SiyasətEnerjiMövqeBloq
İqtisadiyyatElm və TəhsilMədəniyyət"Rəsm"i mövqe
Bloq
noyabr27
Avropa İttifaqının Üçüncü Enerji Paketi: Cənub Qaz Dəhlizinin reallaşması yolunda sonuncu düyün kimi? 27 Noyabr 2013 | 18:33
A
A
print
Baxılıb: 2108

Cənub Qaz Dəhlizi (CQD) Avropa İttifaqının (Aİ) öz təbii qaz təhlükəsizliyinin təmin edilməsi istiqamətində əsasını qoyduğu strategiyadır, amma sözügedən strategiyanın reallaşmasında “Şahdəniz” təbii qaz və kondensat yatağının işləməsinə birbaşa cəlb olunmuş dövlət və özəl pay sahiblərinin rolu əvəzolunmazdır. Ümumilikdə, CQD Xəzər hövzəsi qaz yataqlarının Aİ bazarlarına nəqlini təmin etmək üçün əsasən üç komponentdən - BTE-x, TANAP və TAP-dan ibarət olmaqla, özündə yeni boru kəmərlərinin tikintisini və mövcud kəmərlərin genişləndirilməsini nəzərdə tutur.

Bu məqsədlə, 2013-cü ilin iyununda “Şahdəniz” yatağının işləməsini həyata keçirən konsorsium istehsal ediləcək təbii qazın Avropa bazarlarına ixracını reallaşdırmaq üçün “Trans-Adriatik” (TAP) boru kəmərinin xeyrinə qərar qəbul etdi. 

Sözügedən kəmər perspektivdə nəinki Aİ bazarlarına, eyni zamanda, Balkanlarda yerləşən kiçik milli bazarlara çıxışın təmin edilməsini də nəzərdə tuturdu və aşağıdakı səbəblərə görə bir neçə illik rəqabətdən sonra “Nabucco West” kəmərinə “qalib gəlməyi” bacardı:

TAP səhmdarlarının enerji layihələrinin həyata keçirilməsində güclü maliyyə və texniki imkanlarının olması; 

İtaliyanın “spot qaz bazarlarında” qiymətlərin nisbətən daha yüksək olması;

TAP-da 16% səhmə malik olan “Fluxys” şirkətinin (təbii qazın ötürülməsində Belçikanın müstəqil sistem operatoru) transmissiya xətləri vasitəsi ilə Şahdəniz qazının qərbi Avropa bazarlarına nəqlinin perspektivi;

Nabucco West-in qaz istehlakçıları ilə müqayisədə cənubi Avropada daha üstün qaz satışı və alışı müqaviləsi şərtlərinə sahib olması;

İnşa ediləcək “İon-Adriatik” boru kəməri vasitəsi ilə gələcəkdə Xəzər hövzəsi qazının qərbi Balkanlarda yaradılacaq yeni bazarlara (Xorvatiya, Bosniya-Hersoqovina və Çernoqoriya) nəqlində perspektivin olması (baxmayaraq ki, bu iki layihə bir-birindən ayrıdır);

Qaza olan tələbatın pik dövrlərində təchizat təhlükəsizliyinin təmin edilməsi üçün Albaniyanın qaz saxlanclarından istifadənin mümkünlüyü;

Sonuncu və ən əsası, ARDNŞ tərəfindən Yunanıstanda təbii qazın sistem operatoru olan DESFA-nın alınması nəzəri baxımdan əlavə qaz boru kəmərlərinin tikintisinə ehtiyac olmadan “Şahdəniz” qazının Yunanıstana və digər regional istehlak bazarlarına çıxışını təmin edəcəkdir.

