SiyasətEnerjiMövqeBloq
İqtisadiyyatElm və TəhsilMədəniyyət"Rəsm"i mövqe
Bloq
mart04
İran: ümidlər və reallıq 04 Mart 2014 | 17:48
A
A
print
Baxılıb: 1049

Həsən Ruhaninin hakimiyyətə gəlməsi İranla Qərb ölkələri arasında münasibətlərin həqiqi “istiləşmə”sinə gətirib çıxaracaqmı?

İranla Qərb ölkələri arasında münasibətlərin istiləşməsi ehtimalı dünya ekspertləri tərəfindən ən çox müzakirə olunan mövzulardan biri olaraq qalmaqdadır. 14 iyun 2013 ildə İran İslam Respublikasında prezident seçkiləri keçirildi. Bir çoxları İran Ali Təhlükəsizlik Şurasının katibi Səid Cəlilinin qalib gələcəyini düşünürdü. Amma artıq birinci turda həm İranda, həm də xaricdə mötədil islahatçı və din xadimi kimi tanınan Həsən Ruhani öz rəqiblərini ötüb keçdi. Analitiklərin söylədiyinə görə, Ruhaninin islahatçılar blokunun vahid namizədi olması müəyyən mənada onun öz iradəsinə qarşı baş vermişdi. 

İranda qəbul olunmuş prosedura əsasən, seçkilərdə yalnız “Keşikçilər şurası”nın təsdiqlədiyi namizədlər iştirak edə bilərlər. Bu mühafizəkar qurumun 12 üzvündən altısı ilahiyyatçı olmalı və ölkənin ali rəhbəri tərəfindən təyin olunmalı, digər altı üzvü isə mütləq hüquqşünas olmalı və ölkənin parlamenti olan Məclis tərəfindən seçilməlidir. Ölkənin sabiq prezidenti Əli Əkbər Haşimi Rəfsəncani daxil olmaqla, islahatçılar blokunun əsas namizədləri “Keşikçilər şurası” tərəfindən seçkilərdən uzaqlaşdırılmışdı. Qeyd edək ki, İranda kifayət qədər təqvanın olmaması (kifayət qədər dindarın olmamaq) da bu cür qərar üçün bəhanə ola bilər. Bunları nəzərə alaraq, Həsən Ruhani İran əhalisinin dəyişikliklər arzusunda olan hissəsinin dəstəyini asanlıqla qazana bildi. Yeni seçilmiş prezident artıq öz ilk mətbuat konfransında İranın nüvə proqramını şəffaflaşdırmağa, həmçinin ölkəsinin digər dövlətlərlə münasibətlərini qaydaya salmağa söz verdi.

İlk baxışdan, bundan sonra baş verən hadisələr nikbinlik üçün istənilən qədər əsas verir. Həsən Ruhaninin BMT Baş Assambleyasında çıxış edərək, Mahmud Əhmədinejaddan fərqli olaraq, Holokostu tarixi fakt adlandırması əsl sensassiyaya səbəb oldu. Daha sonra Nyu-Yorkda jurnalistlərə verdiyi müsahibədə İranın nüvə probleminin qısa zaman ərzində həll olunacağına dair ümidini ifadə edərək, daha bir “ismarıc” göndərdi. Ən nəhayət, ABŞ və İran prezidentləri arasında son 34 il ərzində ilk telefon danışığı baş tutdu. Ağ evdən verilən məlumata görə, 15 dəqiqə çəkən söhbət kifayət qədər səmimi keçdi və prezidentlər nüvə problemini sülh yolu ilə həll edəcəklərində qərarlı olduqlarını bildirdilər.

