SiyasətEnerjiMövqeBloq
İqtisadiyyatElm və TəhsilMədəniyyət"Rəsm"i mövqe
Bloq
aprel22
Krım: Bir güllə ilə bir neçə dovşan 22 Aprel 2014 | 17:02
A
A
print
Baxılıb: 1068

Maydan hərəkatını səbrlə izləyən Rusiya hakimiyyəti Ukrayna prezidentinin ölkədən qaçmasından sonra hərəkətə keçməyə başladı. Yanukoviçin ölkəni tərk etməsi, yəni Ukraynanın Rusiyanın nəzarətindən çıxması vəziyyətin kritik nöqtəyə çatması demək idi. Hakimiyyətə gələn müvəqqəti hökumət dərhal Yanukoviçin imzalamaqdan imtina etdiyi Assosiasiya Müqaviləsini imzalayacaqlarını bildirdi və martın 21-i bu sazişin siyasi bəndlərini imzaladı. Müqaviləyə əsasən, Aİ və Ukraynanın qarşılıqlı maraqları çərçivəsində tərəflər arasında iqtisadiyyat, xarici siyasət, eləcə də təhlükəsizlik sahələrində siyasi dialoq dərinləşdirilməli idi. Qeyd edilən əməkdaşlıq Ukraynanın tədricən Aİ-nin təhlükəsizlik zonasına cəlb etmək məqsədi daşıyırdı. Bu isə müvəqqəti hökumətin Avropa meyilliliyinin və Avropa institutlarına inteqrasiya niyyətinin birbaşa göstəricisi idi. Bununla da, Ukraynanın tam əldən getdiyini anlayan Putin hələ rəsmi Kiyev Assosiasiya Müqaviləsini imzalamamışdan əvvəl Ukraynanın və ümumiyyətlə regionun geostrateji baxımdan əhəmiyyətli ərazisi olan Krımı isğal etməyə qərar verir və işğal edir.

Krımın anneksiyasının arxasında mürəkkəb geosiyasi əsasları olan bəzi səbəblər var. Bu səbəbləri daxili və xarici səbəblər şəklində qruplaşdırmaq olar.

  1. Daxili səbəblər :

Rusiya Krım yarımadasını anneksasiya etməklə bir neçə “dovşan” vurmuş oldu. İlk növbədə, Maydan hərəkatının uğurla bitməsi, yəni xalq hərəkatı nəticəsində hakimiyyətin devrilməsi, Avropaya inteqrasiya yoluna, demokratik dəyərlərə qayıdış Putin hakimiyyətini qorxudurdu. Ukrayna ilə sıx bağlı olan, tarixi kökləri bir olan Rusiyada bu hərəkatın əks-səda doğura biləcəyi, hələ də tam soyumamış vətəndaş hərəkatının, Bolotnı hadisələrinin yeni, motivasiyalanmış şəkildə vüsət alması, nəticədə bunun Putin rejiminin devrilməsi ilə nəticələnmə ehtimalı bütün avtoritar rejimlər kimi bu rejimi də vahiməyə salırdı. Yarımada işğal edilməklə Maydan hərəkatının “uğuru” ikinci plana keçdi və bütün diqqət Rusiyanın bu torpaqlara müdaxiləsinə yönəldi.

Demək olar ki, Krımın işğalı həm də Putinin rejiminin daha da davamlı olmasını, yəni Putinin yenidən seçkilərdə qalib gəlməsini təmin etmiş olur. Belə ki, Putin mövcud şəraitdən istifadə edərək öz seçki kampaniyasını psevdo vətənpərvərlik adı altında Rusiyanın dövlətçiliyi üçün təhlükə yaradan “ümumi rəqibə” - Qərbə qarşı  birləşdirmək və mübarizə proqramı əsasında qura bilər.

