SiyasətEnerjiMövqeBloq
İqtisadiyyatElm və TəhsilMədəniyyət"Rəsm"i mövqe
Bloq
iyul14
Avropa İttifaqının Avropa İnsan Hüquqları Konvensiyasına qoşulması barədə (1-ci yazı) 14 İyul 2014 | 10:51
A
A
print
Baxılıb: 2167

Lissabon Müqaviləsinin qüvvəyə minməsi ilə (1 dekabr 2009) Avropa İttifaqının (Aİ) Avropa İnsan Hüquqları Konvensiyasına (AİHK) qoşulması hüquqi öhdəliyə çevrildi, həmçinin İttifaqın özünün də "Təməl Hüquqlar haqqında" Xartiyası hüquqi qüvvə qazandı.[1] Beləliklə də, İttifaq həm öz daxilində insan hüquqları standartlarını müəyyən edən sənədin məcburiliyini tanıyır, həm də Konvensiyaya qoşulmaqla öz üzərində xarici məhkəmə nəzarətini qəbul etmiş olur. Belə ki, qoşulmadan sonra Avropa İttifaqı da eynən üzv dövlətlər kimi sözügedən Konvensiya ilə üzərinə öhdəlik götürmüş olacaq və Strasburqda yerləşən Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) qərarları onun üçün məcburi xarakter daşıyacaq.

Qoşulmanın əhəmiyyətini vurğulamaq üçün əvvəlcədən qeyd edilməlidir ki, bu günə qədər Aİ vətəndaşları onların Konvensiyada nəzərdə tutulan hüquqlarını pozan Avropa İttifaqı aktlarından AİHM-ə şikayət edə bilmirdilər. Aİ-nin Konvensiyaya qoşulmasından sonra isə vətəndaşlar iki yolla Strasburq məhkəməsi tərəfindən təmin edilən hüquq müdafiəsinə çatım əldə edəcəklər: 1) birbaşa olaraq Aİ institutları tərəfindən edilən insan hüquq pozuntularından şikayət etməklə, 2) Avropa hüququnu icra edərkən insan hüquq pozuntularına yol verən üzv dövlətlərdən şikayət etməklə.

İttifaqın Konvensiyaya qoşulması Aİ və Azərbaycan da daxil olmaqla, 47 Avropa Şurası dövləti arasında qoşulma haqqında müqavilənin bağlanması ilə mümkün olacaq. Aİ və Avropa Şurası dövlətləri İttifaqın Konvensiyaya qoşulması barədə tərəflər arasında bağlanacaq müqavilənin layihəsini 2013-cü il aprelin 5-də qəbul ediblər. 12 maddədən ibarət olan bu müqavilə İttifaqın AİHK-a üzvlüyü ilə əlaqədar məsələləri tənzimləyir. Belə ki, İttifaqın olduqca mürəkkəb hüquqi və institusional quruluşu AİHK-ya qoşulmaq üçün yeni qaydaların və prosedurların müəyyənləşdirilməsini tələb edir ki, bu məsələləri məqalənin ikinci hissəsində işıqlandırmağa çalışacağıq. Qoşulmanın başqa əhəmiyyətli nəticələrindən biri də o olacaq ki, qoşulmadan sonra istənilən Avropa Şurası ölkəsi Aİ-dən (və ya əksinə) Strasburq məhkəməsinə şikayət edə biləcək.

İnsan hüquqlarına hörmətin Aİ-nin hüquqi öhdəliyinə çevrilməsi barədə aparılan müzakirələr 10 illər ərzində davam edib. İndiki Avropa İttifaqının "sələf"ləri sayılan Avropa Kömür və Polad Birliyinin (1951) və daha sonra da Avropa İqtisadi Birliyinin (1957) əsası qoyularkən Birliyin gündəmində insan hüquqları, ümumiyyətlə, bir mövzu kimi yox idi. O vaxtkı Birlik adından da göründüyü kimi ancaq üzv dövlətlərin (Belçika, Fransa, İtaliya, Lüksemburq, Niderland, Qərbi Almaniya) iqtisadi inteqrasiyası, əsasən ortaq bazarın yaradılması zəminində qurulmuşdu. Lakin İttifaq bu iqtisadi inteqrasiyanı tənzimləməkdən ötrü bütün üzvləri üçün məcburi olan qanunvericilik aktları qəbul edirdi. Bu aktlar isə bəzən fərdlərin hüquqları ilə ziddiyət təşkil edirdi. Aİ-nin Avropa hüququ üzrə ən yüksək instansiya məhkəməsi olan Avropa Ədalət Məhkəməsi[2] isə erkən məhkəmə işlərində (Stork, Geitling, Sgarlata və s.) insan hüquqları ilə bağlı mübahisələrə baxmaqdan imtina edirdi. Məhkəmə əsas gətirirdi ki, İqtisadi Birliyin müqaviləsində üzv dövlətlərin sadalanan məqsədlərindən heç birinin birbaşa olaraq insan hüquqları standartlarının qorunması ehtiyacı ilə əlaqəsi yoxdur. Bu səbəbdən məhkəmə özünü insan hüquqları mübahisələrinə baxmaq üçün səlahiyyətli hesab etmirdi. Lakin zaman keçdikcə bu ziddiyyət, yəni dövlətlərin iqtisadi əməkdaşlığı və fərdlərin hüquqları arasında gərginlik artır və genişlənən iqtisadi əməkdaşlığın fərdlərin hüquqlarını təhlükəyə ata biləcəyinin fərqinə varılırdı.