Cenevrədə “altılıq”la İran arasında danışıqların başlanğıcı ərəfəsində “böyük ümidlər” öz kulminasiya nöqtəsinə çatmışdı. Bu ümidlər, demək olar ki, özünü doğrultdu: İranla “altılıq” ölkələri aralıq anlaşmasına nail ola bildilər. Bu anlaşma bir tərəfdən İranın nüvə proqramının məhdudlaşmasını, digər tərəfdən isə İrana qarşı tətbiq olunan beynəlxalq sanksiyaların yüngülləşdirilməsini nəzərdə tutur. İnqilab, neft şirkətlərinin əmlakının milliləşdirilməsi və ABŞ səfirliyinin ələ keçirilməsindən sonra İranın qərb banklarında dondurulan aktivləri yenidən bu ölkənin ixtiyarına verildi. Bütün bunlarla yanaşı, KİV-də bir çox başqa “ismarıc”, o cümlədən İran-ABŞ birgə ticarət palatasının yaradılması və Əhmədinejad tərəfindən mütəmadi olaraq keçirilən “antisionist konfransı”nın ləğvi müzakirə olundu. Hətta Ruhaninin arxa planda kiçik yeni il yolkası olan fotoşəkli də siyasi jest kimi qəbul edildi: bu yaxınlara qədər İranda milad və yeni il simvolikası qadağan idi.

Eyni zamanda, İran Avropa İttifaqı ilə əlaqələr qurmağa çalışır və hal-hazırda İranla Avropa İttifaqının birgə ticarət palatasının yaradılması haqqında danışıqlar gedir. İran-Almaniya ticarət palatasının rəhbəri Daniel Bramberqin sözlərinə görə, bu ticarət palatası da növbəti yarımillikdə sanksiyaların ləğvinə və Almaniya biznesinin İran iqtisadiyyatına irimiqyaslı sərmayələrinə hazırlaşır. Təsadüfi deyil ki, İranın xarici işlər naziri Cavad Zərif  Təhlükəsizlik üzrə Münxen konfransından sonra Berlinə səfər edərək, Almaniya Xarici Siyasət cəmiyyətində nitq söyləyib. Politoloqlar, siyasətçilər, iş adamlarından ibarət yerli auditoriya onun çıxışına hədsiz maraq göstərib və tədbirdə iştirak etmək istəyənlərin sayı ayrılmış yerlərdən qat-qat artıq olub.

Məhəmməd Cavad Zərif Berlində Avropa auditoriyasının eşitmək istədiyi bir sıra açıqlama verdi. İranın yeni prezidentinin komandasının bir çox üzvü qərb təhsili aldığı üçün yeni hökumət Avropa auditoriyasının xüsusiyyətləri ilə bağlı incəlikləri çox gözəl bilir. Beləliklə, cənab Zərif Holokostu tanımaqla kifayətlənməyərək, bu cinayəti qətiyyətlə pislədi. Təbii ki, Almaniyanın tarixi keçmişi ilə bağlı olaraq, ölkədə bu məsələyə həddindən artıq həssas yanaşırlar. Beləliklə, nazir yeni hökumətin bütün yəhudi xalqını deyil, sadəcə İsrail dövlətini rəqib hesab etdiyini nümayiş etdirdi.

Bundan əlavə, Zərif alman ictimaiyyətini öz hökumətinin dünya ölkələri ilə münasibətləri normallaşdırma kursuna sadiq olduğuna inandırmağa çalışdı. O, İranın beynəlxalq ictimaiyyətə inteqrasiya olunmuş aktor olmağa və konstruktiv rol oynamağa çalışdığını bildirdi. Nazir vurğuladı ki, yeni hökumətin İranda açıq cəmiyyətin yaradılması, həmçinin beynəlxalq ictimaiyyətlə dialoqun qurulmasına dair addımları İranla digər ölkələr arasında olan münasibətlərin xarakterini mahiyyət etibarilə dəyişmək üçün atılıb. “Sizi inandırıram ki, bütün bunlar 6 aylıq müddətə sanksiyalardan möhlət almaq üçün deyil”,- deyə nazir bildirdi. O dedi: “Biz onsuz da regionda ən çox əhalisi və ən çox gücü olan dövlətik”.  Nazir bildirdi ki, İran öz qonşuları ilə, o cümlədən Səudiyyə Ərəbistanı ilə münasibətlərini rəqabət üzərində deyil, əməkdaşlıq üzərində qurmaq istəyir. Zərif həmçinin “altılıq”la danışıqlarla bağlı çox nikbin fikir söylədi: “Düşünürəm ki, artıq bu ilin iyul ayında tam razılaşma əldə bilərik. Bunun üçün tələb olunan şərait və siyasi iradə mövcuddur. İstəsək, buna daha tez də nail ola bilərik”.