Bu anlamda, yuxarıda sadalanan seçim meyarları bəlli olsa da, CQD-nin praktiki cəhətdən reallaşdırılması istiqamətində KİV-də öz əksini tapan araşdırmalar hələ də fiziki cəhətdən boru kəmərlərinin tikintisi və məsələ ilə bağlı regional geosiyasi məqamlar ətrafında cəmləşmişdir. Amma CQD-nin praktiki cəhətdən reallaşdırılması fiziki cəhətdən boru kəmərlərinin çəkilməsindən əlavə, xüsusi normativ-hüquqi məqamları da özündə əhatə edir. Bu isə Aİ-nın özünəməxsus institusional xarakteri, eləcə də daxili və xarici aktorlarla ünsiyyətdə normativ yanaşma tərzi ilə birbaşa bağlıdır. Bu baxımdan, CQD-nin praktiki cəhətdən uğurla reallaşdırılmasını müəyyən edəcək iki məsələnin aydınlaşdırılması vacibdir: 1) Aİ-nın daxili və xarici maraq sahibləri ilə ünsiyyətdə normativ yanaşmanı üstün tutmasının siyasi-iqtisadi məntiqi nədir? 2) Aİ-nın sözügedən normativ yanaşması “Şahdəniz” səhmdarlarının maraqlarına hansı formada təsir edəcəkdir?

Avropa İttifaqının “Böyük Strategiyası”: təcridçilik siyasətindən “daxiletmə” siyasətinə doğru

“Tənqidi neoliberal-institusional” yanaşmasına əsasən, 1990-cı illərin ortalarında baş vermiş genişlənmənin ardınca 15 üzvlü Aİ ağır təhlükəsizlik problemləri olan regionlarla, o cümlədən post-Sovet ölkələri və parçalanmış sosialist düşərgəsi ölkələri ilə həmsərhəd oldu.  Odur ki, bu çətinlikləri önləmək üçün Aİ təcridçilik və xarici təhlükələri hüdudlarda saxlamaq strategiyasından əl çəkib, onları öz təsiri altına almaq strategiyasına keçdi. Bu da, həmin ölkələrin bəzilərinin Aİ üzvlüyünə gətirib çıxardı.  Bununla belə, daxiletmə siyasəti yalnız üzvlüyə namizəd ölkələrə tətbiq olunmadı, həm də qonşuluqda yerləşən qeyri-namizəd ölkələrə də uzadıldı. Praktiki cəhətdən bunun məğzi qeyri-namizəd qonşu ölkələrə namizədlik perspektivləri açmadan Aİ qaydalarını ixrac etməkdir.  Bundan əlavə, daxiletmə siyasətinə ikitərəfli və çoxtərəfli münasibətlərin bütün sahələri, o cümlədən enerji təhlükəsizliyi də aiddir.

Ümumilikdə, İttifaq səviyyəsində qaydaların müəyyənləşdirilməsi və onların həm ittifaq daxilində, həm də ittifaq xaricində tətbiq edilməsi enerji təhlükəsizliyinə olan təhdidlərin fərdi əsaslarla deyil, universal formada həllinə köklənib. Başqa sözlə, bu, “vahid ölçü” strategiyasıdır. Xüsusən də nəzərə alsaq ki, keçmişdə Avropa ölkələrinin qaz təchizatında əsas kəsilmələr məhz İttifaqın xarici hüdudlarından kənarda baş verib (2006-2009-cu illərdə Ukrayna vasitəsi ilə Rusiya qazının təchizat problemləri), o zaman Aİ-nın xarici enerji idarəçiliyinin həyata keçirilməsi bu anlamda xarici təhdidlərin daxili qaydalar əsasında həll edilməsinə imkan yaradacaqdır. 

Eyni akkordlarla yüksək rütbəli Aİ rəsmisi bu yaxınlarda vurğuladı ki, enerji daşıyıcılarının maneəsiz tranziti məsələsində Avropa İttifaqı və Rusiyanın maraqları üst-üstə düşür. Yeganə fərq odur ki, Rusiya çıxış yolunu yeni qaz kəmərlərinin çəkilməsində və “maneədən” (problemli tranzit ölkələri) yan keçilməsində görür. Avropa İttifaqı isə öz növbəsində, “tranzit maneələrinin” Aİ-nın normativ hüquqi əhatə dairəsinə daxil edilməsi və məsələnin hüquqi müstəvidə həll olunması tərəfdarıdır. Sözügedən yanaşmanın yalnız köhnə enerji dəhlizlərinə (məsələn, Ukrayna dəhlizi) münasibətdə deyil, eyni zamanda, yeni dəhlizlərə, o cümlədən Cənub Qaz Dəhlizinə münasibətdə də tətbiq edilməsi nəzərdə tutulur. 

Hansı normalar və nə üçün?

