Eunews :: Siyasət

Ukraynada daha 3 əsgər öldürülüb
08/01/2015

Yanvarın 7-də Kiyev ordusu bildirib ki, ötən gün ərzində rusyönümlü separatçılar 3 ukraynalı əsgəri öldürüblər. Sentyabrdan imzalanan atəşkəs əvvəlki kimi yenə də pozulub. Xəbəri "Reuters" yayıb.

Hadisə Ukrayna və Rusiyanın şərq ortodoks milad bayramını qeyd etdiyi vaxta təsadüf edib. Eyni zamanda, Şərqi Ukraynada sülhün bərpası üçün gələn həftə Qazaxıstanda sammit keçirilməsi planlaşdırılır. 4700-dən çox insanın ölümünə səbəb olan münaqişədə irimiqyaslı toqquşma nisbətən azalıb. Sakit Yeni il bayramı və ortodoks milad ərəfəsində arabir döyüşlər davam edib.

Ukrayna ordusunun nümayəndəsi Andrey Lisenkonun sözlərinə görə, əsgərlərdən biri snayperlə, digər ikisi minaatan və başqa atıcı silahlarla Donetsk sənaye şəhərindəki beynəlxalq hava limanı yaxınlığında öldürülüb. "Ötən sutkada şərqdə ciddi dəyişiklik yoxdur. Terrorçular atəşkəsi pozaraq anti-terror qüvvələrinə qarşı təxribat xarakterli hücum ediblər", - Lisenko deyib.

Separatçılar hökumət qüvvələri ilə yeni toqquşma olduğunu təsdiqləməyiblər.

Diplomatik cəbhədə isə yanvarın 15-i Ukrayna prezidenti Petro Poroşenkonun Rusiya prezidenti Vladimir Putin, Fransa və Almaniya liderləri ilə görüşəcəkləri gözlənilir. Dayanıqlı sülhü təmin etməyə yönələn növbəti danışıqlar Qazaxıstanın paytaxtı Astanada aparılacaq. Ukrayna və Fransa bildirib ki, real nəticəyə ümid olsa, Qazaxıstan görüşü baş tutacaq.

Separatçılar Şərqi Ukraynada özlərinin "xalq respublikalarını" elan ediblər. Ukrayna və Qərb müttəfiqləri Rusiyanı separatçıları dəstəkləməməyə, silah və hərbi texnikanı geri çəkməyə çağırır. Rusiya isə öz qüvvələrinin münaqişədə rol oynadığını inkar edir.

http://eunews.az/politics/20150108102539087.html