Eunews :: Mədəniyyət

Elgin Marbles üçün Türkiyədən Yunanıstana dəstək gəldi
07/12/2014

Türkiyə Elgin Marbles və ya Partenon Marbles adı ilə tanınan qədim yunan heykəltaraşlıq nümunəsinin Britaniyadan geri alınmasına dəstək oldu. Bu tarixi əsər 19-cu əsrdə Afinadan aparılmışdı.  Məlumatı “France 24” yayıb.

1803-cü ildə Lord Elgin tərəfindən mənimsənilən əsərin Yunanıstana qaytarılması məsələsi yenidən gündəmə gəlib. Belə ki, britaniyalılar əsəri dekabrın 6-dan yanvarın 18-nə kimi Rusiyanın Ermitaj muzeyinə icarəyə verib.

Gözlənilməz dəstək Türkiyə baş naziri Əhməd Davutoğlu tərəfindən gəlib. Yunanıstanlı həmkarı Antonis Samaras ilə görüşdə Davutoğlu “Biz Yunanıstanın öz tarixini geri alıb, Akropolis muzeyinə qaytarması cəhdlərini dəstəkləyirik. Millətin mədəniyyətini təmsil edən nümunələrin geri qaytarılmasını istəməsi çox vacibdir”, - deyə bildirib.

Belə bir vəziyyətin yaşanması Britaniya üçün bir ilkdir. Nəzərə alınsa ki, Britaniya Aİ ilə birgə Rusiyaya qarşı sanksiyalara qoşulub, ümumiyyətlə bu cür addım atması, böyük suallar yaradır.

Yunanıstan əsərin geri verilməsini tələb edir. Samaras bu addımı “Yunanlara qarşı bir addım” kimi qələmə verib. Ermitajın direktoru Mixail Pyotrovski icarənin muzeyin 250-ci ildönümü üçün edildiyini söyləyib.

Qeyd edək ki, Yunanıstan Yunesko və Britaniya arasındakı danışıqların nəticələrini gözləyir.

Bundan əlavə, Yunanıstan və Türkiyə baş nazirlərinin görüşü zamanı həmçinin iqtisadi əməkdaşlıq və Türkiyənin Aİ-yə namizədliyi məsələsi müzakirə olunub.

Türkiyənin Aİ-yə üzvlüyünün ləngiməsi səbəbi kimi həmçinin Kipr adasının iki hissəyə parçalanması göstərilir. Bu ada 1974-cü ildən etibarən iki ölkə arasındakı münaqişə səbəbindən bölünüb.

Türkiyə hazırda rəsmi Nikosianın dənizdə hidrokarbon yataqlarının icazəsiz işlənməsinə qarşıdır. Lakin ümid edir ki, qeyd edilən kəşfiyyat və qazma işləri icazəli şəkildə həyata keçirilməyə başlanacaq.

http://eunews.az/culture/20141207034837113.html