SiyasətEnerjiMövqeBloq
İqtisadiyyatElm və TəhsilMədəniyyət"Rəsm"i mövqe
Bloq
aprel14
Avropa İttifaqı: bütün cəbhələrdə məğlub? 14 Aprel 2014 | 18:00
A
A
print
Baxılıb: 1250
photo: Peter Schrank / The Economist

Avropa İttifaqının dünyanın qaynar nöqtələrindəki uğursuzluğunun pərdəarxası misirli-italyan iqtisad elmləri doktoru Mohamed Samehin təhlilində.

Avropa İttifaqının Suriya münaqişəsində fəaliyyətsizliyi: Strateji addım, yoxsa bacarıqsızlıq?

Avropanın Suriya münaqişəsi ilə bağlı yanaşma tərzi çətin ki sırf bu iki anlayışın hər hansı biri ilə səciyyələndirilə bilər. İlk növbədə, Avropanın xarici və təhlükəsizlik siyasətindən söhbət getdikdə, Avropa İttifaqı (Aİ) və ona üzv dövlətləri fərqləndirməliyik. Məsələn, Aİ institutlarından biri olan və birbaşa Avropa vətəndaşlarından təşkil edilmiş Avropa Parlamenti Əsəd rejimini qınayırdı. 2011-ci ildə Suriyada dinc nümayişlərə qəddar təzyiqlər edilməyə başlandığı ilk günlərdən bəri sanksiyaların keçirilməsini, Suriyanın yüksək vəzifəli məmurlarının və rejimlə əlaqəsi olan biznesmenlərin qara siyahılarının tərtib edilməsini tələb edirdi. Avropa Parlamentinin Suriya xalqının azadlıq və demokratiya hüquqlarının qorunması üçün nə qədər vasitəçilik etdiyini və qəbul etdiyi qətnamələri görmək üçün sadəcə “google” və “youtube”da axtarış etmək kifayətdir.

Milli parlamentlərin Suriya faciəsi ilə bağlı eyni mövqedə olduqlarını və ya məsələni eyni tempdə müzakirə etdiklərini demək çətindir. Bəziləri məsələyə immiqrasiya böhranı, digərləri humanitar yardım nöqteyi-nəzərindən yanaşırlar. Aİ ticarətlə bağlı tədbirlər gördü. Üzv dövlətlər Suriya rejiminə qarşı sanksiyalar tətbiq edilməsi və Suriya ilə ticarətin kəskin azalması ilə bağlı Aİ Şurası səviyyəsində konkret birgə mövqe tutdular. Hazırda açıq-aydın atılan bu addımlara rəğmən sanksiyaların səmərəliliyi və effektivliyi kifayət qədər deyil. Suriyanın yeganə ticari tərəfdaşı Aİ deyil. 2011-ci ildən 2012-ci ilədək Aİ-Suriya idxalı və ixracı müvafiq olaraq 90%-dən 60%-ə enib. Suriya ilə dünya ticari tərəfdaşlığı isə daha az, lakin yenə də önəmli miqdarda – 30% azalıb. İraq, Küveyt, Liviya, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və İran kimi ölkələrin eyni zamanda ölkə ilə ticari əməkdaşlığı artırdığını görmək kədərli idi. 2012-ci ildə Səudiyyə Ərəbistanı və İraq Suriyanın başlıca ticari tərəfdaşları idi. Hətta Rusiya belə ikinci planda qalırdı!

