SiyasətEnerjiMövqeBloq
İqtisadiyyatElm və TəhsilMədəniyyət"Rəsm"i mövqe
Mövqe
19 Noyabr 2013 | 21:20
Frank Şvalba Hot: “Əminəm ki, sizin ölkə yeni ümumi düşüncənin ərəfəsindədir”
A
A
print
Baxılıb: 918

Müsahibimiz alman siyasi analitik və strateq, keçmiş avroparlamentari, yaşıllar partiyasından Avropa Parlamentində ilk deputat Frank Şvalba Hotdur (Frank Schwalba-Hoth).

Siz Alman Yaşıllar Partiyasının qurucu üzvlərindən biri olmusunuz və siyasi kariyeranızın əhəmiyyətli hissəsini Avropa İttifaqı (Aİ) daxilində və xaricində ekoloji maarifləndirmə işlərinin təşviqatına həsr etmisiniz. Bu baxımdan, Cənubi Qafqaz ölkələri və xüsusilə Azərbaycan vətəndaşları arasındakı ekoloji maarifləndirmə necə inkişaf etdirilə bilər ki, bu proses dövlət orqanları tərəfindən əhaliyə məcburi surətdə aşılanmasın, sıravi vətəndaşlardan və vətəndaş cəmiyyətindən qaynaqlanan bir prosesə çevrilsin?

Bu, əlbəttə ki, cəmiyyət üçün ən çətin vəzifələrdən biridir. Bütün fərdlər, ailələr və cəmiyyət üçün ilk narahatlıq həyatda qalmağı davam etdirməkdir. Bu tələbatlar müəyyən qədər təmin olunduqdan sonra dəyərlər, başqalarına hörmət, davamlı davranış, davamlı inkişaf kimi digər prioritetlər tədricən əhəmiyyət qazanmağa başlayır. Almaniya İkinci Dünya Müharibəsindən sonra, 1980-cı illərdə bu yanaşma cəhətdən “yetişmiş” vəziyyətə gəldi. Bundan əlavə, ekoloji tənəzzül prosesi artıq ən cahil insanlara belə aydın oldu.

Azərbaycan da bütün bunların içində? İqtisadi baxımdan kifayət qədər sürətlə inkişaf edirsiniz - orta təbəqə isə artmaqdadır. Bu insanların çoxu üçün təməl ehtiyacların qaneediciliyi deməkdir. Deməli, daha geniş konteksdə düşünmək vaxtı gəlib: “mənim və ya bizim faktiki həyat tərzimiz və mənim ekoloji cəhətdən qoyduğum iz, gələcək nəsilə layiqli həyat yaşamaq üçün imkan verəcək, yaxud bizim inkişafın əsaslarını dağıdacaq (su, hava, torpaq, iqlim, sosial həmrəylik və s.). Bu səbəblə, əminəm ki, sizin ölkə yeni ümumi düşüncənin ərəfəsindədir; “gəlin, daha çox ətraf mühit dostu olaq”.

Siz, demək olar ki, Brüsselin ən böyük şəbəkəyə malik olan siyasi strateqisiniz və müxtəlif dərəcəli peşəkarlar üçün şəbəkələşmə gecələrinin, eləcə də təlim - təcrübə proqramlarının təşkil olunmasında böyük təcrübəyə maliksiniz. Avropa Parlamenti və digər Avropa İnstitutlarında təcrübə keçən azərbaycanlı gənclərə təcrübə proqramı zamanı və təcrübədən sonrakı dönəm üçün hansı məsləhətləriniz var? Ümumiyyətlə, bu təcrübə proqramını necə qiymətləndirirsiniz? Sizcə, bu proqram Azərbaycanda insan kapitalının inkişafına hansı töhfələr verə bilər?

Brüsseldə Avropa siyasətinə cəlb olunduğum 29 il ərzində beynəlxalq fəalların əksəriyyətinin 18, 20 və ya 25 yaşlarında mühüm həyat təcrübəsi yaşadığını kəşf etdim: onlar bir ay və ya daha uzun müddət ərzində ailə və dostlarından uzaqda, başqa ölkədə yaşamaq imkanına malik olublar. Köklərindən belə qısamüddətli uzaqlaşma onlara müsbət şok yaşadıb. Yeni təəssüratlar, yeni fikirlər və yeni insanlar onların şəxsiyyətinin formalaşmasında böyük rol oynayıb. Bu, onlara daha tolerant və daha hörmətcil olmağı öyrədib. 