İnsan hüquqları sahəsində güclü konstitusional ənənələri olan dövlətlərin məhkəmələri, xüsusən Almaniya Federal Konstitusiya Məhkəməsi (Bundesverfassungsgericht) güclənməkdə olan belə bir təşkilatın müəyyən siyasi sərhədlər çərçivəsində hərəkət etmək kimi formal öhdəliyinin olmamasını qəbuledilməz hesab edirdilər. Bu qəbuledilməzlik isə onda ifadə olunurdu ki, məhkəmələr Birlik hüququnu milli konstitusiyaya zidd hesab etdikləri təqdirdə onu qüvvədən düşmüş elan etmək haqqını özlərində saxlayacaqlarını elan etməyə başlayırdılar. Bu cür qərarlar isə Avropa hüququnun aliliyi prinsipini zədələyə və Birliyin fəaliyyətini təhlükə altına sala bilərdi. Burda kiçik bir haşiyə çıxaraq Avropa Ədalət Məhkəməsinin yaratdığı və bütün üzv dövlət məhkəmələrinin də öz praktikalarında riayət etdiyi Avropa hüququnun aliliyi prinsipi barədə danışmaq lazımdır. Bu prinsipə görə, əgər Aİ-nin aktları ilə üzv dövlətlərin milli hüququ, hətta konstitusiyaları arasında belə ziddiyət yaranarsa, bu halda İttifaqın aktları daha üstün qüvvəyə malik sayılır. Zatən uzun illər və hazırda 28 dövlətin birgə yaşaması və əməkdaşlığı da bu prinsip hesabına mümkün olub.

Lakin ilk dəfə, 80-ci illərin ortalarında Almaniya Federal Konstitusiya Məhkəməsi bu prinsipi sual altına qoyaraq, məşhur Solange işində (almanca tərcüməsi: "nə qədər ki") Avropa Ədalət Məhkəməsinə belə bir mesaj göndərdi: o vaxta qədər ki, Avropa Birliyi hüququ vətəndaşlara Alman Konstitusiyasının verdiyi səviyyədə hüquq müdafiəsi təminatı verəcək, Konstitusiya Məhkəməsi Birliyin aktlarının alman Konstitusiyasına uyğunluğunu nəzərdən keçirməyəcək. Bu cümlədəki təhdid ondan ibarət idi ki, Avropa Birliyi aktlarının alman Konstitusiyasının müəyyən etdiyi standartlardan daha aşağı standartlar müəyyən edəcəyi təqdirdə, Konstitusiya Məhkəməsi Birliyin aktlarını nəzərdən keçirmək haqqını özündə saxlayır. Bunu görən Lüksemburq məhkəməsi növbəti qərarlarında insan hüquqları lüğətindən istifadə etməyə başladı və nəhayət, Nold II qərarında məhkəmə qeyd etdi ki, təməl hüquqlar hüququn ümumi prinsiplərinin əsas tərkib hissəsidir və bu prinsiplərin mənbəyi olaraq məhkəmə bütün üzv dövlətlər üçün ümumi olan konstitusional ənənələri və dövlətlərin üzv olduğu beynəlxalq müqavilələri (əsasən AİHK nəzərdə tutulurdu) əsas götürür. Təbii ki, məhkəmə insan hüquqlarını pozan aktları ləğv etməsə belə, bu lüğətdən istifadə etməklə ancaq milli məhkəmələri "sakitləşdirməyə” çalışırdı.

İnsan hüquqları ətrafında gedən bütün bu məhkəmələrarası mübahisələr tədricən baş verirdi və yuxarıda verilən tarixi arayışa baxanda aydın olur ki, 1957-ci ildə təməl sənədlərində "insan hüquqları" ifadəsi olmayan Avropa İttifaqının 2009-cu ildə AİHK-a qoşulma barədə qərarı necə meydana gəlib. Əlbəttə, İttifaq daxilindəki bu məhkəmələrarası dialoq və məhkəmələrin İttifaqın siyasi sisteminə tədrici olaraq necə təsir etməsi rəğbət doğurur.

