SiyasətEnerjiMövqeBloq
İqtisadiyyatElm və TəhsilMədəniyyət"Rəsm"i mövqe
Bloq
yanvar08
Kremlin Yaxın Şərq Strategiyasının Növbəti Taktı? 08 Yanvar 2014 | 19:02
A
A
print
Baxılıb: 1957
Photo: FrontpageMag

Milad bayramı ərəfəsində Rusiyanın dövlət “Soyuznefteqaz” qrupu ilə Suriya hökuməti arasında enerji sazişi imzalandı. Saziş əsasında Rusiya şirkəti Suriyanın Aralıq dənizi sahilində 2 190 km2-lik ofşor ərazisində kəşfiyyat və qazma əməliyyatları, eyni zamanda, kəşf olunacaq yataqların işlənməsi və neft-qaz hasilatı hüquqlarını əldə etdi. Az qala, gündəlik əsaslarla imzalanan beynəlxalq enerji sazişlərinin fonunda sözügedən müqavilə adi kommersiya faktı kimi qəbul oluna bilər. Ən azından ilk baxışda.

Təbii ki, üçillik müharibə nəticəsində iqtisadi, siyasi və hərbi cəhətdən sarsılmış, eləcə də enerji gəlirləri 3.6 mlrd ABŞ dolları dəyərində azalmış Suriya hökumətinin rəsmi Moskvadan asılılığı çox yüksəkdir. Bu səbəbdən də sonuncu enerji müqaviləsini Bəşşar əl-Əsədin Rusiyaya güzəştə getdiyi növbəti konsessiya kimi dəyərləndirmək olar. Lakin perspektivdə saziş tək ruslar üçün deyil, həmçinin Suriya hökuməti üçün də faydalıdır. Hal-hazırda Suriyanın əsas neft istehsalı mədənləri ya üsyançıların nəzarəti altındadır, ya da müharibə nəticəsində tam olaraq yararsız hala düşüb. Bu baxımdan, uğurla və ağlabatan zaman kəsiyində reallaşarsa, Suriyada rusların (hərbi və siyasi) nəzarəti altında neft-qaz istehsalı Bəşşar əl-Əsəd hökuməti üçün həyati əhəmiyyətli maliyyə mənbəyinə çevrilə bilər. Bu isə rejimin gələcək hərbi uğurlarına birbaşa təsir edəcək.

Digər tərəfdən, yanvar ayında Cenevrədə planlaşdırılan Suriya sülh konfransı ərəfəsində Rusiyanın sözügedən sazişi imzalaması Qərb ölkələri üçün siqnal rolunu oynacaq: Rusiyanın Bəşşar əl-Əsəd hökumətinə dəstəyi dəyişməz olaraq qalmaqdadır!

Lakin həmişə olduğu kimi, siyasət ilk göründüyündən daha da mürəkkəbdir. Lokal müharibə çərçivəsində yuxarıda qeyd edilmiş siyasi analiz ağlabatandır. Daha geniş rakursda bəs necə? Rusiya nəhəng və qüdrətli oyunçudur və o, həmişə böyük kartlarla və daha uzunmüddətli strategiya ilə oynayır. Bu isə daha genişmiqyaslı dəyərləndirməni və siyasi analizi labüd edir.

“Bir güllə ilə iki dovşanı vurmaq” strategiyası

ABŞ Geoloji Araşdırmalar agentliyinin hesablamalarına görə, Aralıq dənizinin şərqində, Kipr, Suriya, Livan, İsrail və Qəzza zolağının müstəsna iqtisadi zonalarında yerləşən Levant hövzəsinin potensial neft və qaz ehtiyatları müvafiq olaraq 1.7 mlrd barel və 122 trln fut3 (təxminən 3.5 trln m3) civarındadır. “Cənub Qaz Dəhlizi”nin reallaşması ərəfəsində Rusiyanın ənənəvi enerji bazarlarının yaxınlığında belə nəhəng ölçüdə yeni yataqların kəşfi təbii ki, Rusiyanı narahat etməyə bilməz. Çünki hər yeni qaz təchizatı mənbəyinin kəşfi və perspektivdə Aİ-yə birləşdirilməsi Rusiyanın Avropanın enerji bazarlarında hegemonluğuna qarşı əlavə təhdiddir. Lakin sözügedən kəşflər özü ilə təhdidlər gətirdiyi kimi, yeni imkanlar da yaradır: Rusiyanın regional (və qlobal) enerji qüdrətinin konsolidasiyası şansı.