Praktiki baxımdan sözügedən strategiya Aİ-nın enerji qanunvericiliyinin CQD-nin keçdiyi ölkələrin daxili qanunvericiliyinə tətbiqini özündə ehtiva edir. Aİ-nın təbii qaz sektoru ilə bağlı qanunvericiliyinin əsasını isə üçüncü enerji paketi - 2009-cu ilin qaz direktivi təşkil edir və o, özündə iki ən əsas tələbi cəmləşdirir:

Mülkiyyətin ayrılması - təbii qazın təchizatı, daşınması və bölüşdürülməsi fəaliyyətlərinin bir-birindən ayrılması. Başqa sözlə, bu tələbin əsas məqsədi ondan ibarətdir ki, təbii qaz istehsalçıları/təchizatçıları (məsələn, BP, Statoil, Gazprom, SOCAR, DEPA və s.) transmissiya və bölüşdürmə xətləri üzərində monopolist nəzarəti həyata keçirməklə, digər təchizatçıların sözügedən kəmərlərə çıxışının qarşısını ala və rəqabətə xələl gətirə bilməsinlər.

Üçüncü tərəfin çıxışı - İstənilən digər təchizatçıların da sözügedən boru kəmərlərinə çıxışının təmin edilməsi.

Ümumilikdə, bu normativ yanaşmanın əsas mahiyyəti ondan ibarətdir ki, boru kəmərlərinin kim tərəfindən inşa və idarə edilməsindən asılı olmayaraq, istənilən regional və qeyri-regional qaz təchizatçılarının sözügedən boru xətlərindən bərabər və ədalətli əsaslarla istifadəsi təmin edilməlidir. Başqa sözlə, Aİ-na üzv olub-olmamasından asılı olmayaraq, Aİ ilə münasibətdə hər kəs Brüsseldə idarə olunan oyun qaydalarına riayət etməlidir. 

Maraqların toqquşması və mümkün çıxış yolu

Bu baxımdan, BTE-x və TANAP boru kəmərləri Aİ-nın normativ əhatə dairəsindən kənarda yerləşdiyi üçün yuxarıda qeyd edilmiş hüquqi şərtlərdən azaddırlar (Türkiyə Aİ-na üzvlük prosesində sonuncunun qanunvericiliyini ölkə daxilində tətbiq etməyib). Bu səbəbdən, BTE-x və TANAP-a nəzarət edəcək “Şahdəniz” səhmdarlarının maraqları ilə CQD-nin keçəcəyi ölkələrin daxili qanunvericilikləri arasında (hələ ki) hüquqi kolliziya (toqquşma) mövcud deyildir. Bu arada, Aİ-nın ərazisində tikilsə də, TAP kəməri də mülkiyyətin ayrılması, üçüncü tərəfin çıxışıtənzimlənən tariflər sahəsində yuxarıda sadalan hüquqi tələblərdən müvəqqəti zaman kəsiyində azad edilib. Lakin bir məsələni xüsusən vurğulamaq lazımdır ki, TAP-ın “Nabucco West” (NW) üzərində “qələbəsinin” əsas səbəbi birincinin sözügedən mükəlləfiyyətlərdən azad edilməsi deyildir. Çünki yeri gəldikdə, Rusiyanın “Cənub Axını” layihəsindən fərqli olaraq, seçiləcəyi təqdirdə “NW” kəmərinə də eyni azadlıqlar vəd edilib.  

Yuxarıda qeyd edildiyi kimi, TAP-ın “boru kəmərlər cıdırından” qalib kimi ayrılmasının əsas səbəblərindən biri də ARDNŞ-nin tender yolu ilə DESFA-nı əldə etməsi oldu və bu da Dövlət Neft Şirkətinin istehlakçı bazarlarına çıxışını daha da asanlaşdıracaq. Bununla belə, DESFA-nın təchizatçı şirkət olan ARDNŞ tərəfindən əldə edilməsi sonuncunun biznes maraqları ilə üçüncü enerji paketinin tələbləri arasında (təchizat və enerji transmissiyası fəaliyyətlərinin bir-birindən ayrılması) toqquşmaya səbəb olub. Sözügedən toqquşma isə əsasən 2 faktorla izah edilə bilər:

