Eunews :: İqtisadiyyat

Fransada işsizlik yeni rekord həddə çatıb
26/12/2014

Rəsmi statistikaya görə, Fransada işaxtaranların sayı rekord yüksək səviyyəyə çatıb. Noyabrda işaxtaranların sayı 27,400 nəfər artaraq indiyədək ən yüksək səviyyəyə - 3,488,300 nəfərə çatıb. Bu isə o deməkdir ki, işsizlərin sayı ötən illə müqayisədə 5,8% artıb. Bu barədə BBC xəbər verir.

İddiaçıların sayı noyabrda artıq 3-cü aydır ki, ardıcıl olaraq artıb. Hökumət isə bu il iqtisadi artımın 0,4% olacağını proqnozlaşdırıb. Statistika sosial müavinət və iş üçün milli işsizlik agentliyinə müraciət edənlərin sayına əsasən hesablanıb.

Beynəlxalq Əmək Təşkilatının sorğulara əsasən hazırladığı digər statistikaya görə, bu ilin 3-cü rübündə Fransada işsizlərin sayı 2,84 milyon nəfərə çatıb. Bu isə o deməkdir ki, işsizliyin səviyyəsi 9,9% olub.

Daha çox iş yerinin yaradılması 2012-ci ildə seçilən prezident Fransua Ollandın seçki kampaniyasının əsasını təşkil edirdi. Bu yaxınlarda o, istəyinə nail olmasa, 2017-ci ildə namizədliyini bir də verməyəcəyini bildirmişdi.

İqtisadi durğunluğu aradan qaldırmaq üçün son addımlardan biri də dekabrda atılıb. Fransanın baş naziri Manuel  Vals və iqtisadiyyat naziri Makron bazar günləri fəaliyyət göstərən şirkətlərlə bağlı plan açıqlayıblar. Yeni islahatlara görə, rəqabəti artırmaq üçün qanunla tənzimlənən sektorlarda da vəzifə tutmaq asan olacaq. Tam icra olunacağı təqdirdə belə, sözügedən derequlyasiya strategiyasının uğurlu olacağı hələlik naməlumdur. Parisdə minlərlə insan, hətta hakim Sosialist Partiyasının üzvləri sözügedən islahatlara etiraz etmişdilər.

http://eunews.az/economy/20141226095859558.html