Bu məqsədə çatmaq üçün rəsmi Moskva tərəfindən son iki ildə mühüm taktiki addımlar atılmışdır. Aİ-də maliyyə böhranı zamanı Kipr Respublikasının banklarının da zərər çəkməsindən istifadə edərək, Rusiyanın enerji nəhəngi “Qazprom” rəsmi Nikosiyaya ölkə banklarının yenidən kapitallaşdırılması üçün kommersiya təklifi etmişdir. Bunun müqabilində isə o, Kipr Respublikasının müstəsna iqtisadi zonasında təbii qaz kəşfiyyatı hüquqlarını tələb etmişdir.

Əlavə olaraq, hazırda Rusiyanın dörd ən böyük enerji şirkətləri olan Rosneft, Qazprom, Novatek və LUKoil eyni vaxtda Livanın Şərqi Aralıq dənizində yerləşən və karbohidrogenlə zəngin 10 blokunun işlənməsi üçün lisenziya növbəsinə durublar. Bu baxımdan, Rusiya şirkətlərinin sözügedən “cıdırda” şansını artırmaq üçün hətta Rusiya və Livan arasında Anlaşma Memorandumu da imzalanmışdır.

Bundan ziyada, 2013-cü ilin martında Qazpromun törəmə şirkəti ilə İsrail hökuməti arasında ikitərəfli saziş imzalanmışdır. Sazişə əsasən, Qazprom İsrailin ofşor Tamar təbii qaz yatağından ixrac əməliyyatlarını həyata keçirmək məqsədi ilə üzən maye qaz (MQ) terminalı üçün maliyyə dəstəyini təmin etməlidir. Bunun müqabilində isə saziş Qazproma Tamar yatağından maye qazın alınması və ixracı üçün müstəsna hüquqlar verir.

Son nəticədə, sadalanan bu taktiki addımlar şərqi Aralıq dənizində kəşf olunmuş yataqlar üzərində Rusiyanın nəzarətinin təmin edilməsi məqsədini daşıyır. Qaz istehsalı mənbələri üzərində nəzarət imkanı isə, əlbəttə ki, Rusiyanın istehlak bazarlarında mavi yanacağın qiymətinin müəyyənləşdirilməsinə birbaşa təsir imkanı deməkdir. Çünki qaz istehsalı ilə istehlakı arasında olan nisbət son nəticədə həm spot bazarlarında, həm də ikitərəfli uzunmüddətli qaz alqı-satqısı danışıqlarında qiymətlərin razılaşdırılmasına təsir edən əsas amildir.

Bu baxımdan, Şərqi Aralıq dənizi yataqlarında aktivlərin əldə edilməsi Rusiya üçün iki-vektorlu strategiya imkanı vəd edir. Birincisi, Rusiyanın regional enerji istehsalında təmsil olunması ona enerji daşıyıcılarının istehsalı sürətinin müəyyənləşdirilməsinə təsir etmək imkanı verəcəkdir. Bu isə o deməkdir ki, əgər rəsmi Moskva görsə ki, sözügedən yataqlardan qaz istehsalı Rusiyanın Avropa bazarlarında qaz ağalığına “ciddi” təhlükə yaradır, o zaman Rusiya qaz yataqlarının işlənmə sürətini zəiflədə (və ya tamamilə dondura) bilər. Digər tərəfdən, iqtisadi səmərəlilik buna imkan verdikcə istehsal edilmiş qaz Avropa bazarlarına deyil, digər bazarlara da yöndəndirilə bilər.