İlk əvvəl, “Şahdəniz – 2” layihəsi 40 mlrd ABŞ dollarından artıq dəyəri olan bir layihədir. Bu səbəbdən də layihə möhkəm iqtisadi səmərəlilik prinsipi üzərində qurulmalıdır. Bu isə yalnız Avropa bazarlarında təbi qaz tələbatı təhlükəsizliyinin təmin edildiyi şəraitdə mümkün ola bilər. Sözügedən tələbat təhlükəsizliyi isə bazarın həddən artıq təbii qazla təchiz edilməsi səbəbindən qazın qiymətinin aşağı düşməsi nəticəsində sarsıdıla bilər. Ona görə də qazın bazara giriş nöqtələri və nəqli xətləri üzərində nəzarət Xəzər təchizatçılarına imkan verəcək ki, investisiya/istehsal imkanlarının artırılması sahəsində qəbul etdikləri qərarları Cənubi Avropa və Balkan bazarlarında tələb və təklif şəraitinə uzlaşdırılsın. Bu isə təbii ki, bazarda yeni inhisarçının meydana çıxması kimi deyil, təbii qaz istehsalı, daşınması və istehlakı mərhələləri arasında əlaqəli investorların tam informasiyalı qərar qəbul etməsinə imkan yaradılması kimi başa düşülməlidir.  

İkincisi, ümumilikdə DESFA-nın özəlləşdirilməsi və sonradan SOCAR tərəfindən alınması 2008-ci ildən Yunanıstanı bürüyən maliyyə və iqtisadi böhranın nəticəsidir. Sonuncu isə birbaşa olaraq keçmiş Yunan hökumətlərinin ölkəni və eyni zamanda, dövlət şirkətlərini iqtisadi cəhətdən qeyri-səmərəsiz idarə etməsi ilə bağlıdır. Bu səbəbdən də, DESFA-nın idarə heyəti investiya və inzibati qərarlar qəbul edərkən keçmiş səhvlərindən nəticə çıxaran ARDNŞ-nin öz səsinin eşidilməsini istəməsi təbiidir. Bu istək isə üçüncü enerji paketindən azad olmaq vasitəsi ilə - ARDNŞ-nin DESFA-nın menecmentində təmsil olunması yolu ilə həyata keçirilə bilər.

Təbii ki, belə bir azadlıq nəzəri cəhətdən üçüncü tərəfin DESFA xətlərinə çıxışının məhdudlaşdırılmasına səbəb ola bilər. Bu isə istehlakçı nöqteyi-nəzərdən həm qeyri-məntiqi, həm də qeyri-məhsuldar görünür. Çünki üçüncü enerji paketinin qəbul edilməsinin əsas məntiqi məhz təhlükəsiz və rəqabət əsasında enerji təchizatının təmin edilməsidir. Lakin “Nabucco Classic” kəmərinin uğursuzluğa düçar olması sübut etdi ki, qaz istehsalçılarının iqtisadi maraqlarını nəzərə almayan istənilən böyük layihənin uğursuzluqla qarşılaşması labüddür. 

