SiyasətEnerjiMövqeBloq
İqtisadiyyatElm və TəhsilMədəniyyət"Rəsm"i mövqe
Bloq
fevral03
Avropa İttifaqının yeni sınağı: separatçılıq 03 Fevral 2014 | 15:38
A
A
print
Baxılıb: 1184
photo: les echos

Avropa Birliklərinin yaradılması digər məqsədlərlə yanaşı, həm də milliyyətçiliklə mübarizə aparmaq və post-milli cəmiyyətlər qurmaq kimi hədəflərə xidmət edirdi. Bununla belə, Avropa liderləri regional və sub-dövlət milliyyətçiliyinin potensialını düzgün hesablaya bilmədilər. Dövlətin zəifləməsini şərtləndirən Avropa İttifaqı sub-dövlət elementlərinin güclənməsi ilə nəticələndi. Artıq bəzi üzv dövlətlərdə, o cümlədən Belçika, Böyük Britaniya və İspaniyada parçalanma ehtimalları o qədər realdır ki, müzakirələr atılacaq növbəti addımların üzərində qurulub.

Ən real parçalanma ehtimalı Şotlandiyaya aiddir. Bu ilin 18 sentyabrında şotlandiyalılar Böyük Britaniyanın tərkibində qalıb-qalmamaq istəklərini referendum vasitəsilə ifadə edəcəklər. 26 noyabr 2013-cü il tarixində nəşr olunmuş “Şotlandiyanın gələcəyi” adlı ağ kitabda şotland hökuməti referendumdan “hə” çıxacağı halda, 18 aylıq keçid dövrü təklif edir. Bununla da əsl müstəqillik 24 mart 2016-cı ildən başlayır. Bu müddət ərzində şotland parlamenti konstitusiyanın hazırlanması ilə məşğul ola, gələcək dövlətin institusional strukturunu hazırlaya bilər. Bundan əlavə, müstəqil Şotlandiya keçid dövrü ərzində Böyük Britaniya hökuməti ilə milli borcun bölüşdürülməsi, britaniyalı dövlət qulluqçularının taleyi, Şotlandiya ərazisində yerləşən hərbi bazaların, xüsusilə də nüvə silahlarının gələcək statusu haqda razılığa gəlməlidir. Eyni anda Avropa institutları və digər beynəlxalq institutlarla davamlılıq prinsipinin qorunması üçün danışıqlar aparılması da zəruri olacaqdır. Təbii ki, şotland hökuməti Aİ-yə üzvlük məsələsində Avropa İttifaqı Müqaviləsinin 49-cu deyil, 48-ci maddəsinin tətbiq olunmasını üstün tutardı. Xatırladaq ki, 49-cu maddə yeni üzvlərin qəbulu, 48-ci maddə isə mövcud müqavilələrə dəyişiklik prosedurasını müəyyən edir. Şotland hökumətində ümid edirlər ki, 28 üzv dövlət Şotlandiyanın Böyük Britaniya daxilində 40 illik Aİ üzvlüyünü nəzərə alaraq onu hər şeyi yenidən başlamağa məcbur etməzlər. Edinburqun şərtlərinin bəziləri isə əvvəlcədən məlumdur: Avroya qoşulmamaq və funt-sterlinqi saxlamaq, Şengen zonasına daxil olmamaq və Böyük Britaniyanın istisna müddəalarını saxlamaq.

İspaniyada isə regional Katalan hökuməti bu ilin noyabrında müstəqillik referendumunun keçirilməsinə nail olmaq istəyir. Plan baş tutsa, seçicilərdən Kataloniyanı ştat, yoxsa müstəqil dövlət kimi görmək istədikləri soruşulacaq. Ancaq ispan hökuməti bu referendumun konstitusiyaya zidd olduğunu əsas gətirərək onun keçirilməsinə icazə vermir. Hazırkı İspaniya konstitusiyasına görə, referendum Kataloniya da daxil olmaqla, İspaniyanın 17 muxtar vilayəti tərəfindən deyil, yalnız Madriddəki milli hökumət tərəfindən təşkil oluna bilər. Bundan əlavə, İspaniya Konstitusiya Məhkəməsinin Basklar ölkəsinin referendum keçirmək hüququ ilə bağlı 11 sentyabr 2008-ci il qərarı regionların referendum keçirmək səlahiyyətinin olmadığını təsdiq edir. İspaniyanın hər iki aparıcı partiyası - baş nazir Mariano Raxoyun Xalq Partiyası və müxalifətdəki Sosialist Partiyası referenduma qarşı çıxacaqlarını çoxdan açıq şəkildə bildiriblər. Belə olan halda, milli parlamentdə referenduma qarşı olanlar mütləq səs çoxluğuna malik olurlar. Aİ və hətta NATO rəsmiləri müstəqil olacağı təqdirdə, avtomatik olaraq Kataloniyanın üzvlükdən çıxarılacağını bəyan ediblər.

