SiyasətEnerjiMövqeBloq
İqtisadiyyatElm və TəhsilMədəniyyət"Rəsm"i mövqe
Mövqe
31 Oktyabr 2014 | 18:27
Xəzər İbrahim: "Azərbaycan özünə güvənir və imkanlarını gücləndirir"
Photo: Mission of Azerbaijan to NATO
A
A
print
Baxılıb: 1103

Azərbaycanın NATO yanında daimi nümayəndəliyinin rəhbəri Xəzər İbrahim eksklüziv olaraq "eunews.az"ın suallarını cavablandırıb.

NATO-nun yeni baş katibi özü ilə nə yeniliklər gətirəcək və bu, NATO-Azərbaycan münasibətlərinə birbaşa və dolayısı ilə necə təsir edə bilər?

NATO-ya yeni baş katibin təyin olunmasının NATO-Azərbaycan münasibətlərinə köklü bir təsir edəcəyini düşünmürəm, çünki NATO-Azərbaycan münasibətləri şəxslərə bağlı deyil. Bu, ümumiyyətlə, dərin, praktiki əməkdaşlığa və maraqlara arxalanan münasibətdir, əsası 90-cı illərin əvvəllərində qoyulub. Bildiyiniz kimi, 1994-cü ildən Azərbaycan “Sülh naminə əməkdaşlıq” proqramına qoşulub. Ondan sonra bir sıra digər əməkdaşlıq proqramları daqəbul olunub. “Planlaşdırma və analiz prosesi”, “Fərdi tərəfdaşlıq və əməliyyat planı” və s. bu tipli proqramlar çərçivəsində Azərbaycan NATO ilə sıx əməkdaşlıq edir. Bunun da əsası odur ki, NATO Azərbaycanla əməkdaşlıqda maraqlıdır, çünki Azərbaycan strateji regionda yerləşir və faktiki töhfə verəcək bir dövlətdir. Belə ki, Azərbaycanın əzmi var, bundan irəli gələrək, Azərbaycan Avropa dövlətləri və Avroatlantik qurumlarla, münasibətlərini dərinləşdirmək, genişləndirmək və təbii ki, milli maraqlarına söykənərək inkişaf elətdirmək fikrindədir. Bu səbəbdən, hər hansı şəxsin dəyişməsi bu münasibətlərə köklü dəyişikliklər gətirə bilməz.

Siz Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planından (FTƏP) danışdınız. Yeni fəaliyyət planı hazırlanırmı və əvvəlkilərdən nə ilə fərqlənəcək?

Bəli, bununla bağlı artıq iş gedir və müzakirələraparılır. Azərbaycan ictimaiyyətində fəaliyyət planı ilə bağlı yanlış fikir formalaşıb, insanlar düşünürlər ki, hər bir növbəti etapa keçəndə, hansısa yeniliklər olmalıdır. Bu, belə deyil. Plan fazalardan ibarətdir. Fəaliyyət proqramlarının bəzilərinin müddəti 20-30 ildir və ola bilsin ki hətta 6-cı, 7-ci hətta 10-ci FTƏP-də də bu proqramlar öz aktuallığını itirməyəcəkdir. Digər proqramlar isə daha qısa müddətlidirlər, onlar dəyişə bilər. Məsələ tək nizami ordu ilə bağlı deyil, sərhəd qonşuları, fövqəladə hallar və daxili qoşunlara da aid proqramlar var. Onları ölkəmizin maraqlarına uyğun olaraq, NATO ilə qarşılıqlı əlaqələndiririk. Bu da bizə ən yaxşı standartlara yiyələnməyə imkan verir. Ona görə də bu etapda, reallaşdırılan plan, FTƏP-in ilkin fazada başlanılan tətbiqinin davamıdır. Burdan hansısa əlavə bir yenilik gözləmək lazım deyil.  

Bu əməliyyat planlarının qısa müddətli olmasının xüsusi bir mənası var, yoxsa bu ümumiyyətlə standart olaraq belədir?

Elə fəaliyyətlər, elə əməliyyatlar var ki, onlar bir və ya iki ilə bitəcəklər. Biz onlara hər dəfə yenidən baxaraq onları reviziya edirik. Eyni zamanda, beynəlxalq mühit və Azərbaycanın prioritetləri də dəyişə bilər. Azərbaycanın prioritetləri bu dövrdə dəyişməyib. Dəyişmiş olsaydı, təbii ki bu, öz əksini yeni sənəddətapardı. Bu səbəbdən, Azərbaycanın NATO ilə tərəfdaşlığı davamlıdır. Düşünürəm ki, Azərbaycanın digər tərəfdaş ölkələr ilə müqayisədə ən davamlı tərəfdaşlardan biri olduğunu desəm yanılmaram.

