SiyasətEnerjiMövqeBloq
İqtisadiyyatElm və TəhsilMədəniyyət"Rəsm"i mövqe
Bloq
fevral10
Qlobal iqlim dəyişikliyi: Aİ daşla qaya arasında 10 Fevral 2014 | 12:00
A
A
print
Baxılıb: 1436
photo: Bloomberg

2005-ci ildə ABŞ-ın Kyoto protokolunu ratifikasiya etməməsindən sonra Avropa İttifaqı (Aİ) qlobal ətraf mühitin qorunması kampaniyasının liderinə çevrildi. Nəticədə, 2008-ci ilin sonunda İttifaq “20-20-20 İqlim və Enerji Paketi”ni qəbul etdi. Sözügedən paketə əsasən, Aİ qarşısına 3 məqsəd qoymuşdur: 2020-ci ilə qədər istixana effekti yaradan qazların (PEQ) emissiyasını 1990-cı ilə münasibətdə 20% azaltmaq, bərpa olunan enerji mənbələrindən istehsal (bərpa olunanlar) olunan enerji təchizatının miqdarını 2020-ci ilə kimi 20%-ə çatdırmaq və Aİ iqtisadiyyatının enerji səmərəliliyini 20% yüksəltmək.

İlk baxışda tələbatın bərpa olunan enerji mənbələrindən əldə edilməsi İttifaqın enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli rol oynaya bilər. Atmosferə buraxılan PEQ miqdarının azaldılması isə həm qlobal iqlim dəyişikliyinin qarşısını alar, həm də sənaye şəhərlərində havanın keyfiyyətini yaxşılaşdırar. Bununla belə, necə deyərlər, “Hər qəpiyin iki tərəfi var”. İqlim paketinin faydaları ilə yanaşı, iqtisadiyyat üçün (qısa zaman kəsiyində olsa belə) fəsadları da mövcuddur.

İlk olaraq onu vurğulamaq lazımdır ki, bərpa olunan enerji mənbələri, enerji səmərəliliyi və PEQ emissiyasının azaldılması investisiya tutumlu fəaliyyət növləridir. Bu isə o deməkdir ki, Aİ-nin üzv dövlətləri çöküntü mənşəli yanacaq növlərini (neft, qaz və kömür) külək, günəş, qabarma-çəkilmə və bio-yanacaq vasitələri ilə əvəz etməyə cəhd etdikdə, nəticədə bu özünü son istifadəçilərə satılan elektrik enerjisinin qiymətinin yüksəlməsində göstərəcəkdir. Günəş enerjisinin, eləcə də külək və qabarma-çəkilmə dalğalarının “pulsuz” olduğu halda, onlardan əldə edilən elektrik enerjisinin dəyərinin daha bahalı olması paradoksal səslənə bilər. Məsələ burasındadır ki, (texnoloji qeyri-yetkinlik ucbatından) eyni bir vahid elektrik enerjisini istehsal etmək üçün bərpa olunan enerji mənbələrinə qoyulan kapital yatırımı qaz, kömür və ya neftlə işləyən ənənəvi elektrik stansiyalara qoyulan yatırımlardan daha çox olur. Kapital yatırımları arasındakı fərq isə özünü elektrik enerjisinin son müştəri dəyərlərində göstərir.

Məsələn, 2011-ci ildə Yaponiyanın Fukuşima nüvə elektrik stansiyasında baş verən qəzadan sonra Almaniya hökuməti 2022-ci ilə kimi ölkədəki bütün nüvə stansiyalarını bağlamaq və sürətlə bərpa olunan enerji istehsalına keçməklə bağlı qərar verdi. Nəticədə, hazırda Almaniyada ev təsərrüfatlarına satılan elektrik enerjisi Aİ-nin orta statistik göstəricisindən 33%, sənaye müəssisələrinə satılan elektrik enerji isə 17% daha yüksəkdir. ABŞ-la müqayisədə isə sözügedən rəqəmlər 2 dəfədən də çoxdur.