Lakin bütün sadalananlar İranın təcrid dövrünün sona çatdığını, sanksiyaların tam götürülməsinin sadəcə vaxt məsələsi olduğunu və çox tezliklə Yaxın Şərqin “siyasi arxitektura”sının tanınmayacaq dərəcədə dəyişəcəyini söyləməyə imkan verirmi? Lap əvvəldən İranla əldə olunacaq razılaşmalarla bağlı nikbinliyi heç də hamı bölüşmürdü. Beləliklə, İsrailin baş naziri Benyamin Netanyahu BMT Baş Assambleyasında çıxışı zamanı Ruhanini “quzu dərisi geyinmiş canavar” adlandıraraq, onun əvvəlki İran prezidentindən daha təhlükəli siyasətçi olduğunu bildirmişdi. Qərblə münasibətlərin normallaşdırılması Ruhani üçün müəyyən dərəcədə məcburi addım idi. İrana qarşı BMT tərəfindən tətbiq edilən sanksiyalar, habelə ABŞ və Avropa ölkələrinin birtərəfli sanksiyaları İran iqtisadiyyatı üçün həddindən artıq ağır yükə çevrilmişdi. Həyat səviyyəsinin aşağı düşməsi və inflyasiya ictimai partlayış təhlükəsi yaratmışdı və Ruhani bunu anlamaya bilməzdi. Onun üçün sanksiyaların götürülməsi və ya önəmli dərəcədə yüngülləşdirilməsi həyati əhəmiyyət daşıyırdı. Lakin Ruhaninin Qərblə barışığının əsas siyasi xətt, yaxud məcburi addım kimi qiymətləndirilməsi qaranlıq olaraq qalır. Onun nə dərəcədə irəli getməyə hazır olması da məlum deyil. Hər halda, bir çox analitiklər xatırladırlar ki, İran prezidentinin kifayət qədər ciddi səlahiyyətləri olsa da, o heç də dövlət başçısı deyil. İranda ali hakimiyyət Ali Rəhbərə - Əli Hamaneiyə məxsusdur. Hələ ki o Ruhaninin siyasətini dəstəkləyir, lakin o, “mollakratiyanın” qoyduğu həddən kənara çıxarsa, İran ruhanilərinin islahatları dayandırmaq üçün kifayət qədər imkanları var.

90-cı illərin sonuna aid kədərli təcrübəni xatırlatmaq yerinə düşərdi. Həmin dövrdə Məhəmməd Xatəmi prezident seçilmişdi. Məhz onun qələbəsindən sonra bütün dünyada İran “islahatçıları” haqqında söhbətlər başlamışdı. Məhəmməd Xatəmi də öz dövrü üçün qeyri-adi addımlar atırdı. O, Amerika mediasına müsahibələr verir, “sivilizasiyaların dialoqu” haqqında danışır, xarici siyasətdə güzəştlərin mümkünlüyünə işarə edirdi. O həmçinin İranın daxilində tədrici islahatlara başlamışdı. Xatəmini artıq “İranın Qorbaçovu” elan etmişdilər. Ekspertlər Məhəmməd Rza şah Pəhləvinin dövründə olduğu kimi, İranın ABŞ-ın müttəfiqi olduğu yeni Yaxın Şərqi təsvir etməyə başlamışdılar.

