SiyasətEnerjiMövqeBloq
İqtisadiyyatElm və TəhsilMədəniyyət"Rəsm"i mövqe
Bloq
avqust06
Aİ-nin Strasburq məhkəməsində iştirakı mexanizmi və onun doğurduğu risklər barədə (2-ci yazı) 06 Avqust 2014 | 12:13
A
A
print
Baxılıb: 1126

Bölgədə vahid insan hüquqları standartları yaradılır    

Avropa İttifaqı hazırda Avropa İnsan Hüquqları Konvensiyasına qoşulma mərhələsindədir və bu qoşulmanın həm lehinə, həm də əleyhinə müxtəlif arqumentlər səsləndirilir. Konvensiyaya qoşulmaqla Aİ burada nəzərdə tutulan insan hüquqları normalarına əməl etmək öhdəliyi götürür və bununla da Avropa regionunda vahid  insan hüquqları standartları yaranmış olur. Belə ki, Aİ üzvü olan 28 dövlət indiyə qədər fərdi qaydada Konvensiya ilə daha yüksək standartda öhdəlik daşıyıb, Aİ-nin tərkib hissəsi olaraq isə daha aşağı standartlar tətbiq etdiyi üçün zamanla bu haçalanmadan doğan çəkişmələrlə üzləşməli olurdular.[1] Lakin vahid standartların yaradılması ilə bölgədə əhəmiyyətli rol oynayan iki böyük regional məhkəmənin insan hüquqları standartlarında fərqli şərhlərə yol vermə riski aradan qaldırılmış olur. Əslində, belə fərqli şərhlərə zamanla yol verilirdi, lakin Avropa Ədalət Məhkəməsi öz qərarlarında AİHM-in qərarlarına yeri gəldikcə istinad etməsəydi bu ziddiyətlərin sayı daha da artardı.

Qoşulma əleyhinə ortaya atılan arqumentlərdən biri budur ki, artıq Aİ-nin insan hüquqları  standartlarını təsbit edən öz daxili gözətçisi, 2000-ci ildə qəbul edilmiş “Təməl Hüquqlar haqqında” Xartiyası var. Beləliklə də, bu insan hüquqları kataloqunun qəbul edilməsi Aİ-nin Konvensiyaya qoşulma zərurətini aradan qaldırır. Bu arqumentlə razılaşmaq olmur. Belə ki, Konvensiyaya qoşulmuş dövlətlərin də insan hüquqları standartlarını müəyyən edən öz konstitusiyaları var. Bununla belə, onlar AİHM-in yurisdiksiyasını qəbul edərək öz üzərilərində xarici hüquq nəzarəti funksiyasını bu məhkəməyə verirlər. Dövlətlərin nə qədər inkişaf etmiş məhkəmə sistemi olsa belə, mövcud  hüquq qaydasına bu sistemdən kənarda olan qurumun daha uzaq məsafədən tənqidi baxışı və təftişi hər zaman faydalıdır. Eyni fikri Aİ barədə də demək olar və bu baxımdan İttifaqın Konvensiyaya qoşulma qərarı təqdirə layiqdir.

Vəziyyətdən çıxış: həmcavabdehlik mexanizmi

Əvvəlki yazıda da qeyd edildiyi kimi, vətəndaşlar tərəfindən Strasburq məhkəməsinə Aİ əleyhinə şikayətlərin bilavasitə ünvanlanması mümkün olmadığından, üzv dövlətlərin Aİ aktlarına görə Strasburq qarşısında süni cavabdehliyi yaranırdı. Aİ aktlarının AİHM-də mübahisələndirilə bilməməsi probleminin həlli kimi İttifaq və AŞ-nın 47 üzvü arasında bağlanmış “Qoşulma haqqında” saziş layihəsinin 3-cü maddəsi həmcavabdehlik mexanizmini təqdim edir. Həmcavabdehlik mexanizmi Avropa hüququnun tətbiqindən irəli gələn insan hüquq pozuntusu şikayətlərinə Strasburqda baxılması zamanı həm Aİ-nin, həm də üzv dövlətin məhkəmə prosesində eyni zamanda cavabdeh kimi iştirakını nəzərdə tutur. Proses zamanı həmcavabdeh işdə üçüncü tərəf kimi yox, digər cavabdehlə bərabər statusda olan tərəf kimi iştirak edir. Bu mexanizm çərçivəsində Aİ işə həmcavabdeh kimi o zaman qoşula bilər ki, üzv dövlətin AİHM-də mübahisələndirilən hüquq pozuntusu Avropa hüququndan irəli gəlsin və Aİ hüququnun Konvensiyaya uyğunluğunun araşdırılmasını tələb etsin. Bu hal əksinə də mümkündür. Aİ Strasburq məhkəməsində cavabdeh kimi çıxış etdiyi zaman müəyyən edilsə ki, mübahisə edilən hüquq pozuntusu Aİ təməl hüququnun[2] Konvensiyaya uyğunluğunun yoxlanılmasını tələb edir, bu halda da üzv dövlət işə həmcavabdeh kimi qoşula bilər.