Ağır sənayenin düşməni

Heç kəsə sirr deyil ki, enerji daşıyıcılarının qiymətinin yüksək olması ölkə vətəndaşlarının ailə büdcələrinə mənfi təsir göstərir. Lakin bahalı enerjinin fəsadları bununla bitmir. Sənaye sahələrinin, xüsusən də ağır sənayenin (metallurgiya, sement, maşınqayırma və s.) rəqabət qabiliyyətliliyi ucuz xammal və ucuz enerji mənbəyindən birbaşa asılıdır. Hal-hazırda ABŞ-da şist qazının istehsalı sahəsində texnoloji inqilab ölkədə təbii qazın və dolayısı yolla qaz turbinlərində istehsal edilən elektrik enerjisinin qiymətinin ucuzlaşmasına gətirib çıxarmışdır. Bu isə ucuz enerji ilə istehsal edilən ağır sənaye məhsullarının qiymətinin digər inkişaf etmiş ölkələrə, o cümlədən Aİ-yə nisbətən daha ucuz və rəqabətli olması deməkdir. Aİ-də istehsal xərclərinin yüksək olması isə sənaye müəssisələrinin qitə daxilindən tədricən Şimali Amerika, Şərqi və Cənubi Asiyaya “miqrasiyasına” gətirib çıxara bilər.

Bu spektrdə Aİ-nin ABŞ-a uduzması heç də yeni xəbər deyil. Lakin maraqlı məqam odur ki, 2009-cu il böhranından sonra Aİ-də iqtisadi inkişaf təhlükəli sularda olsa da, qitədaxili “yaşıllar” və digər ekoloji qruplar 2020-ci ildən sonra Aİ üçün daha böyük ambisiyalı iqlim hədəflərinin müəyyənləşdirilməsinə səsləyirlər. Gələn bir neçə ay ərzində Avropa Komissiyasının təklifləri əsasında Avropa İttifaqının Nazirlər Şurası və Avropa Parlamenti növbəti - 2030-cu il üçün yeni iqlim və enerji hədəflərini müəyyənləşdirməlidir. Bu isə Avropa sənayeçilərinin canlarına yeni qorxu yatırmaqdadır.

“Müridsiz peyğəmbər”

Təbii ki, bu tipli iqtisadi məqamların qeyd edilməsi heç də qlobal iqlim dəyişikliyinə şübhənin ifadə olunması kimi qəbul edilməməlidir. BMT nəzdində İqlim Dəyişikliyi ilə bağlı Beynəlxalq Panelin (İDBB) sonuncu, 27 sentyabr 2013 hesabatı 95% əminliklə antropoloji faktorların (insan fəaliyyəti) qlobal iqlim dəyişikliyinə səbəb olduğunu məruzə etdi. Sübut danılmazdır. Lakin məsələ Aİ-nin iqlim “heysiyyatı”nın doğru və ya yalnış olmasında deyil, qəbul edilən iqlim strategiyasının “intihar” xarakterli olmasındadır. Əgər dünyanın ən böyük PEQ istehsalçıları olan ABŞ, Çin, Hindistan, Latın Amerikası və Rusiya iqlim dəyişikliyinə qarşı heç bir tədbir görmürlərsə, o zaman Aİ-nin böyük ambisiyalarının heç də real əhəmiyyəti olmayacaqdır. Çünki ilk olaraq PEQ-nın atmosferdə yayılması ölkələrin coğrafi sərhədləri ilə məhdudlaşmır. Digər tərəfdən, Aİ dünya PEQ emissiyasının cəmi 13%-nə cavabdehdir. Bu baxımdan, Avropa İttifaqının qlobal iqlim dəyişikliyinə qarşı beynəlxalq kampaniyası müridləri olmayan peyğəmbərə bənzəyir: qitə ekoloji şüuru ilə planetin qeydinə qalmaq istəyir, lakin onun ardınca gedən heç kəs yoxdur. İqtisadi məntiqlə isə ekoloji şüur qitə sənayesinin düşməninə çevrilir, çünki Aİ-nin “iqlim xərcləri” başqa heç bir dövlət tərəfindən çəkilmir.