Azərbaycanın Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrindəki fəaliyyətinin gələcəyi necə olacaq?

Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin (ISAF) Əfqanıstandakı əməliyyatı bitir. Demək olar ki, bu ilin sonunda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri olmayacaq. Azərbaycanın orada (Əfqanıstanda - red.) olan qüvvələri transformasiya olunduqdan sonra NATO-nun Əfqanıstandakı post-2014 Qətiyyətli Dəstək (Resolute Support) əməliyyatında iştirak edəcəklər. Yəni, Azərbaycan qüvvələri Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin əməliyyatı bu ilin sonunda başa çatdıqdan sonra, növbəti ildən Qətiyyətli Dəstəkmissiyasının tərkibində Əfqanıstandakı mövcudluğunu davam etdirəcək. Bu missiyanın məqsədi birbaşa olaraq döyüş əməliyyatlarda iştirak etmək deyil, bu əməliyyatları həyata keçirəcək Əfqan qüvvələrinə təlim və məsləhət dəstəyi verməkdir. Bu əməliyyatda artıq 14 tərəfdaş dövlətin iştirakı təsdiqlənib.

NATO-nun Azərbaycan silahlı qüvvələrinin müasirləşdirilməsi proqramında iştirakı davam edirmi?

Bəli, davam edir və genişlənir. Yeni layihələr var ki, biz onlara indi yiyələnirik, elələri də var ki, indi təklif olunurlar və biz onların bizim milli maraqlarımıza uyğunluğunu öyrənirik. Burada vacib məqamlardan biri odur ki, bəzi tərəfdaş ölkələr, onlara təklif olunan istənilən əməkdaşlıq proqramını normal qiymətləndirmə aparmadan qəbul edirlər. Bəlkə də onların belə bir qiymətləndirmə aparmağa ehtiyacları və ya çıxış yolları yoxdur.

Azərbaycanın isə resurları da, maraqları da var. Müxtəlif dövlətlərlə hərbi və əlaqəli sahələrdə ikitərəfli əməkdaşlıqlarımız, müvafiq planlarımız və prioritetlərimiz var və biz onlara uyğun seçim etməliyik.

Uels zirvə görüşündən sonra NATO Gürcüstanla əməkdaşlıqda bir addım irəli getmək qərarı aldı. NATO-nun Cənubi Qafqazda mövcudluğunun artmasının bölgə və xüsusən də Azərbaycan üçün təsiri nə ola bilər?

Birincisi Cənubi Qafqaz ölkələrinin xarici siyasətini fərqləndirmək lazımdır. Gürcüstan üzv olmaq istəyir və bunu dəfələrlə deyib. Bu istiqamətdə konkret işlər görülür. Bunun hansı formada öz həllini tapması hələ ki aydın deyil. Təbii ki, Gürcüstan üçün xüsusi paketin hazırlanması realdır. Bununla bağlı Uels sammitində təklif irəli sürüldü və bu, gözlənilən idi. Lakin üzvlüklə bağlı heç bir vəd verilmədi. Bu bir reallıqdır.

Ermənistan, bildiyiniz kimi, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür və bu da tam başqa bir blokdur.

Azərbaycan heç bir bloka qoşulmur. Azərbaycan özünə güvənir və öz imkanlarını gücləndirir. Əgər hansısa dəyişiklik olsa, Gürcüstanın NATO ilə münasibətlərindən yenilik yaransa, bu Cənubi Qafqazın təhlükəsizlik konseptinə öz təsirini göstərə bilər. Lakin hazırda bu özü-özlüyündə dərin və geniş bir dəyişiklik vəd etmir.

Gürcüstan məsələsində qalaraq, ərazi mübahisəsi olan bir ölkənin NATO-ya üzv olması nə qədər realdır? 

Bu baxımdan nə isə demək çətindir, çünki bu, NATO üzv dövlətlərinin qərarıdır və bu qərar siyasi xarakter də daşıya bilər. Prosedur baxımından hər şey çox bəsitdir. İstənilən dövlətin NATO-ya üzv olması üçün bütün üzv dövlətlər onun üzvlüyünə razılıq verməlidirlər. Bu qərara ərazi ilə bağlı mübahisənin təsir edib etməyəcəyini demək çətindir.

Onu deyə bilərəm ki, son dövrlər Gürcüstanla bağlı müzakirələr onu göstərir ki, bu çox mürəkkəb məsələdir.

NATO-nun və NATO qüvvələrinin Xəzərdən Avropaya enerji daşıyıcıları nəql edən strukturları qoruması mümkündürmü?

