SiyasətEnerjiMövqeBloq
İqtisadiyyatElm və TəhsilMədəniyyət"Rəsm"i mövqe
Bloq
may07
Üzrü günahından betər Rusiya 07 May 2014 | 14:57
A
A
print
Baxılıb: 1381

Rusiyanın Krımı ilhaq etməsinə haqq qazandırmaq üçün Putin Kosovonun müstəqilliyindən misal gətirməyi xoşlayır. Qərbin Kosovoda etdiyi nə qədər ziddiyyətli olsa da, Rusiyanın Krımda etdiklərindən fərqlənir.

Əvvəlcə ondan başlamaq lazımdır ki, Serbiyanın bir hissəsinin qopardılmasını Rusiya özünə qarşı hörmətsizlik kimi qiymətləndirməyə bilməzdi. Serbiya Rusiyanın sadiq müttəfiqi, Rusiyanın rəislik etdiyi böyük slavyan ərazisinin bir hissəsidir. Kosovo məsələsinin Rusiyanın maraqlarına zidd şəkildə “həll edilməsi” Rusiyanın məğlubiyyəti demək idi.

Təbii ki, Kosovonun özünü birtərəfli şəkildə müstəqil elan etməsi və onun bir çox dövlət tərəfindən tanınması dünya təcrübəsində unikal bir hal idi və onun beynəlxalq hüquqa nə dərəcədə uyğun olub-olmadığını qoy, hüquqşünaslar mühakimə etsinlər. Ən azından onu demək mümkündür ki, Kosovo məsələsi dövlətlərin öz ərazilərinin bir hissəsindən məhrum olması ilə bağlı qəbul olunmuş qaydaları alt-üst etdi.

Krım və Kosovo arasındakı paralellər ona görə yanlış deyil ki, biri şər, digəri isə xeyirdir. Fərq ondan ibarətdir ki, Kosovonun müstəqillik referendumu NATO-nun Serbiyaya hərbi müdaxiləsindən on il sonra baş tutdu. Həmin hərbi müdaxilənin səbəbi isə serb hakimiyyətinin bölgədəki etnik albanlara qarşı etnik təmizləmə siyasəti aparması idi. Rusiya isə rusdillilərə qarşı heç bir real təhlükənin olmadığı bir halda ildırım sürətli referendum planı ilə Krımı özünə birləşdirdi. Unutmaq lazım deyil ki, 1994-cü il Budapeşt Memorandumu ilə Ukraynanın suverenliyi və ərazi bütövlüyünə zəmanət verən ölkələrdən biri də məhz Rusiya idi.

Təbii ki, Kosovo ilə Krım arasında oxşarlıqlar da var. Ancaq bu oxşarlıqların Rusiyanın lehinə olduğunu demək olmur. Rusiyanın Ukraynada yaşayan rusdilliləri mərkəzi hakimiyyətə qarşı qızışdırması Slobodan Miloşeviç Serbiyasının Xorvatiyadakı və Bosniyadakı serbləri qızışdırmasına bənzəyir. Miloşeviç də Putin kimi separatçılara hərbi, maliyyə, maddi və siyasi dəstək verirdi.

Digər bənzərlik ideoloji bənzərlikdir. Putinin böyük Rusiya yaratmaq ideyası ilə Miloşeviçin böyük Serbiya yaratmaq ideyalarında bir uyğunluq var. Serb hakimiyyəti Kosovonu Serbiyanın beşiyi adlandırdığı kimi, Putin də Ukraynanı “kiçik Rusiya” adlandırır. Ratko Mladiçin dəstələri Sarayevonun şimalında serb torpaqlarını birləşdirən dəhliz yaratdığı kimi, Putin də Ukraynanın cənubundan keçəcək və Rusiyanı Moldovanın şərqi ilə birləşdirəcək  rusdillilər dəhlizi yaratmağı planlaşdırır.

İddia etmək olar ki, Krımın anneksasiyası Ukraynanın şərqində rusdillilərin qızışdırılması Rusiya üçün geosiyasi zərurətdən irəli gələn təxirəsalınmaz  və yaxud da önləyici bir tədbir idi. Ancaq onu da inkar etmək olmaz ki, bu tədbir Rusiyanın neo-imperialist planlarına daxildir. Artıq “yaxın xaric”, rusiyasayağı “Monro doktrinası”ndan da iddialı bir konsepsiyanın təsis edildiyinin şahidi oluruq. Vladimir Putin mart ayında yeni bir konsepsiyanın açılışını etdi. Öz çıxışında “rus dünyasının”, SSRİ-nin dağılması ilə dünyaya səpələnmiş rusdillilərin müdafiəsinə qalxacağını söz verdi. Buyurun, daha bir bənzərlik: 1991-ci ildə serb pravoslav atası Nikanor “o yerdə ki, serb qanı axıdılıb, o yerdəki ki, serb sümükləri qalır, o yer serb torpağıdır” deyirdi.

Putinin Ukraynaya qədərki ritorikası beynəlxalq hüquqa hörmət, digər ölkələrin daxili işlərinə qarışmamaq idisə, Ukrayna böhranı ilə bu ritorika kökündən dəyişdi. Artıq Putin Qərbi qanunsuzluqda ittiham etməklə yanaşı, özünün etdiyi ilə Qərbi yamsıladığını boynuna aldı.

Yalçın Məmmədov

ŞƏRHLƏR
MÖVZU İLƏ BAĞLI XƏBƏRLƏR
Yalçın Məmmədov PhD, Université Libre de Bruxelles Müəllifin profili
DİGƏR YAZILARI
18/11 19:59Fransa-Rusiya: hərbi gəmilərin taleyi necə olsun?12/11 16:28Rusiyaya qarşı sanksiyalar nə qədər effektivdir ?12/09 07:02NATO sammitinə sözardı : Ukrayna üzvlük yolunda22/06 05:03Merkel və Kemeron : nə bir yerdə, nə də ayrı29/05 20:37Avropa seçkilərinə sözardı15/03 11:25Ukrayna böhranı beynəlxalq nizamı necə poza bilər?03/02 15:38Avropa İttifaqının yeni sınağı: separatçılıq18/12 19:46Ümumi Təhlükəsizlik və Müdafiə Siyasəti: növbəti təkan
DİGƏR BLOQQERLƏR
Yalçın MəmmədovPhD, Université Libre de Bruxelles
Faiq AbbasovPhD, University of Sheffield
Elvin QüdrətovPhD, Université de Lorraine
Orxan SəttarovPhD, Freie Universität Berlin
Mohamed SamehAralıq dənizi və Avropa Qonşuluğu institutunun və Brüsseldəki Avro-Ərəb forumunun tətqiqatçısı
Tərlan MəsmalıUniversität des Saarlandes