Üçüncü yol?

Sual yarana bilər ki, iqlim dəyişikliyi narahatlıq doğuran ciddi problemdirsə və bərpa olunan enerji istehsalı çox bahadırsa, o zaman nə etmək olar? Avropa İttifaqı rəsmilərinin gözləntilərinə görə, “2020-ci illərin ortalarından başlayaraq bərpa olunan enerjinin qiyməti aşağı düşəcəkdir. Çünki həmin dövrə qədər kapital yatırımları öz dəyərini ödəyəcək, idarəetmə xərcləri isə çox aşağı olacaqdır”. Bəs o zamana qədər? Axı “biznesmen”lər gözləməyi xoşlamırlar?!

Bəllidir ki, PEQ emissiyasının azaldılması üçün “bərpa olunanlardan” başqa, iqtisadi cəhətdən daha səmərəli yollar mövcuddur. Məsələn, qaz turbinləri kömür elektrik stansiyalarına nisbətən daha (50%-ə qədər) az PEQ emissiya edir. Bu baxımdan, yanacaq vasitəsi kimi kömürün təbii qazla əvəz edilməsi Avropa İttifaqının iqlim hədəflərinə çatmasının ən ucuz və səmərəli yolu ola bilər. Bu üsulla ABŞ 2005-2011-ci illər arasında atmosferə buraxılan PEQ-nın miqdarını 6.9% azaltmağa nail olmuşdur. Digər tərəfdən də, karbon 4-oksidin (CO2) yığılması və basdırılması (KYB) texnologiyası ümumilikdə atmosferə zərərli qaz emissiyasını sıfıra endirə bilər.

Xülasə, ekologiyaya antropoloji təsirin minimallaşdırılması üçün enerji sisteminin təkamülü yolları çoxsaylıdır. Yeganə problem ya bütün dünya ölkələrini hüquqi formada ekoloji xərcləri çəkməyə məcbur etməkdir, ya da İttifaqdaxili PEQ emissiyasının azaldılmasının iqtisadi cəhətdən ən səmərəli yolunun seçilməsidir. 2015-ci ildə Parisdə keçiriləcək beynəlxalq ekoloji konfrans birincinin nə dərəcədə real olduğunu aydınlaşdıracaq. Hələlik isə rəsmi Brüsselin “B planı” üzərində işləməsi ən ağlabatan variant kimi görünür.

Faiq Abbasov

ŞƏRHLƏR
MÖVZU İLƏ BAĞLI XƏBƏRLƏR
Faiq Abbasov PhD, University of Sheffield Müəllifin profili
DİGƏR YAZILARI
08/04 07:19Krım yalnız uvertüradır31/01 10:17Sammit hələ də davam edir… elmi-siyasi forumlarda29/01 11:38Enerji rəqabətliliyi Avropaya gələcəkdə nə vəd edir?21/01 12:52Müstəqil Şotlandiya uduzacaq08/01 19:02Kremlin Yaxın Şərq Strategiyasının Növbəti Taktı?23/12 13:29Avropa Komissiyası: TANAP, TAP, BTƏ-x boru kəmərləri İttifaq üçün Ümumi Maraq Layihələridir!13/12 17:14“Cənub Axını” Dastanı: Niyə Rusiya Avropa Komissiyası ilə Danışmır?02/12 18:39“Xəzərlilərə” Hə, Ruslara isə Yox?
DİGƏR BLOQQERLƏR
Yalçın MəmmədovPhD, Université Libre de Bruxelles
Faiq AbbasovPhD, University of Sheffield
Elvin QüdrətovPhD, Université de Lorraine
Orxan SəttarovPhD, Freie Universität Berlin
Mohamed SamehAralıq dənizi və Avropa Qonşuluğu institutunun və Brüsseldəki Avro-Ərəb forumunun tətqiqatçısı
Tərlan MəsmalıUniversität des Saarlandes