Eunews :: Mədəniyyət

Rotterdamda Respublika günü qeyd edildi
29/05/2015

Mayın 29-da AYAPE-nin təşkilatçılığı ilə 28 May - Respublika günü Rotterdamda təntənəli şəkildə qeyd edilmişdir. Tədbirdə Rotterdam şəhərinin bələdiyyə məclisinin üzvləri və dövlət xadimləri, şəhər ictimaiyyətinin nümayəndələri, Avropa Parlamentində və digər beynəlxalq qurumlarda təcrübə keçən azərbaycanlı gənclər, eləcə də Niderland Krallığında təhsil alan azərbaycanlı tələbələr və xarici qonaqlar iştirak etmişlər.

Tədbir zamanı qeyd edilmişdir ki, Azərbaycan qısa müddətdə nəinki Cənubi Qafqaz bölgəsində lider dövlətə çevrilmiş, həm də dünyanın inkişaf edən ölkələri sırasında layiqli yerini tutmuşdur.

AYAPE təşkilatının əməkdaşları Azərbaycan ilə Niderland Krallığı arasında münasibətlərin inkişaf etdiyini, bunun üçün ciddi əsaslar olduğunu, Niderland Krallığı ilə Azərbaycan arasında sıx əlaqələr yarandığını qeyd etmişdilər. Sürətli inkişafına və təbii ehtiyatlarına görə, müxtəlif təşkilatların öz məlumatlarında Azərbaycana mühüm yer ayırdıqları xüsusi vurğulanmışdır. Azərbaycanın enerji sahəsində Avropa İttifaqı ilə hərtərəfli əməkdaşlıq etdiyini xatırladarq iqtisadiyyatın digər sahələrində də əlaqələrin mövcudluğundan bəhs etmişdilər.

Görüş zamanı azərbaycanlı gənclər və diplomatlar yaxından tanış olmaq, Niderland Krallığında təhsil və iş təcrübəsi ilə bağlı fikirlərini paylaşmaq imkanı qazanmışdılar. Tədbir iştirakçıları üçün Azərbaycan Demokratik Respublikası tarixi ilə bağlı təqdimat, sonra isə tələbələr arasında viktorina keçirilmişdir. Suallara cavab verənlər hədiyyələrlə mükafatlandırılmışdılar.

Mərasimin sonunda xalqımızın milli bayramı münasibətilə ziyafət verilmişdir.

Qeyd edək ki, tədbir ARDNŞ-ın Belçika nümayəndəliyi sponsorluğu ilə baş tutub.

http://eunews.az/culture/20150629054818684.html