Eunews :: Enerji

TTİP danışıqları 2015-ci ilin sonuna kimi yekunlaşmalıdır
20/12/2014

Brüsseldə keçirilən sonuncu sammitdə Aİ liderləri bildiriblər ki, ABŞ ilə bağlanacaq ticarət müqaviləsinin danışıqlarının 2015-ci ilin sonuna kimi yekunlaşmasının tərəfdarıdırlar. Bu haqda “EUobserver” yazır.

“Hədəf 2015-ci ildir”, - deyə Avropa Komissiyası prezidenti Jan-Klod Yunker bildirib.

Qeyd edək ki, Aİ və ABŞ-ın ticarət üzrə məsul şəxsləri fevral ayında Vaşinqtonda görüş keçirməyi planlaşdırırlar. Müqavilə imzalanarsa, Aİ üçün ÜDM-dən əlavə, 100 milyard avro gəlir gətirəcəyi düşünülür.

Trans-Atlantik Ticarət və İnvestisiya Tərəfdaşlığı (TTİP) bir çox sahələrdə inkişafa səbəb olacaq, o cümlədən hər iki tərəf üçün ticarət baryerlərinin aradan qaldırılmasına imkan yaradacaq.

TTİP 2014-ci ildə böyük məşhurluq əldə etsə də, ətrafında müəyyən qeyri-müəyyənliklər var. Tənqidçilər “invesitisiyalar üzrə dövlət mübahisələrinin həlli” adlanan müddəaya toxunurlar. Belə ki, əgər dövlət ictimai mənafeni gəlirdən daha çox güdsə, o zaman şirkətlər hüquqa müraciət edə bilər. Məhz bu səbəbdən Komissiya bu müddəa üzrə məsləhətçilərə üz tutub.

Sammitdən öncə Böyük Britaniya baş naziri Devid Kemeron da bu məsələləri müzakirə etmək üçün  İtaliya, İspaniya, Danimarka, Polşa, Latviya və Finlandiya liderləri ilə görüşüb.

Yunker öz növbəsində Aİ qanunlarına sadiq qalacağını bildirib.

Daha dəqiq mövqe ilə ticarət üzrə komissar Sesilia Malmştröm çıxış edib. Onun sözlərinə görə, layihənin 2015-ci ilin sonuna hazır olması inandırıcı deyil.

2016-ci ildə ABŞ-da prezident seçkiləri keçiriləcəyini nəzərə alaraq, TTİP-in daha sonraya saxlanılacağını düşünmək olar.

Qeyd edək ki, həm ABŞ konqresi, həm də Avropa Parlamenti saziş qüvvəyə minmədən öncə onu ratifikasiya etməldirlər.

http://eunews.az/energy/20141220115258791.html