SiyasətEnerjiMövqeBloq
İqtisadiyyatElm və TəhsilMədəniyyət"Rəsm"i mövqe
Bloq
dekabr18
Ümumi Təhlükəsizlik və Müdafiə Siyasəti: növbəti təkan 18 Dekabr 2013 | 19:46
A
A
print
Baxılıb: 1492
Photo: eurocorps.net

Avropa İttifaqı dövlət və hökumət başçılarının növbəti zirvə görüşündə 2008-ci ildən bəri ilk dəfə Ümumi Təhlükəsizlik və Müdafiə Siyasətinə (ÜTMS) aid məsələlər müzakirə ediləcək. Gündəlikdə olan məsələlər əsasən mövcud strukturların gücləndirilməsi ilə bağlıdır. Qeyd edək ki, 2010-cu ildən bəri fəaliyyət göstərən alman, belçika, fransız və holland ordularının birgə istifadə etdiyi Avropa Nəqliyyat Komandanlığı Mərkəzinə ispan və italiyan orduları da qoşulur. Bundan əlavə, dronlardan (pilotsuz təyyarələr) birgə istifadə, havada yanacaq təchizatı, müştərək kiber müdafiə, peyk kommunikasiyası haqda qərarların da qəbul olunması gözlənilir. Şura İttifaqın Aralıq dənizindəki hərbi fəaliyyəti ilə bağlı da birgə strategiya hazırlamalı, taktiki qrupların istifadəsi zamanı daha çox “çeviklik” göstərməyi tövsiyə etməlidir. 

Qeyd edək ki, “Battlegroup” adlanan bu qrupların əsası 2006-cı ildə qoyulub və bu günədək onlardan istifadə olunmayıb. Şuranın həm də müdafiə bazarının genişləndirilməsinə, bu bazarın kiçik və orta sahibkarlığın üzünə açılmasına, elmi-tədqiqat sahəsində hərbi və mülki orqanların birgə fəaliyyətinin gücləndirilməsinə təkan verəcək qərarlar qəbul edəcəyi nəzərdə tutulub.

Müdafiə siyasəti Aİ müqavilələrinin də qeyd etdiyi kimi, üzv dövlətlərin səlahiyyətində qalan sahədir. Bununla belə, gerçək Avropa müdafiə siyasətinin yaradılması təşəbbüsləri Avropa quruculuğunun müxtəlif vaxtlarında irəli sürülüb və hər dəfə də uğursuzluqla nəticələnib. Bunun əsas səbəbi üzv dövlətlərin müxtəlif geopolitik maraqlarının və baxışlarının olması ilə yanaşı, bu yöndə siyasi və maliyyə sərmayələri qoymaq istəməmələridir. Məhz ona görə də 1990-cı illərin əvvəlində Aİ burnunun ucunda baş verən etnik təmizləmələrə və digər müharibə cinayətlərinə müdaxilə edə bilmədi. 

Praqmatik Avropa liderləri yeni təhdidlərə, o cümlədən terrorizm, dəniz və kiber quldurluğu kimi fenomenlərə yalnız birgə güclə sinə gərməyin mümkünlüyünü anlayırlar. Bunun üçün isə əlavə fondların ayrılmasına tərəddüd edirlər. Bundan əlavə, üzv dövlətlərin böyük əksəriyyətinin NATO üzvü olması onların müdafiə ehtiyaclarını ödəyir və onlar əlavə müdafiə alyanslarına girməyə ehtiyac duymurlar.   

Şübhəsiz ki, Avropa səviyyəsində müdafiə siyasətinin hələ ki yeganə təşəbbüskarı Fransadır. Son illərin təcrübəsi göstərdi ki, hərbi müdaxilələr zamanı Fransa Avropadan lazım olan dəstəyi ala bilməyib. Liviyada, Malidə, bu gün isə Mərkəzi Afrika Respublikasında Fransa Avropanın xüsusi dəstəyi olmadan fəaliyyət göstərir.  

Əslində, Avropa müdafiə siyasətinin özəyini Fransa-Böyük Britaniya cütlüyü təşkil edə bilər. Keçmiş imperiya sahibi olan bu iki ölkə BMT Təhlükəsizlik Şurasının daimi üzvü olmaqla yanaşı, həm də nüvə dövlətidir. Bundan əlavə, uzaq ərazilərdə gedən güclü münaqişələrə tez bir zamanda və effektiv şəkildə müdaxilə etmək qabiliyyəti Avropada məhz bu iki dövlətə məxsusdur. 