Böyük Britaniya və İspaniya ərazilərinin iqtisadi cəhətdən çox əhəmiyyətli parçalarını itirə bilərlər. Şotlandiyanın Böyük Britaniyadan ayrılacağı təqdirdə, Birləşmiş Krallıq ərazisinin üçdə birini, əhalisinin isə 10 faizini güzəştə getməli olacaq. Bundan əlavə, Şimal dənizinin neft-qaz ehtiyatları Şotlandiyanın ərazisində qalacaq. İspaniyanın 4-cü ən varlı əyaləti olan Kataloniya ölkə ərazisinin 6, əhalisinin isə 16 faizini təşkil edir. İspaniya iqtisadiyyatının 20 faizi məhz Kataloniyanın payına düşür. Müstəqilliyə can atan aktiv qrupların olduğu digər region - Basklar ölkəsi isə İspaniya ərazisinin 1,5, əhalisinin 5 faizi deməkdir. Bununla belə, bu əyalət İspaniyanın ən varlı əyaləti olmaqla yanaşı, Aİ-nin də ən varlı regionları arasındadır. Ancaq bu itkilər İspaniya və Böyük Britaniyanın dövlət əsaslarına zərbə vurmaq iqtidarında deyil. Bu ölkələr öz ərazilərini itirdikləri halda, əvvəlki statuslarını qorumuş olacaqlar. Əsl problem Belçika parçalanarsa ortaya çıxa bilər. Bu ilin may ayında keçiriləcək parlament seçkilərində Flandriya əhalisi milliyyətçilərə mütləq çoxluqla səs versə, Belçikanın iki və daha çox hissəyə parçalanması real ola bilər. Bu halda hansı hissənin hansı şəkildə Aİ üzvlüyünə qatılması məsələsi daha mürəkkəb olacaqdır. Dövlətlərin varislik hüququnun detallarına varmadan belə aydın olur ki, Belçikanın köhnə statusuna köklü dəyişikliklər edilməsi zərurətə çevriləcəkdir. Bu ölkənin parçalanmasının necə mürəkkəb məsələ olduğunu bilmək üçün onun federal quruluşuna nəzər salmaq kifayət edir.

Təbii ki, Aİ-nin Qərbi Balkanlara uzandığı bir vaxtda qapılarını Şotlandiya, Flandriya və Kataloniyaın üzünə bağlayacağı ağlabatan deyil. Böyük ehtimalla Avropa İttifaqı Şurası yaranacaq yeni dövlətlərin üzvlüyü ilə bağlı sadələşdirilmiş prosedura təşkil edəcək. Bu həm siyasi arenadakı gərginliyi, həm də Avropa institutlarının iş yükünü yüngülləşdirmək üçün edilə bilər. Digər obyektiv səbəb üzvlük qaydaları ilə bağlıdır. 1993-cü ildə qəbul olunmuş və Kopenhagen meyarları kimi tanınan 3 uyğunluq şərti - hüquqi dövlət, bazar iqtisadiyyatı və bu günədək qəbul olunmuş Aİ qaydalarının toplusunun (acquis communautaire) tətbiqidir. Üçüncü şərt danışıqların və namizədliyin müddəti baxımından çox əhəmiyyətlidir. Həmin qaydalar toplusu 35 fəsildən və minlərlə maddədən ibarətdir. Hər bir maddənin namizəd ölkə tərəfdən tətbiq olunması müəyyən vaxt və keçid müddəti tələb edir. İspaniya və Böyük Britaniyadan ayrılan hissələrin bu qaydaların demək olar ki, hamısını öz ərazilərində tətbiq etdiyini düşünmək olar. Odur ki, yeni dövlətlərin bu mürəkkəb proseduradan yan keçəcəyi aydındır.

O ki qaldı valyuta məsələsinə, Aİ üzvlüyü avronun milli valyuta kimi istifadəsinin sine qua non şərti deyil. Təbii ki, müstəqil olacaqları təqdirdə, Kataloniya və ya Basklar ölkəsi Avro institutlarına üzvlük üçün müraciət etməli olacaqlar, lakin bunun uzun bir prosedura olmadığı bəllidir. Andorra, Çernoqoriya, Monako, San-Marino və Vatikan Aİ üzvü olmadan milli valyuta kimi avrodan istifadə edirlər. 

Yalçın Məmmədov

ŞƏRHLƏR
MÖVZU İLƏ BAĞLI XƏBƏRLƏR
Yalçın Məmmədov PhD, Université Libre de Bruxelles Müəllifin profili
DİGƏR YAZILARI
18/11 19:59Fransa-Rusiya: hərbi gəmilərin taleyi necə olsun?12/11 16:28Rusiyaya qarşı sanksiyalar nə qədər effektivdir ?12/09 07:02NATO sammitinə sözardı : Ukrayna üzvlük yolunda22/06 05:03Merkel və Kemeron : nə bir yerdə, nə də ayrı29/05 20:37Avropa seçkilərinə sözardı07/05 14:57Üzrü günahından betər Rusiya15/03 11:25Ukrayna böhranı beynəlxalq nizamı necə poza bilər?18/12 19:46Ümumi Təhlükəsizlik və Müdafiə Siyasəti: növbəti təkan
DİGƏR BLOQQERLƏR
Yalçın MəmmədovPhD, Université Libre de Bruxelles
Faiq AbbasovPhD, University of Sheffield
Elvin QüdrətovPhD, Université de Lorraine
Orxan SəttarovPhD, Freie Universität Berlin
Mohamed SamehAralıq dənizi və Avropa Qonşuluğu institutunun və Brüsseldəki Avro-Ərəb forumunun tətqiqatçısı
Tərlan MəsmalıUniversität des Saarlandes