SiyasətEnerjiMövqeBloq
İqtisadiyyatElm və TəhsilMədəniyyət"Rəsm"i mövqe
Bloq
mart15
Ukrayna böhranı beynəlxalq nizamı necə poza bilər? 15 Mart 2014 | 11:25
A
A
print
Baxılıb: 1025

Rusiyanın Ukraynaya təxmin edilən hərbi təcavüzü və Krımı özünə birləşdirmək cəhdləri beynəlxalq münasibətlərdə son onilliklərdə qazanılmış nizamın pozulması ilə nəticələnə bilər. Təsadüfi deyil ki, Fransanın xarici işlər naziri Ukrayna böhranını “Soyuq müharibədən sonra ən ciddi böhran” adlandırmışdı.

Artıq Qərblə Rusiya arasında münasibətlərin pozulması və ritorikanın şiddətlənməsi heç kimdə şübhə doğurmur. Martın 14-də qəbul olunmuş qətnamə ilə Avropa Parlamenti Rusiyanı işğalda və hərbi təcavüzdə günahlandırdı. ABŞ və Avropa Rusiyaya qarşı sanksiyalar tətbiq etməyin bir addımlığındadır. Bunun əvəzində isə Rusiya ABŞ-la imzalanmış və strateji hücum silahlarının məhdudlaşdırılmasını nəzərdə tutan “Start” müqaviləsinin icrasını dayandırmaqla hədələyib. ABŞ isə Rusiya ilə hərbi əməkdaşlığa son qoyur. Bununla yanaşı, məhv edilmək üçün nəzərdə tutulan və Suriyaya məxsus olan kimyəvi silahları daşıyan Amerika gəmisi “Cape Ray”in birgə müşayiəti də təxirə salındı.

Bunlar tək Ukrayna böhranına deyil, bütün əsas beynəlxalq məsələlərə birbaşa təsir edəcək gücdədir.

Rusiyanın Krımı özünə birləşdirməsi rahatlıqla həzm olunmayacaq bir vəziyyətə gətirib çıxara, onun Qərblə münasibətlərini kökündən dəyişə bilər. Məsələ burasındadır ki, bu, İkinci Dünya müharibəsindən sonra ilk dəfə bir ölkənin digər ölkəyə məxsus ərazini zorla özünə birləşdirməsi halıdır. Ukrayna hakimiyyətini faşizmdə günahlandıran Rusiya hökuməti Krımı özünə birləşdirməklə 1938-ci ildə faşist Almaniyasının Avstriyaya «Anşlüs» ilə sahib çıxmasını təkrar etmiş olacaq. Bundan əlavə, bu işğalın baş tutması Budapeşt Memorandumu ilə Ukraynanın suverenliyinə qarant olmuş ABŞ və Böyük Britaniyanın beynəlxalq arenadakı etibarlılığını şübhə altına almış olacaq.

Zəncirvari reaksiya nəticəsində bütün digər əsas beynəlxalq məsələlər açılması mümkün olmayan düyünə çevrilə bilər. Xatırladaq ki, Suriyaya məxsus kimyəvi silahların məhv edilməsi Qərbin Suriyaya hərbi müdaxiləsinin qarşısını almaq üçün Rusiya tərəfindən irəli sürülmüş həll yolu idi. Şübhəsiz ki, Rusiyanın Qərblə əməkdaşlığını dayandırması Suriya böhranının da dərinləşməsinə gətirib çıxara bilər. Hazırda Bəşər Əl-Əsədin başlıca dəstəyi və təchizatçısı Rusiyadır.

İran ilə də ötən ilin noyabrında imzalanmış razılıq Rusiyanın xeyir-duasından sonra mümkün olmuşdu. Təbii ki, nüvə silahına sahib İran Rusiyanın marağında deyil. Bununla belə, Ukraynadakı yeniliklər İranı planlarında dəyişiklik etməyə sövq edə bilər. İranlılar yaxşı xatırlayırlar ki, bir vaxtlar İraq və Liviya nüvə silahına sahib olmamaq öhdəliyi götürmüşdü. Bununla belə, bu, onları xarici həmlələrdən qorumadı.

Eynilə Ukrayna da böyük qüvvələrin təbəəçiliyi qarşılığında nüvə silahından imtina etmişdi. Son hadisələr göstərir ki, beynəlxalq təbəəçilik Ukraynanı xarici təcavüzdən qorumadı. Bütün bunların fonunda İran nüvə silahına sahib olmaq planlarını yeniləyə bilər.

Hazırki vəziyyəti soyuq müharibə ilə müqayisə edənlər tapılsa da, vəziyyətin fərqli olduğu göz qabağındadır. Birincisi ona görə ki, soyuq müharibə bloklaşma məntiqi ilə aparılırdı: bir tərəfdə NATO vardısa, digər tərəfdə Varşava Paktı ölkələri vardı. Bu gün isə NATO hələ də var, Rusiya isə ona qarşılıq verə biləcək heç bir alyansda təmsil olunmur. Hətta Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı belə həqiqi blok sayıla bilməz. İkincisi, tərəflər arasında həqiqi qarşılıqlı asılılıq var. Rusiya xarici ticarətinin 50 faizi Aİ-nin payına düşür. Bir çox məsələlərdə Rusiya Qərb ölkələri ilə tərəfdaş müstəvisində fəaliyyət göstərir.

Yalçın Məmmədov

 

ŞƏRHLƏR
MÖVZU İLƏ BAĞLI XƏBƏRLƏR
Yalçın Məmmədov PhD, Université Libre de Bruxelles Müəllifin profili
DİGƏR YAZILARI
18/11 19:59Fransa-Rusiya: hərbi gəmilərin taleyi necə olsun?12/11 16:28Rusiyaya qarşı sanksiyalar nə qədər effektivdir ?12/09 07:02NATO sammitinə sözardı : Ukrayna üzvlük yolunda22/06 05:03Merkel və Kemeron : nə bir yerdə, nə də ayrı29/05 20:37Avropa seçkilərinə sözardı07/05 14:57Üzrü günahından betər Rusiya03/02 15:38Avropa İttifaqının yeni sınağı: separatçılıq18/12 19:46Ümumi Təhlükəsizlik və Müdafiə Siyasəti: növbəti təkan
DİGƏR BLOQQERLƏR
Yalçın MəmmədovPhD, Université Libre de Bruxelles
Faiq AbbasovPhD, University of Sheffield
Elvin QüdrətovPhD, Université de Lorraine
Orxan SəttarovPhD, Freie Universität Berlin
Mohamed SamehAralıq dənizi və Avropa Qonşuluğu institutunun və Brüsseldəki Avro-Ərəb forumunun tətqiqatçısı
Tərlan MəsmalıUniversität des Saarlandes