Eunews :: Bloq

Fransa-Rusiya: hərbi gəmilərin taleyi necə olsun?
18/11/2014

Rusiyanın Krımı anneksiya etməsindən sonra Paris Rusiya silahlı qüvvələri üçün tikdiyi iki “Mistral” tipli hərbi gəmini sifarişçiyə çatdırmaqdan imtina edir. Rəsmi ritorikada bu, “Rusiyanın ədalətli mövqeyə qayıtmasına qədər gəmilərin çatdırılmasının təxirə salınması”dır. Moskva isə daha gözləmək istəmir. Ötən həftə Kremlin Parisə noyabrın sonunadək vaxt qoyduğu, gəmilərin çatdırılmayacağı halda beynəlxalq arbitraja müraciət edəcəyi ilə hədələdiyi xəbəri yayıldı. Fransa bir tərəfdən müqavilə öhdəlikləri, digər tərəfdən də qərbli müttəfiqlərinin tələbləri arasında çıxılmaz vəziyyətdə qalıb. Söhbət 1.6 milyard dollarlıq sifarişdən, 1000 iş yerindən və beynəlxalq etibardan gedir.

Odur ki, Paris Rusiya variantına alternativlər axtarmaqdadır. Hazırda ən ağlabatan versiya Kanada versiyasıdır. Fransa prezidenti Fransua Olland noyabrın əvvəlində Kanadaya səfər edərkən gəmiləri istehsal edən, hərbi dəniz sənayesi nəhəngi DCNS-in nümayəndəsini də özü ilə aparmışdı. Bu məsələ kanadalıların gəmiləri almaqda maraqlı olduğu ilə bağlı söhbətlərə yol açdı. Kanadanın hərbi dəniz qüvvələrini müasirləşdirməkdə olduğu faktı məsələni inandırıcı edən məqamlardandır. Ordusunu daha çox ABŞ müdafiə sənayesi ilə təchiz edən Kanada təchizatın diversifikasiyasında da maraqlıdır. Qeyd edək ki, iki gəmidən biri - “Vladivostok” buzlu sularda manevr etmək qabiliyyətindədir ki, bu da Kandanın coğrafi şəraitinə uyğun tələblərinə cavab verir.

Rusiyaya çatdırılmayacaq gəmilərin üçüncü ölkəyə satılması göründüyü qədər asan olmaya bilər. Yuxarıda adı çəkilən “Vladivostok” gəmisinin bəzi hissələri Rusiya müdafiə sənayesi tərəfindən hazırlanıb və gəminin satışı zamanı Moskvanın razılığı tələb oluna bilər.

Gəmilərin alınması məsələsi hələ may ayında sabiq senator Hyu Seqal (Hugh Segal) tərəfindən irəli sürülmüşdü. Baş nazir Stefen Harper (Stephen Harper) bu sövdələşməyə müsbət yanaşdığını bildirib. Bunun həyata keçməsində Kanada ukraynalıları konqresi baş nazirə təzyiq göstərmək iqtidarındadır. 2015-ci ilin Kanadada seçki ili olduğunu nəzərə alsaq, bunun nə dərəcədə real olduğunu da görə bilərik. Bundan əlavə, son seçkilərdə ABŞ Senatında üstünlüyə yiyələnmiş respublikaçıların da Kanadaya təzyiq göstərəcəyi güman olunur.

Hələlik isə Rusiyanın Fransaya verdiyi vaxtın bitməsi ilə nələrin baş verəcəyini gözləmək qalır. 

Yalçın Məmmədov

http://eunews.az/bloq/20141118075948406.html