Almaniyanın Suriya məhsullarının idxalını 1,28 milyard dollardan 85 milyon dollara qədər azaltdığı bir vaxtda, İraq 2011 və 2012-ci illər arasında idxalı 6 milyard dollardan 6,3 milyard dollara qaldırmışdı. Əlbəttə, sanksiyaların təsirinin tam təhlili bu çərçivədən çıxır, lakin bəzi məsələləri vurğulamaq istəyirəm: Aİ və üzv dövlətlər hesab edirlər ki, bütün bu addımlar Əsədi ciddi danışıqlara və ölkədə qan tökülməsinin qarşısının alınmasına razı salmağa yetərli deyil. Bəlkə də Rusiya hərbi qüvvəsinin Suriya limanlarında olmasını, sünni-şiə bölünməsini, İran-İsrail münasibətlərini, cihadçı silahlı qrupları nəzərə aldıqda, geosiyasi planda Suriya silahlı münaqişəsini başa düşmək daha asandır. Lakin yenə də öz rejiminə qarşı tətbiq edilən ağır sanksiyaları ticarət və biznes vasitəsilə xalqına nəql etmək istəyən bir despotla başa çıxmaq həddindən artıq çətindir. Fəlakətli siyasi böhrandan sülh yolu ilə çıxmağa ümid olmadığı, Əsədin güzəştə getməkdən imtina etdiyi, rejim tərəfindən vəhşiliklərin törədilməyə davam etdiyi, rejimi xalqa qulaq asmağa məcbur etmək üçün hərbi müdaxilənin perspektivinin olmadığı bir vaxtda cihad onsuz da qarışıq olan vəziyyəti daha da gərginləşdirə bilərdi. Kim Əsədi istefa edib törətdiyi əməllərə görə beynəlxalq cinayət məhkəməsi qarşısında cavab verməyə məcbur edə bilərdi?

2011-ci ildə razılıq əldə edilməsi onun hakimiyyətdə qalmasına imkan verə bilərdi. Əlbəttə, ölkə bölündüyü halda belə bir variantdan söhbət gedə bilməzdi. Bu gün onun özü və Suriya xalqı üçün ən yaxşı variant milli qurtuluş hökumətinin yaradılmasına imkan verən, dövlət polis müəssisələrinin sökülməsi prosesini başladan milli və beynəlxalq razılıq əldə etmək, silahlı qrupların yeni milli orduda inteqrasiyası barədə danışıqlar aparmaq,  Suriyanın müxalifət qrupu ilə İsrailin nümayəndələri arasında sülh danışıqlarını başlatmaq, onun isə istefa edərək öz rejiminin yüksək vəzifəli məmurları ilə birlikdə İrana və ya Rusiyaya üz tutması olar. Öz hərbi qüvvələrini Tartus limanında saxlaya və Dəməşqdə yaradılan yeni rejimlə dostluq münasibətləri qura bilər. Belə bir razılıq əldə etmək olduqca çətindir, lakin razılığa gəlinməsə, hər gün insanlar ölməyə davam edəcək. Bu qırğınlardan uzaqlaşmaq çağırışı səsləndirilməsə də, Avropa, ABŞ, Rusiya, İran, İsrail, Fars körfəzi ölkələri, Suriyanın silahlı və silahsız müxalifətinin daxil olduğu birgə addım atıla bilər. Suriyalıların ölümünün qarşısını almaq üçün İsrail-İran, İsrail-ərəb, ABŞ-Rusiya, cihad-sekulyar cəmiyyət arasındakı münasibətlər yenidən nəzərdən keçirilməlidir. Qısaca desək, Suriya vətəndaşlarına digər bir Yaxın Şərq lazımdır!

Avropa İttifaqı Rusiyaya məğlub olurmu?

İlk növbədə, Avropanın xarici və təhlükəsizlik siyasətindən söhbət getdikdə, Avropa İttifaqı (Aİ) və ona üzv dövlətləri fərqləndirməliyik. Aİ və üzv dövlətlərin çoxu Rusiya ilə düşmən olmağı düşünmür. Soyuq müharibə keçmişdə qalıb və 2012-ci ildə Rusiya ilə ticarət demək olar ki 380 milyon dollara çatmışdı. Aİ üzvlərinin çoxunun eyni zamanda üzvü olduğu NATO-nun Rusiya ilə hərbi əməkdaşlığı gücləndirmək üçün bir çox vasitələri var. Əfqanıstanda fəaliyyət göstərən NATO qoşunları Rusiyanın hava məkanından keçməyə icazə verən razılaşmalardan faydalanırlar.