Birinci vəziyyətin əsasında duran məntiq budur ki, hətta üzv dövlətin pozuntuya yol verməsi məhkəmə tərəfindən təsdiq edilsə belə, pozuntunun kökü Aİ hüququna gedib çıxdığı üçün dövlət yol verdiyi pozuntunu Aİ-nin iştirakı olmadan aradan qaldıra bilməz. Buna görə də bu halda Aİ-nin məhkəmə prosesinə qoşulmasını və məhkəmə qərarının ona da şamil edilməsini təmin etmək məntiqəuyğundur.  Eyni izah ikinci vəziyyətə, yəni Aİ-nin təməl qanunvericilikdən qaynaqlanan pozuntulara görə Strasburqda cavabdeh kimi iştirak etdiyi hala da aiddir. Belə ki, Aİ özlüyündə üzv dövlətlərdən ibarətdir və ona verilən səlahiyyətlər üzv dövlətlər tərəfindən bağlanmış iki təməlqoyucu müqavilə ilə müəyyənləşdirilir.[3] Bu halda isə, hətta Aİ təməl qanunvericiliyindən irəli gələn pozuntu məhkəmə tərəfindən təsdiq edilsə də, bu pozuntunu aradan qaldırmaq üçün müqavilələrə dəyişiklik etmək ancaq üzv dövlətlərin səlahiyyətində olduğu üçün onların işə həmcavabdeh kimi qoşulması məntiqəuyğundur. 

Saziş layihəsinin 3.5-ci maddəsinə əsasən iş başlandıqdan sonra Aİ və ya üzv dövlət ya AİHM-in dəvətini qəbul etməklə ya da qoşulmaq üçün etdikləri müraciət AİHM tərəfindən təsdiq edildikdən sonra işə həmcavabdeh kimi qoşula bilər. Bu isə o deməkdir ki, iş üzrə əslində həmcavabadeh olan tərəf işə qoşulmağa məcbur edilə bilməz. Həmcavabdeh statusunun könüllü olması bu mexanizmin ciddi qüsuru sayılır və konsepsiyanın arxasında dayanan əsas məntiqi kölgə altına salır. Belə ki, sözügedən mexanizmin tətbiq edilməsində əsas məqsəd Aİ və üzv dövlətlər arasında məsuliyyətin düzgün ayırd edilməsidir. Avropa hüququ nöqteyi-nəzərindən isə Aİ və üzv dövlətlər arasında məsuliyyət bölgüsü barədə dəyərləndirmə AİHM də daxil olmaqla Avropa Ədalət Məhkəməsindən qeyri məhkəmə tərəfindən aparıla bilməz. Əks təqdirdə bu Avropa hüququnun muxtariyyəti prinsipini zədələyə bilər.

Qoşulma sazişinin izahedici hesabatında həmcavabdehliyin könüllü olması onunla izah edilir ki, tərəf əgər ilkin ərizədə adı göstərilməyibsə, sonradan işə həmcavabdeh kimi qoşulmağa məcbur edilə bilməz. Lakin bu arqument yetərli deyil. İşin sonrakı mərhələsində ərizəçinin digər cavabdehin də, onun prosedural hüquqlarının, xüsusən də məhkəmədə iştirak hüququnun təmin edilməsi şərtilə, prosesə qoşulmasını tələb edə bilməməsinin arxasında bir səbəb görmək olmur.