Hazırda belə bir məsələ gündəmdə yoxdur. Ümumiyyətlə, NATO-nun nə vaxtsa belə bir məsələ ilə məşğul olması haqda məlumatım yoxdur, hətta öz üzv dövlətlərin də belə məlumatı yoxdur.

Yadımdadır ki, bu sualı NATO-nun keçmiş baş katibinə də vermişdiniz və o dedi ki, “Öz üzv dövlətlərimizdə olsa, biz bunu edə bilərik”.Onun cavabına əlavə olaraq deyə bilərəm ki, faktiki olaraq, NATO-nun belə bir məsələ ilə məşğul olması yadımda deyil.

NATO-da “pipeline” anlayışı var, ancaq bu bir az fərqli məfhumdur. Bu, hava limanlarında olan “pipeline”-lardır və NATO artıq uzun müddətdir ki onların müdafiəsi ilə məşğuldur. Burada hansısa dövlətdən digərinə enerji daşıyıcısının nəqlindən söhbət getmir. Bizdə bəzən ictimaiyyətdə yanlış fikir yaranır ki, NATO hər hansı böyük boru xətlərinin müdafiəsi ilə məşğuldur və ya məşğul olacaq.

Digər tərəfdən isə, heç nəyi istisna etmək olmaz. Enerji təhlükəsizliyi məsələsi NATO-nun gündəliyində on il əvvəl yox idi. Ümumiyyətlə, bu haqda müzakirələr belə getmirdi. Eləcə də kiber-təhlükəsizlik məsələsi. Ancaq indi nəinki onlar NATO-nun gündəliyindədir, hətta kiber-hücumlara qarşı fiziki hücum hallarındakı kimi 5-ci maddənin istifadəsi müzakirə olunur.

Artıq dünya nizamında nəzərə çarpacaq dəyişikliklər var. Bu dəyişikliklər Azərbaycanın xarici siyasətinə necə təsir edəcək?

Diplomatiyada planlaşdırma aparmaq vacibdir və biz bununla məşğuluq. Lakin digər tərəfdən, realist olmaq lazımdır və sırf fərziyyələrlə plan qurmaq diplomatiyada müsbət nəticələrə gətirmir. Ona görə də nə isə olsa təbii ki biz öz siyasətimizi buna uyğunlaşdıracağıq. Lakin hər hansı proqnoz vermək çətindir.

Təbii ki, ölkəmiz regionda və ya qlobal miqyasda hər hansı dəyişikliyə hazır olmalıdır və olacaq. Əgər bu gün dünyada Ebola problemi varsa, Azərbaycan bu problemlə mübarizəyə hazır olmalıdır. Burada artıq səhiyyə nazirliyinin də rolu ola bilər. Və ya əgər başqa bir problem yaranacaqsa, ona hazır olmaq lazımdır. Məsələn, kiber-təhlükəsizlik. Öncə də dediyim kimi, 10 il əvvəl Azərbaycanda kiber-təhlükəsizlik, kiber-hücumlardan mübarizə haqda heç kim geniş düşünmürdü. Bu gün isə bu məsələ ilə bağlı yeni strukturlar yaranır ki, Azərbaycan bu tip təhdidlərə cavab verə bilsin.

Digər tərəfdən, əgər əvvəllər terror təhlükəsi bizdə ancaq Ermənistanla bağlı idisə və biz yalnız erməni terroru ilə mübarizə aparmalı idiksə, bu gün bu məsələ daha qlobal hal alıb. Bu gün biz erməni terroru ilə yanaşı, beynəlxalq terrora qarşı mübarizədə öz səylərimizi gücləndiririk.


MÖVZU İLƏ BAĞLI XƏBƏRLƏR
Top xəbərlər
DİGƏR XƏBƏRLƏR
14/10 15:44Avropa Məhkəməsi "Perinçek" işi ilə bağlı son sözünü deyəcək12/10 16:07Suriya müharibəsi və onun kökləri: qısa arayış01/10 11:53Şərqi Avropa və Qafqazdakı "dondurulmuş münaqişələr" Avropa Parlamentində müzakirə olundu28/06 16:55Brüsseldə Avropa Oyunlarına həsr edilmiş layihə çərçivəsində yekun tədbir keçirilmişdir29/05 21:48Rotterdamda Respublika günü qeyd edildi27/02 13:09Xocalı faciəsi yəhudi muzeyində anıldı09/01 13:15Parisdəki terror aktı MS-in gözü ilə09/01 11:02 Parlament "Charli Hebdo" qurbanlarının xatirəsini yad edib