SiyasətEnerjiMövqeBloq
İqtisadiyyatElm və TəhsilMədəniyyət"Rəsm"i mövqe
İqtisadiyyat
16 Sentyabr 2014 | 09:31
Aİ büdcəsində 3,8 milyon avroya qənaət ediləcək
A
A
print
Baxılıb: 535

Bir qrup parlamentari Aİ Komissiyasında milyonlarla avroya israfın qarşısını almaq və şəffaflığın təmin olunması üçün Parlamentə müraciət edəcək. Xəbəri "EUobserver" yayıb.

Parlamentarilər bildirirlər ki, Komissiya daha şəffaf və ədalətli ekspert qruplarının yaradılması üçün ciddi səy göstərmir. Ekspert qruplar yeni siyasətin hazırlanmasında Komissiya rəsmilərinə məsləhətlər və ideyalar verir, lakin vətəndaş cəmiyyətinin fikirlərini nəzərə almırlar.

"Ekspert qrupların birtərəfli mövqedən çıxış etməsi qeyri-obyektiv qiymətləndirmə və qanunvericilik təkliflərinə gətirib çıxarır. Bu isə böyük bizneslərin maraqlarına xidmət edir. Buna yol vermək olmaz", - almaniyalı "yaşıl" parlamentari Helqa Trupel sentyabrın 12-də "EUobserver" xəbər portalına göndərdiyi elektron məktubda yazır. Trupel bildirib ki, maliyyə tənzimləmələri ilə bağlı ekspert qrupların tərkibində dəllallara, iqlim dəyişkənliyi üzrə siyasətin hazırlanmasında isə böyük enerji şirkətlərinə üstünlük verilməsi "tamamilə yolverilməzdir".

Trupel ayın əvvəlində təklif etmişdi ki, Komissiya Parlamentin tələblərini ödəyənədək 2015-ci il Aİ büdcəsində 3,8 milyon avroya qənaət edilməlidir. Tələblər bundan ibarətdir ki, Komissiya lobbiçilər və iri şirkətlərin idarə heyəti üzvlərinin ekspert qruplara qoşulmasının qarşısını almalıdır. Seçim prosesi şəffaf aparılmalı, bütün fikirlər nəzərə alınmalı, gündəliklər, protokollar və iştirakçıların təqdimatları internetdə paylaşılmalıdır. Məsələ ilə bağlı Aİ ombudsmanı Emili O'Reyllinin araşdırmasının yekun nəticələri də nəzərə alınmalıdır.

Liberallar istisna olmaqla, bütün böyük siyasi qruplar üzrə 7 parlamentarinin imzaladığı sənəddə deyilir ki, Komissiya ekspert qrupların yoxlanması ilə bağlı əvvəlki razılığa əməl etmir. ""Alde" (liberallar) qrupunun sənədi imzalamamasının səbəbi qrupun daxili problemi və bu məsələdə qərarsız olması ilə bağlıdır. Onların bu təklifin əleyhinə səs verəcəklərini təsəvvürümə gətirmirəm", - parlament rəsmilərindən biri deyib.

Sənədi imzalayanlar arasında alman mərkəz-sağ parlamentari, parlamentin büdcə nəzarəti komitəsinin sədri İnqeborq Qresle (EPP) də var. O, səsvermədə assambleyanın böyük siyasi qruplarının düzəlişləri təsdiqlənməsində əsas rol oynayır.

"Yaşıllar" qrupu düzəlişlərin bütün əsas siyasi qruplara aid olunmasını tələb edir. Qeyd olunur ki, ekspert qruplar heç bir istinasız ədalətli təşkil olunmalı və hansısa maraqlı tərəflərə üstünlük verilməməlidir.

3,8 milyon avro əvvəlki illərlə müqayisədə ehtiyatda saxlanan məbləğin 2 mislidir. Qeyd edək ki, Aİ Parlamenti ekspert qruplara ayrılan büdcə vəsaitini 2011-ci ilin noyabrında və 2012-ci ilin martında 2 dəfə azaldıb. Heç bir tərəfə üstünlük verilməməsi barədə razılıqdan sonra azaldılmış vəsait yenidən artırılıb.

Şəffaflıq tələb edən QHT-lər və parlamentarilər isə Komissiyanın verdiyi sözə əməl etməməsindən və yenə də yeni ekspert qrupların iri sənayelərin maraqlarını qorumasından narazıdırlar. Aİ Komissiyası isə öz növbəsində bildirir ki, daxildə ekspertlər olmadığı üçün kənardan məsləhətçilərə ehtiyac var. Komissiya ekspert qrupa yalnız qrupun mandatına uyğun real və sahə üzrə tələb olunan bacarıqları olan namizədləri qəbul etdiyini bildirib.

Vətəndaş cəmiyyətinin təmsil olunmamasının səbəbi QHT-lərdən kifayət qədər müraciətin daxil olmamasıdır. Komissiya söz verdiyi kimi ekspert qrupların tapşırıqları, üzvlüyü və gördükləri iş haqqında onlayn məlumat yaymaqla şəffaflığa əməl etdiyini bildirib.

Mülahizələr fərqlidir

Komissiya və şəffaflıq istəyən QHT-lərin fərdin və ya təşkilatın ekspert qrupunda təmsilçiliyi ilə bağlı mülahizələri fərqlidir. "Alter-EU" təşkilatı "CARS 2020" ekspert qrupunun 63%-nin iri şirkətlərin maraqlarını qoruduğunu bildirib. "CARS 2020" ekspert qrupu Avropanın avtomobil bazarında rəqabətə davamlılığı qorumaq məqsədilə yaradılıb. Komissiya isə bildirir ki, "CARS 2020" qrupunda şirkətlərə və vətəndaş cəmiyyətinə tam bərabər yer verilib.

Büdcə komitəsinin parlamentariləri ayın sonunda təklif olunan düzəlişlərlə bağlı səs verəcəklər. Təklif oktyabr ayındakı plenar sessiyada yenidən səsə qoyulacaq.


MÖVZU İLƏ BAĞLI XƏBƏRLƏR
Top xəbərlər
DİGƏR XƏBƏRLƏR
14/10 15:44Avropa Məhkəməsi "Perinçek" işi ilə bağlı son sözünü deyəcək12/10 16:07Suriya müharibəsi və onun kökləri: qısa arayış01/10 11:53Şərqi Avropa və Qafqazdakı "dondurulmuş münaqişələr" Avropa Parlamentində müzakirə olundu28/06 16:55Brüsseldə Avropa Oyunlarına həsr edilmiş layihə çərçivəsində yekun tədbir keçirilmişdir29/05 21:48Rotterdamda Respublika günü qeyd edildi27/02 13:09Xocalı faciəsi yəhudi muzeyində anıldı09/01 13:15Parisdəki terror aktı MS-in gözü ilə09/01 11:02 Parlament "Charli Hebdo" qurbanlarının xatirəsini yad edib