SiyasətEnerjiMövqeBloq
İqtisadiyyatElm və TəhsilMədəniyyət"Rəsm"i mövqe
Bloq
noyabr12
Rusiyaya qarşı sanksiyalar nə qədər effektivdir ? 12 Noyabr 2014 | 16:28
A
A
print
Baxılıb: 1003

Avropa İttifaqı və ABŞ mart ayından etibarən mərhələli şəkildə Rusiyaya qarşı sanksiyalar tətbiq edib. Buraya bəzi şəxslər üçün viza qadağası, bəzi şirkətlər və şəxslərin bank hesablarının dondurulması, onlara beynəlxalq bazarlardan uzunmüddətli kredit götürülməsinin məhdudlaşdırılması, silah satışı və enerji avandanlıqlarının satışının qadağan edilməsi daxildir.

Bu tədbirlərin Rusiya hakimiyyətinə, ölkə iqtisadiyyatına mənfi təsirinin nə dərəcədə olduğunu demək çətindir. Ancaq Rusiya iqtisadi vəziyyətinin hal-hazırda ürəkaçan olmadığı da şübhəsizdir.   

Bu ilin əvvəlindən rus rublu dəyər itirməkdə davam edir. Təxminən 90 milyard dollar dəyərində kapital Rusiyanı tərk edib (Hərçənd 2008-ci ildə bu rəqəm daha böyük olub). Rusiyanın sabiq maliyyə naziri Aleksey Kudrin növbəti üç ilin ölkəsi üçün iqtisadi geriləmə dövrü olacağını proqnozlaşdırır.

Rublun dəyərdən düşməsi sanksiyaların ilk böyük nəticəsi oldu. Bu ilin əvvəlindən rubl 30 faiz dəyər itirib ki, bunun da 8-i noyabrın ilk həftəsinə təsadüf edir. Rusiya Mərkəzi Bankı ilin əvvəlindən rublu stabil saxlamaq üçün 47 milyard dollar xərcləsə də, noyabrın 10-da çarəsiz qalaraq milli valyutanı sərbəst buraxmaq qərarına gəlib.

Bütün bunların nəticəsi kimi Rusiyaya idxal olunan malların da qiyməti avtomatik olaraq qalxır. Rublun 10 faiz düşməsi inflyasiyanın 1,3/ 1,5 faiz qalxmasıdır (Financial Times). Mərkəzi Bank 6,5 faizlik inflyasiya həddi müəyyən etmişdisə, oktyabrın sonunda Rusiyada inflyasiya 8 faizi keçib. 

Sanksiyalar kapitalın ölkəni tərk etməsinə, xarici investiyaların dayandırılmasına səbəb olur. İnvestisiyalar hələ ötən ilin sonundan durğunluq vəziyyətində idi. 2014-cü ilin ilk rübündə isə 3 faiz azaldı. Rus şirkətlərinin beynəlxalq maliyyə bazarlarına çıxışı məhdudlaşıb. Bu, onlara öz borclarını qaytarmağa mane olur. Qeyd etmək lazımdır ki, bu ilin sonunadək 47 milyard, gələn ilin sonunadək isə 90 milyard dollar borc rus şirkətləri tərəfindən kreditorlara qaytarılmalıdır.

Sanksiyalar Rusiyanın ürəyi, enerji sektorunu da sarsıtmağa müəssər olub. Rusiya neft hasilatının 1998-ci ildən bəri ilk dəfə geriləyəcəyi gözlənilir. Rusiyanın ən böyük neft şirkəti, dövlət payının 70 faiz olduğu "Rosneft"in oktyabrın sonunda nəşr etdiyi nəticələr dərin problemlərdən xəbər verir. Sanksiyaların hədəfinə çevrilən şirkət son rübdə 18 milyon avro gəlir itirib. Bu şirkət Rusiyanın ən böyük şirkətlərindən olmaqla, dövlət vergi gəlirlərinin 20 faizinin kökündə durur. "Rosneft" həm də 20 milyard dollar borcu ilə Rusiyanın ən borclu şirkətlərindəndir. Sanksiyalar şirkətə yeni inkişaf layihələri həyata keçirməyə, Arktikada və qeyri-konvensional sahələrdə əməliyyatlar aparmağa mane olur. Qeyd edək ki, "Rosneft" və amerikalı "Exxon Mobil" şirkəti arasındakı tərəfdaşlıq layihəsi dayandırılıb. "Rosneft" 49 milyard dollarlıq yardım üçün Milli Sərvətlər Fonduna müraciət etsə də, hökumət bu müraciətə mənfi cavab verib. 