İkincisi, hal-hazırda Rusiyanın beynəlxalq maye qaz bazarlarında fəaliyyəti yalnız Saxalin 2 MQ terminalı vasitəsi ilə həyata keçirilir. Şərqi Aralıq dənizində yeni MQ terminallarının əldə edilməsi isə Rusiyaya Asiyanın yeni, lakin sürətlə inkişaf edən istehlak bazarlarına çıxış imkanı vəd edir. Asiya bazarlarında təbii qazın qiymətinin Avropaya nisbətən daha yüksək olması isə Rusiya üçün əlavə qazanc mənbəyi deməkdir. Daha geniş planda isə dünyada ən böyük qaz yataqlarına malik olan Rusiya üçün yeni enerji mənbələri üzərində nəzarətin əldə edilməsi rəsmi Moskvanın regional və qlobal enerji qüdrətinin konsolidasiyası deməkdir.

“İkinci dovşan”

Lakin Rusiyanın regional strategiyası bununla yekunlaşmır. 2011-ci ildən Şimali Afrika və Yaxın Şərqdə başlayan “ərəb inqilabları”nın yaratdığı xaos və Obama administrasiyasının ölkənin siyasi diqqətinin Şərqi Asiyaya yönəltməsi nəticəsində Şərqi Aralıq dənizi regional təhlükəsizlik kompleksində müəyyən bir vakuum meydana gəlmişdir. İkinci prezidentlik müddətini başlayandan sonra ölkədaxili siyasi hakimiyyətini möhkəmləndirən Vladimir Putin üçün isə bu, yeni regional və qlobal siyasi imkanlar yaratmışdır. 2013-cü ildə bir-birinin ardınca baş vermiş bir neçə mühüm hadisə prezident Putinin məhz “gücləndirilmiş Yaxın Şərq” siyasəti iddiasında olduğunu deməyə əsas verir.

Hazırda regionun hərbi-siyasi arxitekturasında ən böyük qeyri-müəyyənlik Misir, İsrail və Türkiyə üçbucağı daxilində baş verməkdədir. İnqilab nəticəsində Hüsni Mübarəkin devrilməsindən və yeni seçkilər nəticəsində islamçı Məhəmməd Mürsinin hakimiyyətə gəlməsindən (və hətta onun da hakimiyyətdən uzaqlaşdırılmasından) sonra Misir-İsrail münasibətləri həm siyasi, həm də iqtisadi müstəvidə korlanmışdır. Bu isə özünü ən çox kütləvi milli narazalıq nəticəsində Misirdən İsrailə sonuncunun daxili tələbatının 40%-ni təmin edən qaz ixracının dayandırılmasında göstərmişdir.

Belə bir məqamda, Kiprlə birlikdə Şərqi Aralıq dənizi yataqlarının işlənməsi İsrail üçün göydəndüşmə imkandır. Lakin digər regional qüvvə - Türkiyə, Kiprin ərazi problemi həll edilməmiş ada ətrafında istənilən enerji tədqiqatı fəaliyyətinə öz etirazını bildirmiş və hətta Kipri özünün hərbi donanması ilə hədələmişdir. 2010-cu ildə Mavi Mərmərə gəmisinə hücumdan sonra İsrail-Türkiyə münasibətlərinin soyuması və prezident Obamanın ABŞ-ın xarici siyasi kursunu tədricən Yaxın Şərqdən Uzaq Şərqə doğru yönəltməsi fonunda Rusiyanın regional səhnəyə daxil olması üçün münbit şərait yaranmışdır.

