro-Ərəb forumunun tətqiqatçısı
Tərlan MəsmalıUniversität des Saarlandes