SiyasətEnerjiMövqeBloq
İqtisadiyyatElm və TəhsilMədəniyyət"Rəsm"i mövqe
Bloq
may29
Avropa seçkilərinə sözardı 29 May 2014 | 20:37
A
A
print
Baxılıb: 1280

Avropa Parlamentinə (AP) keçirilən seçkilər gözlənilən və gözlənilməyən nəticələri ilə yadda qaldı. Adətən, bu quruma keçirilən seçkilərin nəticələrini əvvəlcədən təxmin etmək olur. Milli miqyasda o qədər də məşhur olmasa da, çoxsaylı sosial-siyasi araşdırmalar bu cür seçkiləri daima nəzarətdə saxlayır.

751 deputatı seçmək üçün səfərbər olan 28 ölkənin vətəndaşları gözlənildiyi kimi seçkilərə elliklə getmədilər. Avropa Parlamentinə seçkilər həmişə zəif seçici fəallığı ilə yadda qalıb. Aİ-yə yeni qoşulan ölkələrin İttifaqa daha çox maraq göstərməsi ideyası bu dəfə özünü doğrultmadı: Çex Respublikası, Slovakiya və Polşa ən az seçici fəallığı ilə fərqləndi.

AP seçkilərinə marağın az olması avrokratların köhnə dərdidir. İnsanların Avropa institutlarına marağının az olması Aİ-nin insanların gündəlik qayğılarına etinasız yanaşması kimi fikirlərdən də doğur. Əslində, bu həm də populist ritorikanın məhsuludur. Vergi, sosial siyasət, müdafiə, təhsil və sairə kimi vətəndaşların siyasi iştirakına stimul verən əsas məsələlər üzv dövlətlərin səlahiyyətində qalmaqdadır. İnsanlar ənənəvi milli siyasətin Aİ-nin səlahiyyətinə verilməsindən narahatdırlar. Aİ səviyyəsində həll olunan məsələlər gündəlik həyatda müzakirə edilən mövzulara aid deyil və onların nəticəsi özünü dərhal hiss etdirmir. Bundan əlavə, Aİ-nin qəliz institusional quruluşu və qərar qəbulu prosesi onu vətəndaşların gözündə yadlaşdırır. (bax. Yalçın Məmmədov, “Avropa İttifaqında Demokratiya Çatışmazlığı : şişirdilmiş həqiqət”, Strateji Təhlil, Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi, N.6, 2013). Təsadüfi deyil ki, bəzi ölkələrdə seçici fəallığının yüksək olması Avropa seçkiləri ilə milli seçkilərin eyni gündə keçirilməsi ilə izah olunur (Belçika, Litva).

Seçkilərin gözləniləndən artıq baş verən nəticəsi avroskeptik qüvvələrin gücünün artması oldu. Avroskeptiklər Avropa İttifaqı ideyasının əleyhinə çıxan, İttifaqı bütün bəlaların mənbəyi kimi görən (çox hallarda populist) siyasi qüvvələrdir. Növbəti legislaturada onlar AP-nin 24%-ni təşkil edəcəklər. Britaniyanın baş naziri Devid Kemeronun da üzvü olduğu Avropa Mühafizəkar və İslahatçı qrupu, ən kəskin avroskeptikləri birləşdirən Avropa Azadlıq və Demokratiya qrupu, qruplarda birləşməyən müxtəlif ölkələrin radikal sağçı siyasi partiyaları (avstriyalı Azadlıq Partiyası, italiyalı Şimal Liqası və fransız Milli Cəbhə) və radikal solçu Avropa Birləşmiş Sol qrupu bu qüvvələrdəndir.