Yuxarıda sadalananlar İttifaqın AİHK-ya qoşulmasını zəruri edən daxili amillərdir. Aİ-nin Konvensiyaya qoşulmasında xarici amil kimi AİHM-nin də rolunu qeyd etmək lazımdır. Yuxarıda da qeyd edildiyi kimi, Aİ Konvensiyaya qoşulmadığı üçün İttifaq vətəndaşlarının İttifaqın qəbul etdiyi aktlardan və öz dövlətlərinin həmin aktları icra edərkən yol verdiyi insan hüquqları pozuntularından Strasburq məhkəməsinə müraciət etmək imkanı yaranmayıb. 2005-ci ilə qədər AİHM vətəndaşların üzv dövlətlərin Aİ aktlarını icra etməklə əlaqədar yol verdikləri hüquq pozuntularından verdikləri şikayətlərə baxarkən cavabdehin belə bir arqumenti ilə rastlaşırdı: üzv dövlətlər Aİ-nin qəbul etdiyi aktları icra etmək öhdəliyi daşıyır. Başqa sözlə desək, Aİ ölkələrinin Aİ qanunvericiliyini, hətta onlar fərdlərin Konvensiyada nəzərdə tutulmuş hüquqlarını pozsa belə, icra etməmək kimi bir seçimi yoxdur və beləliklə də, onlar bu pozuntular üçün məsuliyyət daşımır. Lakin ilk dəfə 2005-ci ildə Bosfor qərarında AİHM bu arqumentə qarşı eynilə 80-ci ildə Konstitusiya Məhkəməsinin işlətdiyi formuldan istifadə etdi və qeyd etdi ki: Aİ ölkələri öz beynəlxalq öhdəliklərini həyata keçirərkən Konvensiyada nəzərdə tutulan hüquqları pozmadıqlarını o halda prezumpsiya edə bilərlər ki, onlar həmin təşkilat daxilində insan hüquqlarının adekvat təminatı sisteminə malik olsunlar. Bu cümlədəki xəbərdarlıq isə ondan ibarət idi ki, məhkəmə Aİ daxilində, ümumiyyətlə, insan hüquqlarının sistematik olaraq kobud şəkildə pozulduğunu aşkar edərsə, o zaman o, “beynəlxalq öhdəlikləri icra edirəm” arqumentini qəbul etməyəcək. Bu isə AİHM-in Birliyin daxili hüquq sisteminə müdaxiləsi olacaq və Avropa hüququnun muxtariyyəti doktrinasını zədələyəcəkdir.

Göründüyü kimi, Avropa İttifaqının AİHK-ya qoşulması İttifaqın daxilində gedən uzunmüddətli prosesin kuliminasiya nöqtəsidir və bununla da, Avropa İttifaqı pan-Avropa insan hüquqları düzəninə qoşulmuş olur. Qoşulma ilə bağlı Konvensiyaya edilən dəyişikliklər və yeni qaydalar İttifaq və Avropa Şurası ölkələri arasında bağlanan qoşulma haqqında müqavilə layihəsində əks etdirilib. Lakin bununla belə, qoşulma prosesi bir sıra çox incə hüquqi və siyasi suallar doğurur. Bu suallara məqaləmizin ikinci hissəsində işıq salmağa çalışacıq.

Tərlan Məsmalı


[1] "Avropa İttifaqı haqqında müqavilə"nin 6-cı maddəsi.

[2] Avropa Ədalət Məhkəməsi Avropa hüququnu şərh etmək və Avropa qanunvericiliyinin bütün üzv dövlətlərdə bərabər tətbiqini təmin etmək məsuliyyəti ilə yükümlüdür. Məhkəmə Avropa qanunvericiliyini nəzərdən keçirmək və ziddiyyət olduğu təqdirdə qanunvericilik aktlarını ləğv etmək səlahiyyətinə malik yeganə orqandır. 

ŞƏRHLƏR
MÖVZU İLƏ BAĞLI XƏBƏRLƏR
Tərlan Məsmalı Universität des Saarlandes Müəllifin profili
DİGƏR YAZILARI
06/08 12:13Aİ-nin Strasburq məhkəməsində iştirakı mexanizmi və onun doğurduğu risklər barədə (2-ci yazı)30/06 15:22Şotland referendumu, Braunun dedikləri və siyasətdə Şərq ahəngi
DİGƏR BLOQQERLƏR
Yalçın MəmmədovPhD, Université Libre de Bruxelles
Faiq AbbasovPhD, University of Sheffield
Elvin QüdrətovPhD, Université de Lorraine
Orxan SəttarovPhD, Freie Universität Berlin
Mohamed SamehAralıq dənizi və Avropa Qonşuluğu institutunun və Brüsseldəki Avro-Ərəb forumunun tətqiqatçısı
Tərlan MəsmalıUniversität des Saarlandes