Rusiyanın yeni qəbul olunmuş 2015-2017-ci illər büdcəsinin yeni reallıqlara nə dərəcədə cavab verəcəyi şübhə doğurur. Büdcə 6 faizlik inflyasiya və hər neft barelinə görə 100 dollar üzərində hesablanıb. Bu isə o deməkdir ki, 100 dollardan 1 dollar az dəyərində olan neft il sonunda Rusiya büdcə gəlirlərini 2.3 milyard dollar həcmində azaldır (The Economist).

Bununla belə, Rusiyanın makroiqtisadi göstəriciləri yaxşıdır. Rusiyanın dövlət borcu ÜDM-nin 10 faizindən azdır. Büdcə kəsri isə 1,3 faizdir. Sanksiyalar daxili istehlakı azaltsa da, əhəmiyyətli dəyişiklik qeydə alınmayıb. 

Bundan əlavə, sanksiyalar daxili istehsala yeni nəfəs verib, yerli mallara inamı artırıb. Üstəlik, qərblilərin anti-Rusiya tədbirləri Kreml rəhbərliyi ilə sadə vətəndaşları "ümumi düşmən" əleyhinə birləşməyə kömək edib.   

Bundan əlavə, sanksiyalar Rusiyanı öz səmtini daha çox Asiyaya, xüsusilə də Çinə döndərməyə məcbur edib. İndi Rusiyanın məqsədi ixracatda Çinin payını 15 faizə qaldırmaqdır. Bununla belə, Çin və Rusiya arasında əməkdaşlığın blok və ya strateji tərəfdaşlığa çevriləcəyi ehtimalı çox azdır. Bir çox beynəlxalq məsələlərdə eyni mövqeyi bölüşən Çin və Rusiya güclü ambisiyalar səbəbindən eyni cəbhədə qərarlaşmağa nail ola bilmirlər. Bu, SSRİ vaxtında da belə olub. Bundan əlavə, Rusiya Çin hesabına Qərb bazarını itirmək də istəmir. Neft-qaz və metallurgiya məhsullarını çıxmaq şərtilə, Rusiyanın Avropaya ixrac etdiyi məhsullar asanlıqla əvəzolunabiləndir (Neft-qaz və metallurgiya Rusiyanın ümumi ixracatının 79,4 faizini təşkil edir).

Sanksiyalar Rusiya iqtisadiyyatına mənfi təsirlər göstərsə də, onlardan radikal dəyişikliklər gözləməyə dəyməz. Üstəlik bu, qərblilər tərəfindən əsas məqsədə çatmaq üçün yeganə vasitə kimi qəbul edilməməlidir. Unutmaq olmaz ki, sanksiyaların ayağına yazılan iqtisadi geriləmə tendensiyası hələ sanksiyalardan əvvəl də müşahidə olunurdu. Qərbli ekspertlər belə qəbul edirlər ki, sanksiyaların Rusiya iqtisadiyyatına təsiri qlobal maliyyə böhranının təsirindən dəfələrlə kiçikdir.

ŞƏRHLƏR
MÖVZU İLƏ BAĞLI XƏBƏRLƏR
Yalçın Məmmədov PhD, Université Libre de Bruxelles Müəllifin profili
DİGƏR YAZILARI
18/11 19:59Fransa-Rusiya: hərbi gəmilərin taleyi necə olsun?12/09 07:02NATO sammitinə sözardı : Ukrayna üzvlük yolunda22/06 05:03Merkel və Kemeron : nə bir yerdə, nə də ayrı29/05 20:37Avropa seçkilərinə sözardı07/05 14:57Üzrü günahından betər Rusiya15/03 11:25Ukrayna böhranı beynəlxalq nizamı necə poza bilər?03/02 15:38Avropa İttifaqının yeni sınağı: separatçılıq18/12 19:46Ümumi Təhlükəsizlik və Müdafiə Siyasəti: növbəti təkan
DİGƏR BLOQQERLƏR
Yalçın MəmmədovPhD, Université Libre de Bruxelles
Faiq AbbasovPhD, University of Sheffield
Elvin QüdrətovPhD, Université de Lorraine
Orxan SəttarovPhD, Freie Universität Berlin
Mohamed SamehAralıq dənizi və Avropa Qonşuluğu institutunun və Brüsseldəki Avro-Ərəb forumunun tətqiqatçısı
Tərlan MəsmalıUniversität des Saarlandes