Bununla belə, onların Avropa miqyasında həyata keçirilən siyasətə əhəmiyyətli dərəcədə təsir edəcəyi şübhə doğurur. Parlamentin ən böyük iki partiyası – Xalq Partiyası və Sosialist Partiyası birlikdə dörd yüzdən artıq deputatla hər hansı bir mürtəce qanunun qəbul olunmasına mane olacaq gücdədir. Radikalların digər Avropa institutlarının öz istəklərinə uyğun şəkildə formalaşmasına təsir imkanları da yoxdur. Seçkilərdən sonrakı tendensiya radikal sağçıların bir siyasi qrupda birləşmək istəyidir. Yalnız siyasi qrupda təmsil olunaraq onlar qanun layihələrinə düzəlişlər təklif edə bilərlər. Siyasi qrup yaratmaq isə siyasi, texniki və ideoloji çətinliklər ucbatından alınmaya bilər. Xatırladaq ki, siyasi qrup yaratmaq üçün 7 ölkəni təmsil edən 25 avroparlamentarinin bir araya gəlməsi vacibdir. Praktika göstərir ki, radikal sağçılar təkcə digər partiyaları deyil, bir-birilərini də “bizləyirlər”.

O ki qaldı, Avropa Komissiyasının növbəti prezidentinin kim olacağına, Lissabon Müqaviləsində bununla bağlı bir qayda öz əksini tapır. Üzv dövlətlərin hökumət və dövlət başçıları Komissiya prezidentini təyin edərkən Avropa Parlamentinə keçirilmiş son seçkilərin nəticələrini nəzərə almağa çağırır. Son seçkilərdə qalib gəlmiş Avropa Xalq Partiyasının namizədi lüksemburqlu Jan-Klod Yunkerdir. Bununla belə, hadisələrin inkişafı heç də bütün dövlət və hökumət başçılarının Yunkeri dəstəklədiyini söyləməyə əsas vermir. Alman Merkel, britaniyalı Kemeron, macar Orban, isveçli Raynfeldt və holland Rutte lüksemburqlu namizədlə bağlı tərəddüdlərini bəyan ediblər.

Müzakirələr üçün isə vaxt daralır. İyun ayında Avropa İttifaqı Şurası və Avropa Parlamenti bu iki qurumun və Avropa Komissiyasının gələcək prezidentəri ilə bağlı müzakirələr keçirəcəklər. İyunun 19-dək siyasi qruplar öz sədrlərini seçəcək. İyunun 26-27-si Avropa İttifaqı Şurası son yay iclasını keçirərək müəyyən çoxluqla öz namizədini parlamentə təqdim etməlidir.

İyulun 1-də Avropa Parlamenti yeni sədrini seçəcək. 7-11 iyulda Komissiya prezidentliyinə namizədin Avropa Parlamentində dinləmələri olmalıdır. İyulun 16-da isə Şuranın tövsiyəsi əsasında Avropa Komissiyasının növbəti prezidenti Avropa Parlamenti tərəfindən seçilməlidir. Sentyabr-oktyabr aylarında Komissiyanın tərkibi müəyyən olunur, noyabrın 1-dən isə Komissiyanın yeni prezidenti səlahiyyətlərinin icrasına başlayır. 

Yalçın Məmmədov

ŞƏRHLƏR
MÖVZU İLƏ BAĞLI XƏBƏRLƏR
Yalçın Məmmədov PhD, Université Libre de Bruxelles Müəllifin profili
DİGƏR YAZILARI
18/11 19:59Fransa-Rusiya: hərbi gəmilərin taleyi necə olsun?12/11 16:28Rusiyaya qarşı sanksiyalar nə qədər effektivdir ?12/09 07:02NATO sammitinə sözardı : Ukrayna üzvlük yolunda22/06 05:03Merkel və Kemeron : nə bir yerdə, nə də ayrı07/05 14:57Üzrü günahından betər Rusiya15/03 11:25Ukrayna böhranı beynəlxalq nizamı necə poza bilər?03/02 15:38Avropa İttifaqının yeni sınağı: separatçılıq18/12 19:46Ümumi Təhlükəsizlik və Müdafiə Siyasəti: növbəti təkan
DİGƏR BLOQQERLƏR
Yalçın MəmmədovPhD, Université Libre de Bruxelles
Faiq AbbasovPhD, University of Sheffield
Elvin QüdrətovPhD, Université de Lorraine
Orxan SəttarovPhD, Freie Universität Berlin
Mohamed SamehAralıq dənizi və Avropa Qonşuluğu institutunun və Brüsseldəki Avro-Ərəb forumunun tətqiqatçısı
Tərlan MəsmalıUniversität des Saarlandes