Lakin tezliklə məlum oldu ki, ekspertlər həddindən artıq tələsik qənaətə gəlibmişlər. İranın daxili və xarici siyasətində hər hansı mühüm dəyişikliklər baş vermədi. Səlahiyyətlərin mürəkkəb şəkildə paylandığı sistemdə İranın mühafizəkar “mollakratiya”sı Xatəmiyə ölkənin modernləşdirilməsini başa çatdırmağa imkan vermədi. Eyni zamanda, Qərb də artıq bildirirdi ki, “avans və bəxşişlər” dövrü artıq bitmişdir.

Vaşinqton İrana qarşı yeni sanksiyalardan çəkinsə də, bundan artıq heç nə etmir. Doğrudur, ABŞ İranın Dövlət Televiziya və Radio Şirkətinə qarşı sanksiyaları aradan qaldırıb. Lakin bu yaxınlarda Vaşinqtonda İrana qarşı sanksiyalar rejimini pozmuş şirkətlərin “qara siyahı”sı dərc olunub. ABŞ dövlət katibi Con Kerri isə dünya biznesini İran bazarının açılmasına dair həddindən artıq nikbin olmaqdan çəkindirib. Xarici siyasət idarəsinin başçısı bildirib ki, İrana qarşı sanksiyalar hələ də qüvvədədir və əgər Tehran Cenevrədə bağlanan anlaşmaları pozsa, İrana qarşı yeni məhdudiyyətlər tətbiq olunacaq. Həmçinin unutmaq lazım deyil ki, Cenevrədə əldə olunan eyni anlaşmalar Tehran və Vaşinqtonda müxtəlif şəkildə yozulur. Ən nəhayət, Vaşinqton özü də tam sərbəstliyə malik deyil. İlk növbədə, Barak Obama Yaxın Şərqdəki müttəfiqlərinin, o cümlədən ABŞ-dakı yəhudi lobbisinin, çox böyük nüfuza malik olan İsrailin mənfi reaksiyasını nəzərə almaya bilməz.

İranla ABŞ arasında münasibətlərin istiləşməsi perspektivi başda Səudiyyə Ərəbistanı olmaqla, Fars körfəzində yerləşən neft monarxiyalarını da heç də az narahat etmir. Tehranla Ər-Riyad arasında regional rəqabət həmişə mövcud olub, lakin hər iki ölkə ABŞ-ın himayəsi altında olduğu dövrdə Vaşinqton onların bir-birinə qarşı düşmənçilik cəhdlərinin qarşısını alırdı. İran inqilabından bir qədər sonra İranla İraq arasında müharibə başladı. İndi isə Tehranla Ər-Riyadın maraqları Yəmən, Livan və Bəhreyndə kəsişir. Ən kəskin qarşıdurma isə Suriyada baş verir.

Bütün bunları nəzərə alaraq, aydın olur ki, Barak Obama heç də İranın istədiyi manevr sərbəstliyinə malik deyil. Eyni zamanda, Ruhani də öz “islahatçı” imicinə baxmayaraq, yalnız rəhbərin qoyduğu çərçivə daxilində hərəkət edə bilər. ABŞ Ruhanidən daha irimiqyaslı addımlar gözləyir. Lakin İranın ali rəhbərinin bu addımlara hazır olub-olmadığı sual altındadır. Hər halda, ABŞ-ın imkanı olduğu təqdirdə, tərəddüd etmədən İran rejimini devirəcəyi barədə Əli Hamaneinin bu yaxında verdiyi bəyanat İranla ABŞ arasında inamsızlığın bariz nümunəsidir.

Orxan Səttarov

ŞƏRHLƏR
MÖVZU İLƏ BAĞLI XƏBƏRLƏR
Orxan Səttarov PhD, Freie Universität Berlin Müəllifin profili
DİGƏR BLOQQERLƏR
Yalçın MəmmədovPhD, Université Libre de Bruxelles
Faiq AbbasovPhD, University of Sheffield
Elvin QüdrətovPhD, Université de Lorraine
Orxan SəttarovPhD, Freie Universität Berlin
Mohamed SamehAralıq dənizi və Avropa Qonşuluğu institutunun və Brüsseldəki Avro-Ərəb forumunun tətqiqatçısı
Tərlan MəsmalıUniversität des Saarlandes