Eunews :: Siyasət

Ukrayna "humanitar fəlakət"in astanasındadır
09/01/2015

Yanvarın 8-də humanitar yardım agentlikləri bildiriblər ki, Ukrayna münaqişəsinə görə 1 milyondan çox insan evlərindən didərgin düşüb. Bu isə ölkəni humanitar fəlakətə sürükləyir. Xəbəri "Reuters" yayıb.

BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsi (OCHA) göstərir ki, Ukrayna daxilində 610 min nəfər evlərindən didərgin düşüb, 594 min nəfər isə qonşu ölkələrə qaçıb. BMT bildirir ki, Ukraynada 5,2 milyon insan münaqişə zonasında yaşayır. Bunlardan 1,4 milyonu son dərəcə müdafiəsizdir. Bu adamlar maliyyə çətinliyi, xidmət və humanitar yardımdan məhrum olmaları və sərt qış şəraitinə görə ehtiyac içindədirlər. Ukrayna və rusyönümlü separatçılar arasında münaqişədə ötən il 4700-dən çox insan ölüb. Rusiya ilə Qərb arasında qarşıdurma Soyuq Müharibədən sonra ən pis həddə çatıb.

"Amnesty İnternational" təşkilatının Avropa və Mərkəzi Asiya üzrə direktor müavini Denis Krivoşeyev bildirib ki, separatçıların əllərində olan Luqansk və Donetsk əyalətlərində sakinlər, xüsusən əsirlikdə olanlar ərzaq və dərmanla güclə təmin olunurlar.

"Bunu humanitar fəlakət adlandırmaq hələ tez olsa da, aydındır ki, artıq buna doğru gedirik", - Krivoşeyev elektron poçtla "Reuters" xəbər agentliyinə bildirib.

Kiyevyönümlü könüllü batalyonlar humanitar yardım, ərzaq və dərmanın Şərqi Ukraynada ehtiyac içində olanlara çatdırılmasına mane olurdular. "Dözülməz həyat şəraiti yaratmaq yeni oyuna çevrilib. Müharibə üçün vətəndaşların aclığına əl atmaq hərbi cinayətdir. Bu batalyonlar çox vaxt "xain dəstələr" kimi hərəkət edirlər. Bunlar təcili nəzarətə götürülməlidir", - Krivoşeyev deyib.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (UNCHR) bildirir ki, Kiyev ödənişləri yalnız hökumətin nəzarətində olan bölgələrə köçürmək qərarına gəlib. Bununla da Şərqi Ukraynada sosial müavinətlər, təqaüd məsələsi ciddi problemə çevrilib.

UNCHR nümayəndəsi Uilliam Spindler deyib ki, evlərini tərk edə bilməyənlər, qocalar və xəstələr, təşkilatlara sığınanlar lazımi köməyi ala bilmirlər.

Humanitar yardım təşkilatları hökumətə qarşı vuruşan silahlı qüvvələrin nəzarətindəki bölgələrə çıxışı məhdudlaşdırıblar. Bu isə vəziyyəti bir qədər də çətinləşdirir.

Xatırladaq ki, ötən ilin fevralında Kiyev etirazlarından sonra Moskvanın dəstəklədiyi prezident vəzifədən uzaqlaşdırıldı. Bununla da böhran başladı. Qərbyönümlü prezident hakimiyyətə gəldi və sabiq sovet respublikasının Avropaya inteqrasiya olunacağına söz verdi. Bununla da, Kiyev və onu dəstəkləyən Qərb Ukraynanı siyasi və iqtisadi təsir dairəsində saxlamaq istəyən Rusiya ilə qarşıdurmaya girdi.

http://eunews.az/politics/20150109105456549.html