SiyasətEnerjiMövqeBloq
İqtisadiyyatElm və TəhsilMədəniyyət"Rəsm"i mövqe
Siyasət
06 Sentyabr 2014 | 08:22
Ukrayna Avropa Parlamentində müzakirələr mərkəzində
A
A
print
Baxılıb: 535

Avropa İttifaqının (Aİ) Ukrayna böhranına reaksiyası ötən həftə ərzində Avropa Parlamentindəki müzakirələrdə mərkəzi yeri tutub.

Avropa Parlamentinin prezidenti Martin Şults Aİ liderlərinə avqustun 30-da etdiyi müraciətdə Ukraynada gərginliyin artmasının Avropa İttifaqı üçün təhlükəsi və münaqişənin siyasi həll tapması barədə fikirlərini bölüşüb. Şults çıxışında xüsusən bildirib ki, Aİ Ukraynaya bütövlüyünü və müstəqilliyini saxlamaq üçün lazımi iqtisadi və siyasi dəstəyi təmin etməli, böhranın həllində daha böyük rol oynamalıdır.

Şultsun mövqeyi Parlamentin xarici işlər komitəsinin ilk toplantısında əks-səda yaradıb. Sentyabrın 2 və 3-də keçirilən toplantılarda komitənin sədri Elmar Brok bildirib ki, Ukraynaya yardımın verilməsi tezləşdirilməlidir.

Toplantıda çıxışçı qismində iştirak edən Avropa Komissiyasının Ukraynaya dəstək qrupunun rəhbəri Piter Balas (Peter Balas) və ATƏT-in Ukraynada monitorinq üzrə rəhbəri Ərtoğrul Apakan bildiriblər ki, Ukraynada humanitar bərpa və yenidənqurma işləri bir neçə milyard avroya başa gələ bilər.

Xarici işlər komitəsi İtaliyanın xarici işlər naziri və Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerinini (Federica Mogherini) İtaliyanın Rusiya-Ukrayna münaqişəsinə yanaşması ilə əlaqədar sorğu-suala tutublar. Moqerini bəyan edib ki, İtaliyanın Avropa İttifaqı Şurasına sədrliyinin yaxın 6 ay üçün əsas məqsədi Ukrayna, Moldova və Gürcüstanla Assosiasiya Müqavilələrinin həyata keçirilməsidir.

Avqustun 30-da Avropa Parlamentinin prezidenti Martin Şults və Ukrayna prezidenti Petro Poroşenko arasında əldə edilən razılığa əsasən, xarici işlər komitəsi Assosiasiya Müqaviləsini Parlamentin tezləşdirilmiş proseduruna uyğun olaraq bazar ertəsi -sentyabrın 7-də təsdiq edəcək. Martin Şults Ukraynanın prezidenti Petro Poroşenko və baş nazir Arseniy Yatsenyuk ilə sentyabrın 10-da Kiyevdə görüşəcək.

Federika Moqerini həmçinin komitə üzvlərinə bildirib ki, Aİ-nin Rusiya ilə strateji əməkdaşlığına son qoyulub və Avropa Komissiyası Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırlayır. Sanksiyalar paketi sentyabrın 5-də üzv dövlətlər tərəfindən təsdiq edilib və bazar ertəsi qüvvəyə minəcək. Bununla yanaşı, Moqerini Rusiyanın “Cənub Axını” qaz borusunun Aİ-nin Rusiyadan asılılığını artırmasına baxmayaraq, enerji təhlükəsizliyi üçün əhəmiyyət daşıdığını bildirib.

Avropa Parlamentinin xarici ticarət komitəsinin suallarına cavab verən İtaliyanın iqtisadi inkişaf naziri Karlo Kalenda isə (Carlo Calenda) deyib ki, söhbət Aİ-nin təhlükəsizliyindən gedəndə, xarici siyasət ticarət siyasətindən daha üstün tutulmalıdır.

Bundan əlavə, Rusiyanın Avropa məhsullarının idxalına qoyduğu qadağadan əziyyət çəkən Aİ fermerləri və süd məhsulları istehsalçılarının Rusiyaya qarşı sanksiyalara etiraz etməsi sentyabrın 3-də keçirilən kənd təsərrüfatı komitəsində müzakirə edilib. Komitəyə üzv olan avroparlamentarilər İtaliyanın təsərrüfat naziri Mauritsio Martinanı (Maurizio Martina) zərərçəkənlərə yardımın göstərilməsi üçün daha böyük cəhdlər etməyə çağırıblar. Cənab Martina bildirib ki, İtaliyanın sədrliyi dövründə artıq qəbul olunmuş yardım tədbirlərinin daha da genişləndirilməsi üçün səylər göstərəcək və itkilər vermiş istehsalçılara təzminatın verilməsini təmin edəcək, eləcə də Aİ-nin gələcəkdə bu cür böhranlara çevik reaksiya vermək qabiliyyətini gücləndirəcək.


MÖVZU İLƏ BAĞLI XƏBƏRLƏR
Top xəbərlər
DİGƏR XƏBƏRLƏR
14/10 15:44Avropa Məhkəməsi "Perinçek" işi ilə bağlı son sözünü deyəcək12/10 16:07Suriya müharibəsi və onun kökləri: qısa arayış01/10 11:53Şərqi Avropa və Qafqazdakı "dondurulmuş münaqişələr" Avropa Parlamentində müzakirə olundu28/06 16:55Brüsseldə Avropa Oyunlarına həsr edilmiş layihə çərçivəsində yekun tədbir keçirilmişdir29/05 21:48Rotterdamda Respublika günü qeyd edildi27/02 13:09Xocalı faciəsi yəhudi muzeyində anıldı09/01 13:15Parisdəki terror aktı MS-in gözü ilə09/01 11:02 Parlament "Charli Hebdo" qurbanlarının xatirəsini yad edib