Bununla da sazişin layihə variantı həmcavabdehlik mexanizmin arxasında dayanan məntiqlə ziddiyət təşkil edir. Belə ki, Aİ və ya üzv dövlət hətta araşdırılan pozuntuda cavabdeh olsa belə, məsuliyyətdən yayınmaq qərarı ala bilər. Bu vəziyyətin qarşılığında isə belə bir arqument gətirilir ki, ərizəçinin hər iki cavabdehi də başlanğıcda göstərmək imkanı var. Lakin bu məsələni həll etmir, çünki bu halda ərizəçi Aİ institutları ilə əlaqədar bütün daxili müdafiə vasitələrini (Avropa Ədalət Məhkəməsinə müraciət proseduru) də tükətməli olacaq ki, bu da ərizəçini həm maddi məsrəflər, həm də zaman itkisi baxımından əlverişsiz vəziyyətə salır.

Aİ işə qoşulmadığı halda üzv dövlət Bosfor işindəki arqumenti yenidən qaldıra bilər ki, pozuntunun kökü üzv dövlətin Avropa hüququ ilə bağlı daşıdığı öhdəliklərə bağlıdır və onun heç bir mülahizəyə yol vermək imkanı yoxdur. Əlbəttə ki, bu mərhələdən sonra AİHM-in bu arqumenti qəbul etməsi mümkün görünmür və ümumiyyətlə, müqavilə layihəsi də bu arqumentin qaldırılmasının qeyri-mümkünlüyünə işarə edir. Belə güman edilir ki, bu kimi hallarda məsuliyyət birgə olmalı, nə üzv dövlətin, nə də ki, Aİ-nin məsuliyyətdən yayınmaq imkanı olmamalıdır. Görünür, bu məsələyə 2012-ci ildə layihəyə dəyişikliklər edilməsi ilə əlaqədar keçirilən 47+1 qrupunun iclası zamanı Aİ-nin irəli sürdüyü dəyişikliklə aydınlıq gətirilib. Bu dəyişikliyə əsasən Aİ aktları üzv dövlətlər Avropa hüququ öhdəliklərini icra etdiyi təqdirdə belə üzv dövlətlərə aid olmaqda qalır.[4] Bu isə o deməkdir ki, üzv dövlətlər gələcəkdə aktların onlara aid olmadığını əsas gətirərək məsuliyyətin də onlara aid olmadığı arqumentini irəli sürə bilməyəcəklər. Göründüyü kimi məsələnin bu tərəfi açıq qalır və hazırda gedən danışıqlarda bir daha gözdən keçirilməsinə ehtiyac var.

Avropa İttifaqının prosesdən kənar qalma riski və Ədalət Məhkəməsinin məhkəmə muxtariyyəti ilə bağlı əndişələr

28 üzv dövlətin bir-biriylə əməkdaşlığı və Aİ federal sisteminin belə yekdil işləyə bilməsi üzv dövlətlərin ortaq qaydalara əməl etmələri hesabına baş tutur. Avropa hüququ üzv dövlətlərin gəldiyi bir konsensus, xəyali razılıqdır ki, onun dövlətlərdə həmahəng tətbiq edilməsi İttifaqın mövcudluq şərtidir. Bu məqsədlə də Ədalət məhkəməsi Avropa hüququnun milli məhkəmələr tərəfindən eyni cür şərh edilməsi və səmərəli tətbiqini təmin etmək üçün mexanizmlər inkişaf etdirib. Bu işdə “Avropa İttifaqının Fəaliyyəti haqqında” müqavilənin 267-ci maddəsi ilə Avropa Ədalət Məhkəməsinə verilmiş səlahiyyət - ilkin qərarvermə proseduru onurğa rolunu oynayır. Belə ki, milli məhkəmə prosesi zamanı məhkəmədə Avropa hüquq normasının tətbiqi ilə bağlı şübhə yaranarsa məhkəmə normanın şərh edilməsi üçün Ədalət Məhkəməsinə müraciət edir və Ədalət Məhkəməsi bu məsələ ilə bağlı qərar qəbul edir. Lakin burda məsələnin həmişə mübahisə doğuran tərəfi odur ki, əgər məhkəmədə norma ilə bağlı şübhə yaranmasa, o, məsələnin aydınlaşdırılması üçün Ədalət Məhkəməsinə müraciət etməyə bilər. Deməli, üzv dövlətin məhkəməsi, misal üçün, İttifaqın hər hansı bir aktının AİHK-a uyğunluğu məsələsinə baxarkən məhkəmə Ədalət Məhkəməsinə müraciət göndərmədən də iş üzrə qərar qəbul edə bilər.