Xatırladaq ki, 2010-cu ildə Böyük Britaniya və Fransa nüvə də daxil olmaqla, hərbi sahədə əməkdaşlıq məqsədilə Lankaster müqaviləsi imzalamışdılar. Bu müqavilə fransız və ingilis ordularını bir-birilərinə daha da yaxınlaşdırmış, büdcələri getdikcə azalan bu orduların qlobal güc olaraq qalması imkanlarını artırmışdır. Fransanın qollist ənənəsinə zidd olaraq NATO-nun hərbi komandanlığına geri dönüşü bu orduların birgə fəaliyyətini asanlaşdırmışdır. Bunun nəticəsində, 2011-ci ildə Fransa və Böyük Britaniya orduları Liviyada birgə mübarizə aparmağa nail olmuşdular. 

Qeyd etmək lazımdır ki, Fransa bu alyansa Almaniyanı da cəlb etməyə çalışır. 2012-ci ilin yayında Fransa Senatına təqdim olunmuş hesabatda “Avropa müdafiə qrupu”nun yaradılmasının, onun özəyinin Fransa, Almaniya və Böyük Britaniya ordularından təşkil olunmasının və digər ölkələrə açıq olmasının zəruriliyi də qeyd edilir. Bununla belə, digər ölkələrdən bu çağırışa adekvat cavab gəlmir. 

Bu ətalətin səbəbi kimi Avropa ölkələrinin çoxunun müdafiə sahəsində ABŞ-ın qəyyumluğuna ümid etmələrini göstərmək olar. ABŞ isə son illərdə Avropaya münasibətdə fərqli mövqe nümayiş etdirir. Artıq hərbi cəhətdən güclü olan Avropa onun üçün təhlükə deyil, dəstək deməkdir. Əfqanıstan və İraqda uğursuzluqdan sonra ABŞ administrasiyası hər bir qaynar nöqtədə bir gücün məsul olmasında maraqlı olduğunu nümayiş etdirir. Hərbi cəhətdən güclü Avropa isə Afrikadakı münaqişələrin idarə olunmasına cəlb olunaraq ABŞ-ın işini yüngülləşdirə bilər. (Bununla belə, ABŞ ÜTMS-nin mövcudluğunda maraqlı olsa da, onun institutlaşdırılmasında heç də maraqlı deyildir. Çünki Varşava müqaviləsi təşkilatının süqutundan sonra NATO-nun dağılmamasının səbəblərindən biri də o idi ki, sözügedən təşkilat ABŞ-ın institusional formada Avropada mövcudluğunu daimiləşdirdi. Bu isə şübhəsiz ki, ABŞ-ın qlobal maraqlarının ayrılmaz tərkib hissəsidir. Başqa sözlə, ABŞ xarici təhlükəsizlik sahəsində Avropa dövlətləri arasında əməkdaşlığın mövcudluğunda, birgə əməliyyatların həyata keçirilməsində və bu yolla da öz yükünün yüngülləşdirilməsində maraqlı olsa da, Avropada NATO-nun onu əvəz etməsində heç də maraqlı deyil). Odur ki, Avropanın öz həqiqi hərbi ittifaqını yaratmasının vaxtıdır. Lakin iki və çoxtərəfli razılıqlar bu ittifaqın yaradılmasına gətirib çıxarmır. Təsadüfi deyil ki, Ketrin Eşton ümumi təhlükəsizlik və müdafiə siyasəti, eləcə də uzunmüddətli fəaliyyət strategiyası hazırlamaq üçün yol xəritəsi tərtib etməyi təklif edir.  

Bundan əlavə, müdafiə və təhlükəsizlik siyasəti Avropa miqyasında nə qədər vacib və nadir müzakirə edilən məsələ olsa da, çoxdan gözlənilən bank birliyi haqda müzakirələrin kölgəsində qala bilər. 

Yalçın Məmmədov

 

ŞƏRHLƏR
MÖVZU İLƏ BAĞLI XƏBƏRLƏR
Yalçın Məmmədov PhD, Université Libre de Bruxelles Müəllifin profili
DİGƏR YAZILARI
18/11 19:59Fransa-Rusiya: hərbi gəmilərin taleyi necə olsun?12/11 16:28Rusiyaya qarşı sanksiyalar nə qədər effektivdir ?12/09 07:02NATO sammitinə sözardı : Ukrayna üzvlük yolunda22/06 05:03Merkel və Kemeron : nə bir yerdə, nə də ayrı29/05 20:37Avropa seçkilərinə sözardı07/05 14:57Üzrü günahından betər Rusiya15/03 11:25Ukrayna böhranı beynəlxalq nizamı necə poza bilər?03/02 15:38Avropa İttifaqının yeni sınağı: separatçılıq
DİGƏR BLOQQERLƏR
Yalçın MəmmədovPhD, Université Libre de Bruxelles
Faiq AbbasovPhD, University of Sheffield
Elvin QüdrətovPhD, Université de Lorraine
Orxan SəttarovPhD, Freie Universität Berlin
Mohamed SamehAralıq dənizi və Avropa Qonşuluğu institutunun və Brüsseldəki Avro-Ərəb forumunun tətqiqatçısı
Tərlan MəsmalıUniversität des Saarlandes