Bu məqsədlə, ilk olaraq Suriyanın Tartus limanında artıq hərbi - dəniz bazasına malik olan Rusiya, Pafosda yeni hərbi hava bazasından istifadə etmək üçün rəsmi Nikosiya ilə danışıqlara başlamışdır. Daha sonra, ABŞ-ın sıravi vətəndaşlara silah tətbiq etdiyi üçün Misir hökumətinə silah satışını dayandırmasının ardınca, Rusiyanın xarici işlər naziri Sergey Lavrov və müdafiə naziri Sergey Şoyqu Qahirəyə səfər etmiş və yerli hökumətə 2 mlrd ABŞ dolları civarında silah satışı təklif etmişdir. Təbii ki, Misir hökumətinin çoxillik əməkdaşlığın ziddinə gedərək rəsmi Vaşinqtondan tamamilə üz döndərməsi ağlabatan deyildir. Lakin “ölkənin daxili siyasətinə heç kəsin qarışmaq hüququ yoxdur” şüarı ilə Misirə “yardım əlini” uzadan Rusiyanın rəsmi Qahirənin timsalında müttəfiq əldə etməsi sözsüz ki, Kremlin yeni regional strategiyasının mühüm elementidir. Putin və Netanyahu arasında İsrailin təhlükəsizliyi üçün "təhlükəsizlik paktı"nın imzalanması isə Rusiyanın yeni Yaxın Şərq siyasətinin son lingi hesab edilə bilər. Çünki İsrail-Türkiyə münasibətlərinin hələ də soyuq olduğu, ABŞ-ın isə marağının azaldığı bir məqamda regional geosiyasi səhnəyə daxil olub, regional aktorlara təhlükəsizlik vədlərinin verilməsi Rusiyanı əsas vasitəçiyə və bununla da əhəmiyyətli söz sahibinə çevirəcəkdir. Bu isə o deməkdir ki, Rusiya nəinki regionda baş verən siyasi-iqtisadi dəyişikliklərə cavab vermək imkanı əldə edəcək, hətta özü potensial dəyişiklikləri formalaşdırmaq iqtidarında olacaqdır. Sözügedən dəyişikliklərin spektrı isə regional enerji layihələrinin həyata keçirilməsindən tutmuş, milli paytaxtlarda Kremlyönümlü siyasi rejimlərin “quraşdırılmasına” kimi uzanır. Əlbəttə, hesabı kim ödəyirsə, musiqini də o sifariş edir.

Bunula belə, təbii ki yuxarıda sadalanan taktiki addımlar hələ heç də onların uğurlu sonluğu demək deyildir. Çünki enerji yataqlarının kəşfi bir, onların iqtisadi səmərəliliyi isə digər məsələdir. Üstəlik, ixrac infrastrukturlarının reallaşdırılması və regional təhlükəsizlik məsələləri həllini gözləyən məqamlardandır. Lakin bir məsələ artıq bəllidir: Kremlin strateji hesablamaları artıq Rusiyanın daxili enerji yataqları ilə məhdudlaşmır. Bu strategiyanın uğurunu isə həmişəki kimi digər regional güc sahiblərinin hərəkətsizliyi müəyyənləşdirəcək.

Faiq Abbasov

ŞƏRHLƏR
MÖVZU İLƏ BAĞLI XƏBƏRLƏR
Faiq Abbasov PhD, University of Sheffield Müəllifin profili
DİGƏR YAZILARI
08/04 07:19Krım yalnız uvertüradır10/02 12:00Qlobal iqlim dəyişikliyi: Aİ daşla qaya arasında31/01 10:17Sammit hələ də davam edir… elmi-siyasi forumlarda29/01 11:38Enerji rəqabətliliyi Avropaya gələcəkdə nə vəd edir?21/01 12:52Müstəqil Şotlandiya uduzacaq23/12 13:29Avropa Komissiyası: TANAP, TAP, BTƏ-x boru kəmərləri İttifaq üçün Ümumi Maraq Layihələridir!13/12 17:14“Cənub Axını” Dastanı: Niyə Rusiya Avropa Komissiyası ilə Danışmır?02/12 18:39“Xəzərlilərə” Hə, Ruslara isə Yox?
DİGƏR BLOQQERLƏR
Yalçın MəmmədovPhD, Université Libre de Bruxelles
Faiq AbbasovPhD, University of Sheffield
Elvin QüdrətovPhD, Université de Lorraine
Orxan SəttarovPhD, Freie Universität Berlin
Mohamed SamehAralıq dənizi və Avropa Qonşuluğu institutunun və Brüsseldəki Avro-Ərəb forumunun tətqiqatçısı
Tərlan MəsmalıUniversität des Saarlandes