Bununla da Aİ hüququ ilə bağlı mübahisənin Avropa Ədalət Məhkəməsində, yəni Aİ hüququ üzrə İttifaqın ən yüksək instansiya məhkəməsində baxılmadan və onun iş üzrə rəyi alınmadan xarici məhkəmədə, AİHM-də baxılması mümkünlüyü yaranır. Bu isə Avropa hüququnun muxtariyyəti doktrinasını təhlükə altına salır. Doğrudur, qoşulma müqaviləsinin 6-cı maddəsində deyilir ki, Aİ iş üzrə həmcavabdeh olduğu halda, əgər Lüksemburq məhkəməsi mübahisə AİHM-ə gəlib çatana qədər işə cəlb edilməyibsə, o zaman onun iştirakı təmin ediləcək. Lakin diqqət yetirilməlidir ki, Aİ prosesə həmcavabdeh kimi qoşulmaya da bilər. Ehtimalən, əgər AİHM Aİ-nin həmcavabdeh kimi prosesə qoşulmasını rədd edərsə,[5] yaxud da Avropa Komissiyası həmcavabdehlik mexanizminin düzgün işləməsini təmin edə bilməzsə, bu zaman Lüksemburq məhkəməsinin prosesdə iştirakı təmin edilməyəcək. Belə ki, əgər Komissiya AİHM-ə göndərilən işləri Avropa hüququnun tətbiqi ilə bağlı olan minlərlə məhkəmə işinin arasından doğru araşdırıb müyyənləşdirə bilməzsə[6] bu zaman Aİ məhkəmədə həmcavabdeh olmaq imkanını itirəcək. Qeyd edilən hər iki halda da Aİ-nin prosesdən kənarda qalma riski yaranır ki, bu da dolayısı ilə Aİ hüququnun identik şərhinə və səmərəli tətbiqinə təhlükə yaradır.

Aİ-nin prosesdə iştirakı təmin olunsa belə Ədalət Məhkəməsinin məhkəmə muxtariyyəti və Avropa hüququnu şərh etməkdə olan inhisarının zədələnməsi ilə bağlı risklər qalmaqdadır. Ədalət Məhkəməsinin Avropa hüququnu şərh etmə inhisarına təhlükə iki mənbədən gəlir: birincisi, istənilən halda AİHM iş üzrə gerçək cavabdehin kim olduğunu müəyyənləşdirə bilər (lakin, saziş layihəsi məhkəməni bundan çəkinməyə çağırır, bu haqda daha sonra). İkincisi, AİHM təsbit edilmiş insan hüquq pozuntunun aradan qaldırılması ilə bağlı müəyyənləşdirilmiş məsuliyyəti Aİ və üzv dövlət arasında bölüşdürə bilər. Hər bir halda AİHM İttifaq və üzv dövlətlər arasındakı səlahiyyət bölgüsü məsələsinə toxunmaqdan yan keçə bilməyəcək. Aİ və üzv dövlətlər arasında olan mürəkkəb və dinamik səlahiyyət bölgüsü AİHM-in Avropa hüququ üzrə Ədalət Məhkəməsi üçün məcburi xarakter daşıyan şərhlər verməsinə gətirib çıxara bilər.   

Həmcavabdehlik mexanizmi AİHM-ə icazə verir ki, o, gerçək cavabdehi müəyyənləşdirməkdən və yaxud cavabdehlər arasında məsuliyyət bölgüsü aparmaqdan çəkinsin.[7] Zatən, saziş layihəsi bir qayda olaraq cavabdehlərin birgə məsuliyyətini elan edir. Bu əksər işlərdə AİHM-i İttifaq və üzv dövlətlər arasındakı səlahiyyət bölgüsünü müəyyənləşdirmək yükündən azad edir. Lakin bu fərdi halda məhkəmənin bir işdə məsuliyyəti paylaşdırma mümkünlüyünü aradan qaldırmır.