Hazırda aydındır ki, Rusiya rejimi bir çox aspektdə onun bazar iqtisadiyyatında rəqabət aparmasına, liberal-demokratiyanın qurulmasına, korrupsiya ilə mübarizəyə, hökumətdə məsuliyyətə və inzibati şəffaflığın tətbiqinə imkan verən təşkilati struktunun yoxluğundan əziyyət çəkir. Müasir dövlət üçün zəruri olan bu cür strukturun əskikliyi Rusiya rejiminin oyunu öz qaydalarına görə oynamasına gətirib çıxarır: istehsal vasitələrinin, dövlət təbliğatı və soyuq müharibə geosiyasətinin mərkəzləşdirilməsi! Rusiya müxtəlif səbəblərə görə özünü Aralıq dənizində qırmızı xətt kimi görür. Qoy, belə olsun! Rusiya və Avropa Suriyadakı münaqişəni başa çatdırmaq üçün birgə səy göstərməli, xalqa dəstək olmalıdır. Həmçinin Suriya sahillərində Rusiyanın iştirakını saxlamaq üçün Dəməşqdə yeni idarəçilərlə razılığa gəlməlidir. Əlbəttə, məsələlər daha da kəskinləşə bilər və dövlətin dəstəklədiyi "Qazprom" da Şərqi Aralıq dənizində qazın tədqiqi və istismarında inhisarçılığa başlamaq istəyə bilər! Rusiyanın Suriya məsələsində hazırki mövqeyi sözsüz ki müharibəni dayandırmaq və post-Əsəd xaosuna yenidən düçar olmadan Əsəd rejimini uzaqlaşdırmaq üçün görülən birgə beynəlxalq səylərə töhfə vermir.

Bəziləri Rusiyanın milli və beynəlxalq iştirakçıları öz iradəsinə tabe edərək Suriyada qalib gəldiyini düşünə bilərlər, lakin Ukraynada vəziyyət tamamilə əksinədir. Bəziləri isə Ukraynada baş verənlərin rus rejimi üçün böyük itki olduğunu düşünə bilərlər. Avropa hazırki Kiyev hökumətini dəstəkləmək üçün bütün vasitələrini səfərbər etdi və Rusiyanın hazırda itirilmiş döyüş razılaşması barədə danışıqlar apardığını demək olar.

Əlbəttə, situasiya çox həssasdır. Kiçik bir səhv lazımsız, ciddi qarşıdurmaya gətirib çıxara bilər. Krımda baş verənlər Rusiyanın idarə etdiyi Krımın idarəsini ələ keçirərək televiziyada güc nümayiş etdirməyin yeganə yolu idi. Bu, 1973-cü ildəki Kippur müharibəsini xatırladır. İsrail qoşunları müharibəni Sinaydakı misirlilərlə müqayisədə daha əlverişli mövqedə başa çatdırarkən Misir hərbi qüvvələrinin dəstəklədiyi rejim o vaxtdan etibarən hər il öz qələbəsini qeyd edir! Bütün rus şəhərlərinin anası olan Kiyev itib və rus rejimi hələ də onsuz da onların nəzarəti altında olan Krım qələbəsini qeyd edir! Bu, Aİ və ona üzv olan dövlətlərin nəyə görə Rusiyanın Krımı işğalına qarşı mübahisəli, məhdud tədbirlər qəbul etdiyini xeyli dərəcədə açıqlayır. Əlbəttə ki, nə Kiyev, nə də Krımın pis vəziyyətə düşməsi heç kimə lazım deyil. Əgər Avropa Ukraynanın arzularını yerinə yetirə bilirsə, Rusiyaya da yol açmağa qadirdir. Rusiya iqtisadiyyatının modernləşdirilməsi, Aİ və üzv dövlətlərlə əməkdaşlıq çərçivəsində administrativ və siyasi strukturlar həm ruslar, həm də avropalılar üçün daha parlaq gələcək təmin edə bilər. Bir çox aspektdən nəzər saldıqda, rusların çoxu elə əsl avropalıdır!

Mohamed Sameh

ŞƏRHLƏR
MÖVZU İLƏ BAĞLI XƏBƏRLƏR
Mohamed Sameh Aralıq dənizi və Avropa Qonşuluğu institutunun və Brüsseldəki Avro-Ərəb forumunun tətqiqatçısı Müəllifin profili
DİGƏR BLOQQERLƏR
Yalçın MəmmədovPhD, Université Libre de Bruxelles
Faiq AbbasovPhD, University of Sheffield
Elvin QüdrətovPhD, Université de Lorraine
Orxan SəttarovPhD, Freie Universität Berlin
Mohamed SamehAralıq dənizi və Avropa Qonşuluğu institutunun və Brüsseldəki Avro-Ərəb forumunun tətqiqatçısı
Tərlan MəsmalıUniversität des Saarlandes