Eyni zamanda, bu işğal rejim üçün ona görə sərfəlidir ki, onun yaratdığı ajiotaj nəticəsində ölkədaxili iqtisadi, sosial və s. problemlər ikinci plana keçirilir və media vasitəsi ilə vətəndaşların beyninə ancaq xarici “təhlükənin” olduğu yeridilir. Bununla da, bütün problemlər vətəndaşlar tərəfindən unudulmalı, diqqət ancaq və ancaq “ən əsas” problemin həllinə yönəlməlidir. Digər tərəfdən, əslində bu siyasətlə də təəccüblü deyil, bu xüsusiyyəti əksər avtoritar və totalitar rejimlərdə - Hitler Almaniyasında, SSRİ-də, Şimali Koreyada görmək olardı və indi də olar.

  1. Xarici səbəblər :

Krımın işğalı Rusiya üçün geosiyasi cəhətdən də əhəmiyyətli və vacib bir addım idi. Ukraynanın gələcəkdə Avropaya və ümumilikdə Avro-atlantik məkana inteqrasiya niyyətləri aydın şəkildə mövcud hakimiyyət və vətəndaş cəmiyyəti tərəfindən dünya ictimaiyyətinə çatdırılır. Bu isə o deməkdir ki, əgər Ukrayna NATO-ya üzv olsa, NATO-nun hakimliyi Rusiya üçün həmişə strateji yer olan, 1853-cü ildən bəri hərbi donanması yerləşən ərazilərdə - Sevastopolda baş tuta bilər. Putin hakimiyyəti isə Rusiyanın belə yaxın sərhədlərində NATO hərbi qüvvələrinin yerləşməsini qəbul edə bilməzdi. Bunu Putin Krımın rəsmən Rusiyaya qatılması zamanı Dumada baş tutan mərasimdə, 18 mart 2014-cü ildə açıq formada qeyd etmişdi: “Mən bizim Sevatopola, NATO dənizçilərinin yanına qonaq getməyimizi təsəvvür edə bilmirəm. Ümumilikdə götürsək, onların əksəriyyəti əla oğlanlardı, amma yaxşı olardı ki, onlar bizə qonaq gəlsinlər, nəinki biz onlara.”

Krım yarımadasının isğalı həm də Rusiyanın Şərq Tərəfdaşlığında olan ölkələrin Avropaya inteqrasiya etmələrinə kəskin reaksiya idi. Bununla, Putin rejimi bir növ digər ölkərə “sizin də başınıza belə bir hadisə gələ bilər” mesajı verir. Nəzərə alsaq ki, Rusiya hərbi bazaları bu ölkərin hər birində var (Azərbaycanda 2013-cü ilə kimi mövcud idi), bu, həmin dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə birbaşa təhlükədir. Belə olan təqdirdə, Şərq Tərəfdaşlığı layihəsinin gələcəyi sual altına düşür və Aİ-nin bu layihəyə üzv ölkələrin təhlükəsizliyinə zəmanət vermək məsələsi aktuallaşır.

Sonda, qeyd edək ki, Rusiya hakimiyyətinin atdığı bu addımların nə dərəcədə əsaslandırılmış olduğunu demək çətindir. Düzdür, bütün bunlar rejimin qorunması və ya daha da uzadılması üçün doğru ola bilər, lakin gələcəkdə, Rusiya demokratik dövlət olacağı zaman bu ölkənin ərazisində yaşayan xalqların hər birinin azad və müstəqil dövlət yaratmaq və Rusiyadan ayrılmaq arzuları bu dövlətin parçalanmasına gətirib çıxara bilər.

Elvin Qüdrətov

ŞƏRHLƏR
MÖVZU İLƏ BAĞLI XƏBƏRLƏR
Elvin Qüdrətov PhD, Université de Lorraine Müəllifin profili
DİGƏR YAZILARI
20/01 14:02Post-Əfqanıstan: Azərbaycan – NATO dostluğunun sonu?
DİGƏR BLOQQERLƏR
Yalçın MəmmədovPhD, Université Libre de Bruxelles
Faiq AbbasovPhD, University of Sheffield
Elvin QüdrətovPhD, Université de Lorraine
Orxan SəttarovPhD, Freie Universität Berlin
Mohamed SamehAralıq dənizi və Avropa Qonşuluğu institutunun və Brüsseldəki Avro-Ərəb forumunun tətqiqatçısı
Tərlan MəsmalıUniversität des Saarlandes