Avropa Parlamentində 14 azərbaycanlı gənc ilə olmaq çoxsaylı kiçik sürprizlərlə doludur: onlar dəyişib, daha açıq düşüncəli, daha sərbəst olublar. Hər biri bir neçə gün ərzində yüzlərlə vizit kartı alıb. Hər gün onları müxtəlif ölkələrdən olan həmkarları ilə görürəm. Düşünürəm ki, təcrübə proqramının sonunadək onlar daha da yetkin və püxtələşmiş olacaqlar.

Vətəniniz Almaniya iqtisadi inkişaf baxımından Avropada ən uğurlu dövlətdir. Şübhəsiz ki, alman təhsil sistemi bu uğurda həlledici rol oynayır. Sizin fikrinizcə, yaxın gələcəkdə Almaniyanın iqtisadi nailiyyətini təkrarlamaq üçün Azərbaycan hansı əsas təhsil islahatlarını həyata keçirə bilər?

Sizin sualınızın 3 cavabı var: 

Birincisi: Almaniyada çox effektiv təhsil elementi var – bu, orta peşə hazırlığı sistemidir. Xüsusilə, sənaye, maşınqayırma, kənd təsərrüfatı, səhiyyə, sosial, kommersiya və ictimai idarəetmədə üç illik peşə hazırlığı buna daxildir. O da öz növbəsində, praktiki (müəssisə və ya təşkilat tərəfindən işə götürülməklə) və nəzəri  (həftədə bir gün dərs) hissələrə bölünür. 

İkincisi: Öyrənmə tərzini dəyişməklə. Almaniya və Skandinaviya ölkələrində müəllim və professorlar sakitcə dinləyən və qeydlər götürən tələbələr qarşısında getdikcə daha nadir hallarda danışırlar. Bunun yerinə, müəllim heyəti verilən mövzu ətrafında diskussiyalar aparır və bununla da, tələbə və şagirdləri öz cavabları və nəticələri ilə çıxış etməyə yönləndirir. Bu, insanın öz düşüncə məhsulunun onun beyninə daha möhkəm həkk olunması təcrübəsinə əsaslanır.

Üçüncüsü: Siz Yeni Zenlandiya nümunəsini həyata keçirə bilərsiniz. 1980-ci ildə onlar yeni seçki sistemi axtararkən "Seçki İslahatları üçün Kral Komissiyası"nı müxtəlif ölkələrə göndərdilər ki, dünya miqyasında müxtəlif modellərə baxsın. Komissiyanın hazırladığı təkliflər parlamentə və hökumətə təqdim olundu və qəbul edildi. Mən məsləhət görərdim ki, siz də müxtəlif ideyaları araşdırmaq üçün "Təhsil İslahatları üçün Xüsusi Komissiya" göndərin. Avropa İttifaqının təcrübəsi göstərir ki, heç də həmişə "təkəri yenidən kəşf etmək" gərək deyil, bəzən başqa yerlərdə nələrin yaxşı işlədiyinə baxmaq və onu öz ölkənə ötürmək də kifayətdir.

 

Faiq Abbasov
Enerji təhlükəsizliyi üzrə PhD namizəd,
University of Sheffield


Top xəbərlər
DİGƏR XƏBƏRLƏR
14/10 15:44Avropa Məhkəməsi "Perinçek" işi ilə bağlı son sözünü deyəcək12/10 16:07Suriya müharibəsi və onun kökləri: qısa arayış01/10 11:53Şərqi Avropa və Qafqazdakı "dondurulmuş münaqişələr" Avropa Parlamentində müzakirə olundu28/06 16:55Brüsseldə Avropa Oyunlarına həsr edilmiş layihə çərçivəsində yekun tədbir keçirilmişdir29/05 21:48Rotterdamda Respublika günü qeyd edildi27/02 13:09Xocalı faciəsi yəhudi muzeyində anıldı09/01 13:15Parisdəki terror aktı MS-in gözü ilə09/01 11:02 Parlament "Charli Hebdo" qurbanlarının xatirəsini yad edib