SiyasətEnerjiMövqeBloq
İqtisadiyyatElm və TəhsilMədəniyyət"Rəsm"i mövqe
Bloq
yanvar20
Post-Əfqanıstan: Azərbaycan – NATO dostluğunun sonu? 20 Yanvar 2014 | 14:02
A
A
print
Baxılıb: 943

NATO-Azərbaycan münasibətlərinin bünövrəsi ölkə müstəqilliyinin ilk illərinə təsadüf edir. Bu dövrdə Azərbaycan və Şimali Atlantika Müqaviləsi Təşkilatı arasında ikitərəfli əlaqələrin qurulması başa düşüləndir. Ölkə üçün Avro-Atlantik məkana çıxış, qərb dəyərlərinə yaxınlaşmaq və NATO-nun (Şimali Atlantika Müqaviləsi Təşkilatı) hərbi təcrübəsindən yararlanmaq üçün bu əlaqələrin qurulması əhəmiyyətli addım idi. Eyni zamanda, NATO üçün də Sovet İttifaqı dağıldıqdan sonra keçmiş kommunist və sovet respublikaları ilə əməkdaşlıq, bu dövlətlərin Rusiyadan uzaqlaşdırılması və sonradan genişlənmə siyasətinin (1994-ci ildən bəri) tərkib hissəsinə çevrilməsi maraq kəsb edirdi.

İkitərəfli münasibətlərin əsası 1992-ci il Azərbaycanın NATO-nun yeni yaradılmış məşvərətçi forumuna – Şimali Atlantika Əməkdaşlıq Şurasına (1997-ci ildən Avro-Atlantik Tərəfdaşlıq Şurası) daxil olması ilə qoyulur. Azərbaycan 1994-cü ildə Sülh Naminə Tərəfdaşlıq (SNT) Çərçivə sənədini imzalayır, 1996-cı ildə hazırlanan Fərdi Tərəfdaşlıq və Əməkdaşlıq Proqramına daxil olması, həmçinin 2004-cü ildə Fərdi Tərəfdaşlıq Əməliyyat Planına (FTƏP) qoşulması ilə bu münasibətlər möhkəmlənir.

Azərbaycan Əfqanıstanda: NATO-nun yeni əməliyyatında iştirak ölkəyə nə verir?

Hazırda, Azərbaycanın 94 nəfərlik hərbi hissəsi NATO-nun rəhbərlik etdiyi İSAF əməliyyatında xidmət edir. Xatırladaq ki, Azərbaycan bu əməliyyatda 2002-ci ildən bəri iştirak edir və əməliyyat 2003-cü ildən NATO-nun rəhbərliyi altına keçmişdir.

Bildiyimiz kimi, NATO 2014-cü ildə İSAF missiyasını sona çatdırır, lakin İSAF əməliyyatının başa çatması heç də Azərbaycanın NATO ilə Əfqanıstanda əməkdaşlığının sonu demək deyil. Bu o deməkdir ki, NATO 2014-cü ildən sonra hərbi qüvvələrin bir hissəsini yeni “Sarsılmaz dəstək” (Resolute Support) missiyasını həyata keçirmək üçün saxlayır və Azərbaycan bu missiyada iştirak edəcək 8 ölkədən biri olacaq. Bu missiya əfqan hərbi qüvvələrinə təlim, dəstək və yardımların göstərilməsini, ölkə ərazisinin minalardan təmizlənməsini həyata keçirəcək. Sual yarana bilər ki, Azərbaycanın Əfqanıstanda NATO-nun əməliyyatlarında iştirakının səbəbi və marağı nədən ibarətdir?

Azərbaycan Əfqanıstana hərbi qüvvələr göndərməkdən başqa, NATO üçün yüklərin daşınmasında aparıcı rol oynayır. Belə ki, Azərbaycan xarici işlər nazirinin verdiyi məlumata görə, “İSAF missiyası üçün qeyri-ölümcül silahların 35% hissəsi məhz Azərbaycan vasitəsilə daşınmışdır”. Bundan əlavə, Azərbaycanın xarici işlər naziri və ölkənin NATO-dakı daimi nümayəndəliyinin rəhbəri dəfələrlə vurğulamışlar ki, Bakı-Tiflis-Qars (BTQ) dəmir yolu istifadəyə verildikdən sonra Əfqanıstandan yüklərin daşınması bu yolla da reallaşacaq. Eyni zamanda, 2014-cü ildən sonra NATO Azərbaycanın hava məkanından istifadə edərək öz qüvvələrini Əfqanıstandan çıxarmağı planlaşdırır.