Bununla belə, ARDNŞ-nin DESFA-da maraqlarının təmin edilməsi üçün birinciyə üçüncü enerji paketinin və mütləq azadlıqların verilməsinə də gərək yoxdur. Çünki “Şahdəniz – 2” qazının Aİ-na nəqli yalnız 2019/2020-ci ildən başlayaraq mümkün olacaqdır. Bu isə o deməkdir ki, 2013-2019/2020-ci illərdə ARDNŞ faktiki olaraq Yunanıstanda qaz təchizatçısı olmadığından, birincinin DESFA-ya birbaşa və ya dolayısı ilə nəzarət etməsi heç də üçüncü enerji paketinin tələblərinə zidd olmayacaq. Bu səbəbdən də, keçid dövrü kimi DESFA-nın iqtisadi fəaliyyət səmərəliliyinin artırılması üçün 2013-2019/2020-ci illər ərzində ARDNŞ-nə sözügedən qurumun idarə heyətində təmsil olunmaq hüququnun verilməsi tərəflər arasında kompromis variant ola bilər. Xəzər istehsalçılarının qərbi Balkan ölkələrində (hansılar ki, Enerji Cəmiyyəti Müqaviləsinin üzvləridirlər və bu səbəbdən də Aİ-nın normativ hüquqi əhatə dairəsinə daxildirlər) yeni infrastruktur layihələrinin inşa edilməsi üçün investisiyalar yatırmaqda maraqlı olduqlarını nəzərə alaraq, yaxın gələcəkdə Aİ-nın müvəqqəti əsaslarla bu cür “standartlaşdırılmış azadlıqlar paketi”nin təklif etməsinə ehtiyac duyulacağını proqnozlaşdırmaq olar. Belə bir paket yeni qaz təchizatçılarının kapital yatırımlarının ağlabatan müddət ərzində geri ödənilməsini təmin edəcəkdir. Digər tərəfdən, keçid dövrü üçün müvəqqəti əsaslar üzərində qurulduğundan sözügedən azadlıqlar paketi Aİ və istənilən digər istehlakçını narahat edən daimi “təbii inhisarların” yaradılmasının qarşısını alacaqdır. Bundan ziyadə, çoxillik maliyyə çərçivəsi daxilində Aİ büdcəsinin azaldığı şəraitdə, Avropanın izolyasiya edilmiş milli bazarlarının vahid sistemdə birləşdirilməsini reallaşdırmaq və iqtisadi cəhətdən səmərəli etmək üçün yeni bazar iştirakçılarının Aİ-da infrastruktur layihələrinə investiya yatırmaq istəyi həm Berlaymont, həm də milli paytaxtlar üçün “göydəndüşmə” təklif kimi qəbul edilməlidir.

Xülasə, çoxillik danışıqlardan sonra cari il ərzində “Şahdəniz” konsorsiumu tərəfindən Aİ-na qaz nəqli marşrutunun seçilməsi və uzunmüddətli qaz alqı-satqı müqavilələrinin imzalanması həm qaz istehsalçıları, həm də Aİ istehlakçıları üçün böyük uğurdur. Bununla belə, böyük miqyasda razılığın əldə edilməsi hələ heç də danışıqların sonu demək deyildir, çünki yeni layihələrin əsaslanacağı normativ-hüquqi bazanın razılaşdırılması hələ də danışıqlar mövzusu olaraq qalmaqdadır. Eyni zamanda, Türkiyənin Avropa İttifaqına üzvlük perspektivləri və Gürcüstanın Avropa Cəmiyyəti Təşkilatında tamhüquqlu üzvlük müraciəti əsas verir ki, yuxarıda qeyd edilən üçüncü enerji paketindən azadlıqların verilməsi naminə danışıqların gələcəkdə həm TANAP, həm də BTEx-ə münasibətdə də aparılacağını proqnozlaşdırsın. Sonuncular isə yeni analitik araşdırmanın mövzusudur.

Faiq Abbasov
Enerji təhlükəsizliyi üzrə PhD namizəd,
University of Sheffield

ŞƏRHLƏR
Faiq Abbasov PhD, University of Sheffield Müəllifin profili
DİGƏR YAZILARI
08/04 07:19Krım yalnız uvertüradır10/02 12:00Qlobal iqlim dəyişikliyi: Aİ daşla qaya arasında31/01 10:17Sammit hələ də davam edir… elmi-siyasi forumlarda29/01 11:38Enerji rəqabətliliyi Avropaya gələcəkdə nə vəd edir?21/01 12:52Müstəqil Şotlandiya uduzacaq08/01 19:02Kremlin Yaxın Şərq Strategiyasının Növbəti Taktı?23/12 13:29Avropa Komissiyası: TANAP, TAP, BTƏ-x boru kəmərləri İttifaq üçün Ümumi Maraq Layihələridir!13/12 17:14“Cənub Axını” Dastanı: Niyə Rusiya Avropa Komissiyası ilə Danışmır?
DİGƏR BLOQQERLƏR
Yalçın MəmmədovPhD, Université Libre de Bruxelles
Faiq AbbasovPhD, University of Sheffield
Elvin QüdrətovPhD, Université de Lorraine
Orxan SəttarovPhD, Freie Universität Berlin
Mohamed SamehAralıq dənizi və Avropa Qonşuluğu institutunun və Brüsseldəki Avro-Ərəb forumunun tətqiqatçısı
Tərlan MəsmalıUniversität des Saarlandes