SiyasətEnerjiMövqeBloq
İqtisadiyyatElm və TəhsilMədəniyyət"Rəsm"i mövqe
Bloq
dekabr06
Readmissiya müqaviləsi: qısa arayış 06 Dekabr 2013 | 20:49
A
A
print
Baxılıb: 2155

Şərq Tərəfdaşlığı ilə bağlı keçirilmiş Vilnüs zirvə görüşündə Azərbaycanla Avropa İttifaqı arasında Viza Sadələşdirilməsi sazişi imzalanmışdır. Saziş Azərbaycan Milli Məclisi və Avropa Parlamenti tərəfindən təsdiqləndikdən sonra qüvvəyə minəcək. Qeyd edək ki, bu proses gələn ilin birinci yarısı üçün nəzərdə tutulub. Bundan sonra, Avropa Ittifaqi ilə readmissiya haqda saziş imzalanması ilə bağlı işlərə başlanıla bilər. Viza sadələşdirilməsi qaydaları ilə bağlı mətbuatda kifayət qədər məlumat getsə də, readmissiya qaydaları geniş oxucu kütləsinə səthi şəkildə çatdırılıb.

Readmissiya müqavilələri gizli mühacirətə (yaxud da qanunsuz mühacirətə) qarşı mübarizə üsullarından sayılır. “Readmissiya” termininin semantik izahı bir ölkənin öz vətəndaşını ərazisinə geri qəbul etməsidir.  Bu termin “qovulma”nın (yaxud da tanıdığımız “deportasiya” termininin) sinonimi kimi başa düşülə bilər. “Qovulma” termini bir dövlətin öz ərazisindəki əcnəbini könüllü şəkildə geri göndərməsidir. Dövlət bu geri göndərmənin güc yolu ilə həyata keçirilməsi ixtiyarını da özündə saxlayır. Readmissiya müqavilələri "sözügedən dövlətin ərazisində giriş, qalma və ya yaşama qaydalarına cavab verməyən və ya bu qaydaları pozan şəxslərin" ölkə ərazisindən uzaqlaşdırılmasını asanlaşdırmaq məqsədi daşıyır. 

Beynəlxalq hüquqa əsasən, hər bir dövlət öz ölkəsini tərk etmiş vətəndaşlarını geri qəbul etmək öhdəliyi daşıyır. İkitərəfli müqavilələr bu öhdəlikdən doğan məsələləri effektiv şəkildə həll etmək üçün nəzərdə tutulub. Bu, o deməkdir ki, readmissiya prosesinin baş tutması üçün tərəflər arasında spesifik müqavilənin olması vacib deyil. Bununla belə, bəzən ölkələr iqtisadi və ya siyasi səbəblərdən ölkələrini tərk etmiş şəxsi (şəxsləri) geri qəbul etmək istəmirlər. Müqavilənin əsas dəyəri də bu zaman ortaya çıxır. 

Readmissiya prosesi ölkədən çıxarılan şəxsin mənşəyini, hədəfini və tranzit ölkələrinin miqrasiya sistemlərini özündə birləşdirir. Readmissiya prosesi təkcə müqavilə tərəfləri olan ölkələrin vətəndaşlarına deyil, həm də bu ölkələrdən tranzit kimi istifadə etmiş fərdlərə də aid edilir. Bəzən ölkələr qanunsuz miqrantları onların öz ölkələrinə göndərməkdə maraqlı olmurlar (və yaxud, həmin ölkələrlə əməkdaşlıq etməkdə çətinlik çəkirlər). Bu halda, göndəriləcək şəxs öz ölkəsinə deyil, keçib gəldiyi ölkəyə göndərilir. Beynəlxalq hüquq normaları tranzit ölkəyə üçüncü ölkə vətəndaşını readmissiya etmək öhdəliyi vermir. Məhz bunun üçün də müqaviləyə ehtiyac duyulur.