NATO-nun yüklərin daşınmasında BTQ dəmir yolundan istifadə etməsi Azərbaycanın NATO-nun Əfqanıstandakı əməliyyatlarda iştirakını niyə davam etdirir sualına cavab ola bilər. Belə ki, vaxtilə BTQ layihəsi NATO-nun əsas hərəkətverici qüvvəsi olan ABŞ və Qərbi Avropa dövlətləri tərəfindən dəstəklənməmiş, onlar bu layihəni maliyyələşdirməkdən imtina etmişdilər. Aydındır ki, BTQ layihəsi reallaşacağı təqdirdə Ermənistanın regionda təcrid olunmuş vəziyyəti daha da artacaq, ölkə beynəlxalq enerji və nəqliyyat layihələrindən kənarda qalacaq və nəticədə, müharibə şəraitində olan iki ölkə arasındakı iqtisadi göstəricilərin fərqi daha da artacaq. Buna görə də, Amerika və Avropadakı erməni lobbisinin səyləri nəticəsində, bu dövlətlər 1993-cü ildən bəri fəaliyyəti dayandırılmış Qars-Qümri-Tiflis dəmir yolunun yenidən istifadəsinin tərəfdarı idilər. Digər tərəfdən, BTQ dəmir yolu işə düşdükdən sonra Azərbaycanın və Mərkəzi Asiya dövlətlərinin Avropaya xammal idxal və ixracına görə Rusiyadan, eləcə də İrandan asılılığı aradan götürüləcək, bununla da, Cənubi Qafqaza və Mərkəzi Asiyaya Rusiya və İranın təsir qüvvəsi azalacaq.

Qeyd edək ki, aparıcı dövlətlər tərəfindən siyasi və iqtisadi dəstək almasa da, Azərbaycan öz enerji resurslarından gələn gəlirlər sayəsində bu layihənin təməlini 2007-ci ildə qoydu. Layihənin iqtisadi tərəfini yoluna qoyan Azərbaycan üçün məsələnin siyasi tərəfini həll etmək, yəni layihənin öndə gedən dövlətlər tərəfindən tanınmasına, beynəlxalq ictimaiyyət tərəfindən legitimlik əldə edilməsinə nail olmaq labüd idi. Bu, Azərbaycanın Əfqanıstanda NATO əməliyyatlarında iştirakı nəticəsində tam mümkün oldu. 2014-cü ilin sonu, 2015-ci ilin əvvəllərində dəmir yolu istifadəyə verildikdən sonra Şimali Atlantika təşkilatının bu nəqliyyat yolundan istifadə etməsi layihənin beynəlxalq aləmdə legitimliyinin birbaşa təsdiqi olacaq və nəticədə, bu layihə Avropa və Asiyanı birləşdirəcək körpüyə, həmçinin iki qitə arasında yükdaşımalarının mərkəzinə çevriləcək.

Sonda, vurğulamaq lazımdır ki, Azərbaycanın milli əfqan ordusunun fonduna 1 milyon avro təzminat verməsini və bu təzminatın daha 3 milyon avroya qalxacağını nəzərə alsaq, BTQ layihəsinin beynəlxaq arenada siyasi legitimlik məsələsi Azərbaycan-NATO dostluğundan əldə edilən axırıncı deyil, axarıncı dividend olacağına işarədir.

Elvin Qüdrətov

ŞƏRHLƏR
MÖVZU İLƏ BAĞLI XƏBƏRLƏR
Elvin Qüdrətov PhD, Université de Lorraine Müəllifin profili
DİGƏR YAZILARI
22/04 17:02Krım: Bir güllə ilə bir neçə dovşan
DİGƏR BLOQQERLƏR
Yalçın MəmmədovPhD, Université Libre de Bruxelles
Faiq AbbasovPhD, University of Sheffield
Elvin QüdrətovPhD, Université de Lorraine
Orxan SəttarovPhD, Freie Universität Berlin
Mohamed SamehAralıq dənizi və Avropa Qonşuluğu institutunun və Brüsseldəki Avro-Ərəb forumunun tətqiqatçısı
Tərlan MəsmalıUniversität des Saarlandes