1-ci yazıda da qeyd edildiyi kimi Avropa hüququnun səlis tətbiq edilməsi Avropa Ədalət Məhkəməsi ilə milli məhkəmələrin əməkdaşlığı və kommunikasiyası hesabına mümkün olur. İndi isə ortaya belə bir sual çıxır ki, bu dərəcədə inteqrasiya etmiş və bir-birilə bağlı olan Avropa və milli hüquq qayda və məhkəmə sistemləri bu cür xarici müdaxilə ilə necə qarşı-qarşıya gələcək. Başqa sözlə desək, nüfuz sahibi olan xarici məhkəmə orqanı tərəfindən Aİ-nin insanı hüquqlarını pozması barədə aldığı qərar milli məhkəmlər və ictimai rəy tərəfindən Avropa hüququna qarşı olan müqaviməti alovlandıracaqmı? 

 


[1] Məqalənin birinci hissəsində bu barədə ətraflı qeyd edilib.

[2] Avropa Hüququnun 3 mənbəyi var: 1) təməl qanunvericilik Aİ-nin əsasını qoyan iki müqavilədən ibarətdir; 2) ikincil qanunvericilik Aİ nizamnamələri və direktivlərdən, 3) tamamlayıcı hüquq mənbələri isə Ədalət məhkəməsinin qərarları, beynəlxalq hüquq və Avropa hüququnun ümumi prinsiplərindən ibarətdir. Avropa təməl qanunvericiliyinin bu və ya digər səbəbdən dəyişdirilməsi bütün üzv dövlətlərin iştirakını nəzərdə tutduğu üçün üzv dövlətlərin bu halda həmcavabdeh kimi iştirakı ağlabatandır. 

[3] “Avropa İttifaqı haqqında” saziş və “Avropa İttifaqının fəaliyyəti haqqında” saziş.

[4] Meeting report 47+1(2012) R02 [47+1(2012) R02 iclas hesabatı], səh. 15.

[5] Qoşulma sazişi layihəsinin 3.5-ci maddəsinə əsasən tərəflərin işə həmcavabdeh kimi qoşulmasını, yəni həmcavabdeh statusunu AİHM təsdiq edir.

[6] Məsələn, 2012-ci ilə Avropa hüququnun tətbiqi ilə bağlı 28 üzv dövlətə qarşı 21189 iş qaldırılıb. Avropa Komissiyası isə bu qədər işin içindən AİHM-ə göndəriləcək işlərin dəqiq öyrənməlidir ki, Aİ-nin prosesə qoşulması ilə bağlı lazımi tədbirlər görülsün. Əks təqdirdə, kobud ifadə edilsə, Aİ Strasburq məhkəməsinə gedən işlərdən xəbər tutmayacaq.

[7] Yəni, AİHM sadəcə Aİ aktının Konvensiyadakı hüququ pozduğunu təsbit edir, bu pozuntunun kim tərəfindən və hansı nisbətdə ortadan qaldırılacağına isə həmcavabdehlər öz aralarında qərar verir

ŞƏRHLƏR
Tərlan Məsmalı Universität des Saarlandes Müəllifin profili
DİGƏR YAZILARI
14/07 10:51Avropa İttifaqının Avropa İnsan Hüquqları Konvensiyasına qoşulması barədə (1-ci yazı)30/06 15:22Şotland referendumu, Braunun dedikləri və siyasətdə Şərq ahəngi
DİGƏR BLOQQERLƏR
Yalçın MəmmədovPhD, Université Libre de Bruxelles
Faiq AbbasovPhD, University of Sheffield
Elvin QüdrətovPhD, Université de Lorraine
Orxan SəttarovPhD, Freie Universität Berlin
Mohamed SamehAralıq dənizi və Avropa Qonşuluğu institutunun və Brüsseldəki Avro-Ərəb forumunun tətqiqatçısı
Tərlan MəsmalıUniversität des Saarlandes