Adətən readmissiya müqavilələri dövlətlər səviyyəsində imzalanır. Bu fenomenin effektivliyini artırmaq üçün Avropa İttifaqının (Aİ) üzv dövlətləri readmissiya sahəsində Avropa institutlarına səlahiyyətlər veriblər. Aİ-nı təsis edən müqavilə readmissiya sahəsində üzv dövlətlərin və Aİ-nın səlahiyyətlərini bölüşdüyünü açıq şəkildə yazır. Aİ səviyyəsində readmissiya müqavilələrinin imzalanması da, şübhəsiz ki, fövqəlmilli səviyyədə readmissiya sisteminin yaradılmasını şərtləndirir. Qeyri Aİ ölkəsi ilə bağlanmış readmissiya müqaviləsi məqsəd deyil, digər əməkdaşlıq sahələrinə əlavə olunan vasitədir. Üzv ölkələrin dövlət və hökumət başçılarının 2002-ci ildə keçirilmiş Sevilya Şurasının yekun bəyanatında da vurğulanır ki, tərəfdaş ölkələrin miqrasiya axınlarını idarə etməyə imkan yaradan alətlərə də qoşulması arzuolunandır.    

Qeyd edək ki, Avropa İttifaqı müqaviləsinə dəyişiklikləri nəzərdə tutan Amsterdam müqaviləsi Avropa Komissiyasına üçüncü ölkələrlə readmissiya müqavilələrini müzakirə etmək və imzalamaq səlahiyyəti verirdi. Lissabon Müqaviləsinin qüvvəyə minməsi ilə Avropa Parlamentinə readmissiya müqavilələrini təsdiqləmək hüququ verildi. 

Avropa Komissiyası müxtəlif readmissiya müqavilələrinin eyni prinsiplərə cavab verməsi üçün xüsusi strategiya hazırlayıb. Müqavilənin şərtləri müzakirə olunarkən eyni modeldən istifadə olunur. Bu model 1994-cü ildə Aİ Şurası tərəfindən üzv ölkələrə ikitərəfli və çoxtərəfli readmissiya müqavilələrinin müzakirəsi üçün verilmiş tövsiyələrdə öz əksini tapır. Buraya daxildir: 

  • Göndəriləcək şəxsi səyahət sənədləri ilə ən qısa zamanda təchiz etmək öhdəliyi
  • Giriş, qalma və ya yaşama qaydalarına cavab verməyən və ya qaydaları pozan üçüncü ölkə vətəndaşlarını heç bir formallıq olmadan readmissiya etmək
  • Readmissiya müraciətlərinə ən geci 15 günə cavab vermək öhdəliyi
  • Göndəriləcək şəxslərin 1 ay boyunca qeydinə qalmaq öhdəliyi
  • Qəbul edən ölkənin sərhəddinədək şəxsin səyahət xərclərinin göndərən ölkə tərəfindən qarşılanması 
  • Ekspertlər komitəsinin yaradılması
  • Müqavilənin şərtlərinin 1951-ci il Qaçqınların statusu haqda Konvensiyaya və onun 1967-ci il protokoluna, beynəlxalq ekstradisiya və tranzit konvensiyalarına, eləcə də 1950-ci il Əsas İnsan Hüquqları və Azadlıqları Konvensiyasına uyğunluğunun vacibliyi
  • Müqavilə tərəfləri üçün müqavilədən “vacib səbəb”ə (səhiyyə, milli təhlükəsizlik, ictimai asayiş və s.) görə çıxmaq və ya onun tətbiqini dayandırmaq imkanı

Bu modelin ardınca Aİ Şurası “aparıcı prinsipləri” müəyyən etmişdir. Bu prinsiplərə görə, giriş nöqtələrindən sadələşdirilmiş və sürətli readmissiya prosesi üçün qoyulan vaxt iki gündür. Bu müddət keçsə, normal prosedur tətbiq olunmalıdır ki, bu da readmissiya müraciətinin göndərilməsi ilə başlayır. Müraciətə on beş gün ərzində cavab vermək digər müqavilə tərəfinin borcudur. Bundan əlavə, göndəriləcək şəxsin müvəqqəti də olsa lazımi səyahət sənədləri ilə təmin olunması kimi öhdəliklərin detallı izahı həmin aparıcı prinsiplərdə göstərilir. Müraciət edən tərəf qəbul edən tərəfə şəxsin məhz onun ərazisindən gəldiyini sübut etməlidir. Təhlükəsizlik işçisinin sadə bəyannaməsi ölkəyə qanunsuz girmiş şəxsi 48 saat ərzində göndərmək üçün yetərlidir. 

Sual yaranır ki, xarici münasibətlərdə readmissiya müqavilələrinə üstünlük verilməsi Aİ-nın demokratiya, insan hüquqları və effektiv idarəçilik kimi prioritetlərini şübhə altına alırmı? Aİ-nın bu cür müqavilələri insan hüquqlarının kobud şəkildə pozulduğu ölkələr ilə bağlaması birmənalı qarşılanmır. Qanunsuz miqrantların əhəmiyyətli qisminin məhz bu ölkələrdən gəldiyini nəzərə alsaq, readmissiya müqavilələrinin də çoxunun onlarla bağlandığı ortaya çıxır. Avropa Şurası bununla bağlı üzv ölkələri “yalnız insan hüquqları sahəsində əsas normalara və 1951-ci il Cenevrə Konvensiyasına cavab verən, əsl siyasi sığınacaq sistemi işləyib hazırlamış, öz vətəndaşlarının azad hərəkətinə şərait yaradan və ölkə ərazisinə giriş-çıxış qaydalarını pozan şəxsləri cinayət məsuliyyətinə cəlb etməyən ölkələrlə readmissiya müqavilələri bağlamağa” çağırıb. 

Nəticədə, readmissiya müqavilələri bir ölkənin öz vətəndaşlarını geri qəbul etmək öhdəliyini təsdiqləyir və sanksiyalaşdırır. Bəzi readmissiya müqavilələri ölkələri öz ərazisindən keçmiş üçüncü ölkə vətəndaşlarını da readmissiya etməyə məcbur edir. Bu müqavilələrin qaçqınların beynəlxalq səviyyədə qorunması nöqteyi-nəzərindən nə dərəcədə doğru olması sual doğurur. 

Yalçın Məmmədov

ŞƏRHLƏR
MÖVZU İLƏ BAĞLI XƏBƏRLƏR
Yalçın Məmmədov PhD, Université Libre de Bruxelles Müəllifin profili
DİGƏR YAZILARI
18/11 19:59Fransa-Rusiya: hərbi gəmilərin taleyi necə olsun?12/11 16:28Rusiyaya qarşı sanksiyalar nə qədər effektivdir ?12/09 07:02NATO sammitinə sözardı : Ukrayna üzvlük yolunda22/06 05:03Merkel və Kemeron : nə bir yerdə, nə də ayrı29/05 20:37Avropa seçkilərinə sözardı07/05 14:57Üzrü günahından betər Rusiya15/03 11:25Ukrayna böhranı beynəlxalq nizamı necə poza bilər?03/02 15:38Avropa İttifaqının yeni sınağı: separatçılıq
DİGƏR BLOQQERLƏR
Yalçın MəmmədovPhD, Université Libre de Bruxelles
Faiq AbbasovPhD, University of Sheffield
Elvin QüdrətovPhD, Université de Lorraine
Orxan SəttarovPhD, Freie Universität Berlin
Mohamed SamehAralıq dənizi və Avropa Qonşuluğu institutunun və Brüsseldəki Avro-Ərəb forumunun tətqiqatçısı
Tərlan MəsmalıUniversität des Saarlandes